Biz niyə öldürürük?
Dünən, 15:18

Dünən iki xəbərdən sarsıldım. Birinci xəbər təbiətin fəlakəti idi - selin gətirdiyi; ikincisi isə cahilliyin yaratdığı – cəmiyyətin fəlakəti. İkincisinə nə təbii demək olur, nə də süni, amma yox, süni demək mümkündür, çünki zamanla yaradılıb, damla-damla, qətrə-qətrə və bir müddətdən sonra sürətlə sürüklənmişik bu cəhalətə. İndi onun elə dərinliklərindəyik ki, çıxmaq çox böyük zaman alacaq, çıxmaq istəsək...
Gözümüzü açandan bu tərbiyə ilə böyümüşük – “Ər evindən meyitin çıxsın”, “boşanmış qadın kimin nəyinə lazım”, evdən gəlin köçəndə çıraq başına fırladıb qulağına pıçıldamışıq ki, “lal ol, kar ol, kor ol”.... Deyirəm və tüstüm təpəmdən çıxır. Niyə? Öz balanızı niyə göz görə-görə lal, kar, kor edirsiniz? Hələ də bu anormal tabulardan çıxa bilmirik.
Mən ailə dağıtmağın qəti tərəfdarı deyiləm, kompromisə gəlib, dil tapıb, ailəni qoruyub saxlamaq lazımdır, amma həqiqətən o ailədə dil tapıb xoşbəxt olmaq mümkündürsə. Bunu süni surətdə, özünü aldatmaqla etməkdənsə, boşanmaq daha yaxşıdır. Çünki o ailədə uşaqlar da xoşbəxt olmayacaqlar və bu minvalla, bütöv bir xəstə cəmiyyətə çevriləsiyik... çevrilmişik. Bu tabularla böyüdük və müstəqillikdən sonra islamı da əleyhimizə çevirdilər, dini yanlış yeritdilər gənclərin beyninə, guya islam qadına qarşı zorakılığın tərəfindədir, guya qadın tabe olmursa öldürməlisən. Guya qadın müti və kölə varlıqdır. Qətiyyən belə deyil.
Bir tərəfdən də kriminal avtoritetləri cəmiyyətə nümunə sırıdılar, guya kriminal aləmdə olan qayda-qanunlar ailədə də, cəmiyyətdə də keçərlidir. Qadın tabe olmursa, başını kəs, yoxsa kişi deyilsən!
Həmin bu “kişiciklər” bu gün cəmiyyətdə hörmət sahibi, avtoritet olmaq üçün qadınını, uşağını, ata-anasını, bacısını – ailəsini qətlə yetirir. Qadınını öldürən “kişi” dərhal qəhrəman elan edilir – “yəqin bir günahı varmış ki, öldürüb”!
Sivil cəmiyyətlərdə xəyanət ayrılıqla bitir, bizdə qətllə. Bəlkə də heç ortada xəyanət belə yoxdur, amma qətl artıq var.
İndi deyəcəksiniz ki, qadınlar da kişiləri qətlə yetirir, bunun günahkarı kimdir? Əlbəttə, statistik müqayisə belə qüsurludur, lakin az da olsa, belə faktlar var. Aqressiya aqressiya doğurar. Zor zor doğurar. Amma sevgi də doğurmaq mümkündür.
Heysiyyəti tapdanan, təhqir olunan, alçaldılan qadın (yalnız xəyanətdən demirəm) avtoritet olmaq istəyən kişidən daha təhlükəlidir.
Nə yaxşı oldu, bərəkallah, arvadını öldürdü, kişidi bu. Bax, bu ifadə dünən arvadının başını kəsib, sonra da özünü atıb intihar edən kişinin deyil, yalnız o ailənin deyil, cəmiyyətin bədbəxtliyinə aparır.
Bir anlıq düşünün, bir özünüzdə sınayın-üstünüzə aqressiya ilə gələnin üzünə gülümsəyin, əks münasibət göstərin, görün necə “havası” alınacaq, necə peşman olacaq... Mən dəfələrlə yoxlamışam və bundan çox məmnun qalmışam ki, alovun üstünə yanacaq yox, su səpmək necə gözəl nəticə verir. Sevgi! Bu gün cəmiyyətimizdə bu çatmır, bir də təhsil!
Sevgisizlik və təhsilsizlik bizi uçuruma sürükləyir. Ayılaq, lütfən!
Bunda daha kimlərin günahı var, hamıya bəllidir. Bir vaxtlar insan ölümünə yanardıq, kənddə yas düşəndə bir həftə televizora belə baxmazdıq ki, filankəs yasdadır, ondan ayıbdır. Bir gəncin ölümü bütün elin faciəsinə çevrilərdi, elin toyu bir olardı, yası da hamının. İndi kiminsə faciəsinə yalnız statistika, mpvzu kimi baxılır, çəkib sosial şəbəkələrə qoyub – bir az da “bədiiləşdirib”, “dəhşətliləşdirib” daha çox like, baxış sayı toplamaq üçün mövzu.
Dünən sosial şəbəkələrdə bir video yayıldı. Seldə batan həmkəndlilərini xilas etməyə çalışan ekskavatorçu Pərviz özü də selə qurban gedir. Bax, o videonu çəkən, “Pərviz də getdi” - deyə sakit, laqeyd insan kimiyik hamımız. Vecsiz izləyiciyə çevrilmişik...
İzləyici rolu uzun çəkməz, bir gün hər kəs o seldə batanın yerində olacaq...kiminsə izlədiyi “filmin” “qəhrəmanı” kimi...
Televiziya ekranlarından gecə-gündüz cəmiyyətin beyninə aqressiya yükləyən, özünü apara bilməyən aparıcıların da, onların havadarları olan sponsorlarının da o “seldə” batan günü olacaq. Əslində, onlar lap dərinliklərə qədər batıblar da, özlərinin xəbəri yoxdur. Təkcə pulları var, başqa heç nə...
Görünür, filmlərimizdə, bədii əsərlərimizdə də bunu nəzərə almalıyıq. Məişətdə olan və olmayan ən iyrənc hadisələri bədiiləşdirib adi hal kimi tamaşaçıya təqdim etmək, nəticədə bizi sənətdən də iyrəndirəcək. Soruşanda da deyirlər, məgər belə şeylər həyatımızda yoxdur?
Həyatımızda romantik sevgilər də var, gözəlliklər də var, dostluqlar, daha nələr, həyatımız yalnız ən xırda detallarına qədər çəkdiyiniz tualetdən, qandan, qətldən ibarət deyil axı...
Unutmayaq, qazana tökdüklərimiz mütləq çömçəmizə çıxır...
Ramilla Qurbanlı
Ayna.az