“RUSİYADAN SEVGİLƏRLƏ”

Bu gün, 15:58           
“RUSİYADAN SEVGİLƏRLƏ”
James Bond seriyasından “Rusyadan Sevgilərlə” (From Russia with Love) filmi.
Milyonlarla insanın maraqla izlədiyi filmin bəzi bölümləri İstanbulda çəkilib.
1963-ün İstanbulunda…
“007 James Bond” rolundakı Şon Konneri (Sean Connery).
Ondan sonra çox aktyor çəkildil bu rola, heç biri uğurlu olmadı, çıxa bilmədilər Şonun kölgəsindən.
Təkrarsız idi çünki o.
Rus qızı Tatyana Romanovanın gözəlliyi göz qamaşdırırdı.
Onu füsunkar italyan aktrisası Daniela Bianki (Bianchi) oynamışdı.
Daniela filmdə çəkiləndə cəmi 21 yaşı var idi.
Ancaq artıq “Kainat Gözəli” yarışmasında Dünyanın 2-ci gözəli seçilmiş, “Miss Fotoqrafiya” ünvanına layiq görülmüşdü.
26 və ya 27 yaşım vardı ilk dəfə bu filmi görəndə.
Videomaqnitafon hər evdə yox idi, avtomobildən dəyərli idi.
Aspirant vaxtı Moskvada bir general qızının (dostumun ciddi fikirləri vardı gələcəklə bağlı) evində baxmışdım Bonda.
Spoylerlər filmdə İstanbul səhnələrinin olduğunu demişdilər.
İstanbulu görməmişdim hələ.
Sevgilisi ilə ilk görüşə gedən aşiq kimi həyəcanlı idim.
Başladı və birdən Aya Sofyanı gördüm ekranda.
Özümdən asılı olmayaraq “İstanbuuuul” deyə çığırdığımı xatırlayıram.
Ev sahibi qız mənə tərs-tərs baxmış, sevinc və coşqumu anlamamışdı.
1990-da İstanbula ilk gəldiyimdə “Yeşilköy” aeroportunun yeni binasını görüb, filmdəki əski hava limanı ilə müqayisə etmişdim. Sahilyolu ilə Yeniköy-Zeytinburnu yolu ilə şəhərə gedəndə yenə də filmdə Bondun eyni yolla hərəkət etdiyi gəlmişdi gözlərimin önünə.
İndiki gənclər anlamazlar bizim dövrün Türkiyə marağını, İstanbul nisgilini, anlamazlar qətiyyən.
Hər şey sirli idi filmdə – arxa planlardakı adda-budda türkcə sözlər, Kapalı Çarşı, türk xalıları, Bondun “orta şekerli türk kahvesi” içməsi, Sultan Ahmet Camiisindən qalxan əzan səsi, Yerebatan Sarnıcı, Qalata körpüsü, Bosfor, Çırağan Sarayı, Kız Kulesi və daha nələr nələr.
Hamısı da Bond filmlərinin dəyişməyən əsrarəngiz musiqisinin müşayətilə.
Hər şey sehirli idi o axşam Moskvadakı general evində.
O axşam dostum Danila Biankiyə, sevdiyi qız Bonda, mən isə İstanbulun tilsimləyən gözəlliyinə valeh olmuşduq.
Mənim Şəhərlər Şəhəri İstanbulu canlı olaraq görməyimə hələ 5 uzun il vardı…
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.