“Cənnətin qılıncları”
Dünən, 09:54

Bir çeçen kəndi ruslara təslim olmaq istəyir. Amma Şeyx Şamilə bunu deməyə cəsarət etmirlər. Şamilin anasına rüşvət təklif edir və təslim olmaq üçün ondan icazə alması üçün vasitəçilik etməsini istəyirlər. Anası bu sözü Şamilə dedikdə darmadağın olur. Düz 3 gün məsciddə oturub anasının bu xəyanətini götür-qoy edir. Axırda qərar verir. Məsciddən çıxır və qərarını elan edir:
Təslim olmaq haqda kim fikir səsləndirsəydi, ona 100 qamçı vurulacaq deyə əvvəlcədən xəbərdarlıq etmişdi. Anası qamçılanacaqdı. Qadını meydanda uzadıb qamçılamağa başlayırlar. 5-ci qamçıda qadın özündən gedir. Bu məqamda Şamil “anaların günahının cəzasını oğullar çəkməlidir” deyib paltarını çıxarıb yerə uzanır. Yerdə qalan 95 qamçı Şamilə vurulur...
***
Sonuncu döyüşdə Şeyx Şamil rus generalı Baryatinskiyə təslim olur. Ailəsi onunla birgə bir evin içində sıxışıb qalmışdı. Ev 5 dəqiqə sonra rus topları ilə darmadağın ediləcəkdi. Şamil təslim olur, “cənnət qılıncı” adlandırdığı qılıncını çıxarıb Baryatinskiyə verir...
Aradan onillər keçir...
1918-ci ildə Ural kazakları ilə birgə bolşeviklərə qarşı döyüşən bir zabit yaralanaraq əsir düşür. Zabit babasının yadigarı olan qılıncı çıxarıb bolşevikə təhvil verir. Bu qılınc feldmarşal Baryatinskinin həmin zabitin babasına hədiyyə etdiyi Şamilin qılıncı idi...
***
Lesli Blansın “Cənnətin qılıncları” avtobioqrafik əsəri əvvəldən sona qədər həyacanla doludur. 19-cu əsr Qafqazını, eyni zamanda mürid müharibələrini öyrənmək istəyənlər üçün maraqlı əsərdir.
Elnur Məmmədli
TEREF