Üsyançı polkovnikin xanımı, təyyarə qəzasında şəhid olan xan qızı... – GİZLƏDİLMİŞ TARİX

Bu gün, 00:16           
Üsyançı polkovnikin xanımı, təyyarə qəzasında şəhid olan xan qızı... –
Valiyyə Kazımbəylinin Azərbaycan davasında keçən ömrü

Tarixi, uzun illər gizlədilmiş tariximizi vərəqləyib, lap altda qalan səhifələri üzə çıxardıqca adam iliyinə qədər yansa da, daxilən qürur hissi keçirir. Qürurlanır ki, nəsilbənəsil məhv etməyə, soyqırımı etməyə çalışıblar, ediblər də, amma yenə həmin nəsillərin davamçıları dərin qatlardan zühur edib, eyni mübarizəni, müqaviməti göstəriblər.

Pressklub.az-ın “Gizlədilmiş tarix” rubrikasında növbəti – VI hekayətimiz onlardan daha biri haqqındadır. Daha bir gizlədilmiş tarixi aşkara çıxartmaqda bir addım atmağa iddialıyıq.

Bu rubrikadan sonuncu yazıda Cahangir Kazımbəylidən bəhs etmişdim. Bu dəfə onun xanımı Valiyyə Kazımbəylidən danışıram.

***

Sovet Rusiyasının işğalından sonra Azərbaycanda, sözün birbaşa mənasında, soyqırımı həyata keçirilib. Bəy, xan nəslindən olan, maarifçi, vətənpərvər, milli kimliyini dərindən bilən və onun keşiyində duran hər kəs aradan götürülüb, elələri olub ki, ailəliklə, nəsilliklə məhv ediliblər. Polkovnik, Gəncə üsyanının lideri Cahangir bəy Kazımbəylinin də ailəsi həmin taleyi yaşayıb… Özü Almaniyada torpağa tapşırılıb, xanımı Valiyyə Kazımbəyli isə İstanbulda...


Valiyyə Kazımbəyli Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı olub. 1947-ci ildə 12 azərbaycanlı hərbçi ilə birlikdə Türkiyədən Romaya uçarkən Afina yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayan təyyarədə o da olub. Həlak olan Valiyə xanım və hərbçilər İstanbulda Feriköy məzarlığında dəfn ediliblər. Valiyyə xanımın məzarının üzərində yazılıb: “Azərbaycan faciəsinin əziz qurbanı Valiyyə Kazımbəyli”.

Cahangir və Valiyyə Kazımbəylilərin Abbas, Mustafa, Əli adında üç övladları olub. Özünü Azərbaycan yolunda fəda edən bütün azərbaycanlılar kimi, onların da övladları ya məhv edilib, ya da yaşamağa davam ediblər, amma azərbaycanlı kimi yox. Əslindən-nəslindən, milli kimliyindən ayrılıb manqurt kimi yaşamağa məhkum olunmaq da məhv edilməkdir.

Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb.

Gəncə üsyanı yatırıldıqdan, Azərbaycanı bolşeviklər işğal etdikdən sonra ailəliklə Polşaya köçüblər. Daha sonra Almaniyaya, İtaliyaya və nəhayət, İstanbula köçməli olublar. Valiyyə xanım həyat yoldaşı Cahangir bəylə birlikdə “Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizə aparıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, “Azəri-türk” adlı dərnək yaradıblar.

Varşavadakı evlərində Yardım Komitəsi yaradıb, xəstəxanalarda yaralı vziyyətdə olan azərbaycanlılara yardım edir, onların müalicəsini təşkil edirdilər. Həftə ərzində iki-üç dəfə xəstəxanalara gedib həm də mənəvi dəstək olmağa çalışır, Azərbaycanın müstəqil, parlaq gələcəyinə inam aşılayırdılar. Yaratdıqları komitə əssən İsveçrə “Qızıl xaç” təşkilatından hər növ yardım alıb, yaralı azərbaycanlı əsgərlərə paylayırdı. Valiyyə xanım evdə öz əlləri ilə yemək bişirib, onlara paylayırdı.

Cahangir bəy isə Polşa ordusunda xidmət edirdi. Sonra Azərbaycan Legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskiyə qoşulub, mübarizəsini belə davam etdirir. II Dünya müharibəsi zamanı əsir düşsə də, əsirlikdən qaçaraq, bir müddət Almaniyada, daha sonra İtaliyada yaşayıblar.

1943-cü ildə Berlində keçirilən ümumazərbaycan qurultayında Milli Birlik Məclisi yaradılanda Valiyə Kazımbəyli məclisə üzv olub. Sonradan ən fəal üzvlər siyahısında adı birinci sıralarda çəkilərmiş. Valiyyə xanımın həyatı Azərbaycan uğrunda mübarizələrdə keçib, atası, həyat yoldaşı, qardaşı ilə çiyin-çiyinə. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də onlarla birlikdə yürüşə çıxaraq, üçrəngli bayrağımızı başının üzərində daşıyıb.

Müharibədən sonra ingilislər legionda döyüşmüş sovet əsgərlərini Stalinə təhvil verirlər. Stalin Moskvada onları edam etdirir. Romada olan 100-dən çox azərbaycanlı əsiri isə ingilislər SSRİ-yə verməyə hazırlaşırdı. Bu xəbəri alan Milli Birlik Məclisi Ankaraya və Misir kralına müraciətdə azərbaycanlı əsirlərə öz vətənlərində sığınacaq vermələrini təklif edir. Misir kralı 100 azərbaycanlını gizli yolla Neapola yollayır.

Araşdırma zamanı qarşıma çıxan bir yazıda Valiyyə xanımın bacısı oğlu Kerim Mehmetzadə yazır: “1946-cı ildə Valiyyə xalam İtaliyada illər öncə almanlara, sonra ruslara əsir düşən gənc azərbaycanlı soydaşlarımızın əsarətdən qurtulması üçün böyük yardımlar edirdi. Xalam dayım Zahid xanı Misir kralı Farukun yanına göndərir, o da kral Faruk və vəliəhd şahzadə İbrahim ilə günlərlə görüşür və nəhayət, bir il sonra vəliəhd şahzadə Romaya gəlir. Avropa ölkələri ilə görüş və müqavilə imzaladıqdan sonra bir qisim azərbaycanlı Misir, ABŞ və Türkiyəyə hicrət edir. Bir qismini ruslar buraxmaq istəmirlər və 1947-ci ildə Valiyyə xalam Türkiyə rəsmi dairələri ilə görüşmək üçün yanında bir neçə azərbaycanlı ilə İstanbula gəlir. Çox təəssüf ki, bütün görüşmələr nəticəsiz qalır, türk hökuməti ruslar ilə münasibətlərin pozulmaması üçün bu görüşlərə qatılmayacağını bildirir və xalam böyük üzüntü ilə İstanbuldan ayrılır...”

1947-ci ildə "Milli Birlik" təşkilatının xüsusi tapşırığını yerinə yetirmək üçün Valiyyə xanımı Romadan Türkiyəyə göndərirlər.

O, II Dünya Müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks kəşfiyyatının əlindən qurtarmaq üçün Romaya aparmalı idi.

Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək, 1947-ci il aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksək rütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Heç kim sağ qalmır.

Kerim Mehmetzadənin xatirələrindən: “Xalamın da minmiş olduğu Skandinav Hava Yollarına aid SAS təyyarəsi Afinada dağa dəyir və xalam bu qəzada həyatını itirir. Xəbər İstanbula çatanda bütün azərbaycanlı icması evimizə gəlir. Nənəm Şirinbəyim xanım pəncərədən özünü atmaq üzrəykən Mirzə bəy Göygöl nənəmi qurtarır. Bu hadisədən sonra anamın və atamın belləri qırıldı, illərlə unutmadılar. Bu arada, bəzi media quruluşları faciənin sovetlər tərəfindən planladığını irəli sürdülərsə də, həqiqət əsla meydana çıxmadı”.

Valiyyə xanım Kazımbəyli İstanbulun Feriköy məzarlığında dəfn edilib. Onun məzarı üstündə bu cümlə də yazılıb: “Millət qurbanı və millət yolunda şəhid” . Valiyyə xanımı Türkiyədə elə sağlığında belə adlandırıblar.

Həyat yoldaşı Cahangir bəy isə 1955-ci ilin dekabrında sovet kəşfiyyatının əli ilə Berlində öldürülür. Onu görüşə çağıran qadınla restoranda yemək yeyəndən sonra özünü pis hiss edir və dərhal dünyasını dəyişir. Ehtimal qida zəhərlənməsi idi. Onu elə Berlində də dəfn edirlər.

Valiyyə xanım və Cahangir bəyin övladı Mustafa bəyin oğlu Daniel Kazımbəyli 1962-ci ildə Roma şəhərində dünyaya gəlib. Romadakı La Sapienza Universitetində iqtisadiyyat üzrə təhsil alıb. Daha sonra Milandakı Bokkoni Universitetində biznesin idarə olunması üzrə magistr təhsili alıb. Son 22 ildir ki, Daniel Kazım Bəy İtaliyada tekstil (idman geyimləri) biznesi ilə məşğul olur. Daniel orada soyadına uyğun olaraq “K-BEK” adlı şirkət qurub.


Əlimə keçən müsahibəsində deyir ki, yalnız Kazımbəy ailəsinin üzvü olan atası və əmiləri ilə əlaqə saxlaya bilib: “Babamı isə heç vaxt tanımadım. Mən dünyaya gəlməmişdən öncə o vəfat etmişdi. Atamın qardaşı Əli Kazım Bəy İstanbulda yaşayırdı. İtaliyada iqtisadiyyat üzrə təhsil aldı və daha sonra bank direktoru olaraq İstanbula geri qayıtdı. Onun qızı Lalə Kazım Bəy hazırda İstanbulda yaşayır və insan resursları üzrə professordur. Onunla Yunanıstanda qarşılaşdıq. Əli bəy on yeddi il öncə vəfat etdi. Atamın Abbas adlı böyük qardaşı isə Almaniyada (Kassel) yaşayırdı. O, riyaziyyat üzrə professor idi. 40 il öncə dünyasını dəyişib. Mənim atam Mustafa isə İstanbulda dünyaya göz açıb. 17 yaşına qədər ailəsi ilə birlikdə Varşavada yaşayıb. Berlində Mexanika Mühəndisliyi Universitetində təhsil alıb. Berlində müharibə olan zaman o, ailəsi ilə birlikdə Avstriyaya (Kitzbühel) qaçıblar. 1946-cı ildə isə Romaya gəlib. 1959-cu ildə anam Culiya ilə tanış olub və ailə həyatı qurublar. Atam Romada ticarət və patent üzrə bir ofisdə çalışırdı. O, 2004-cü ildə Romada vəfat etdi. Babamın zəhərlənərək öldürülməsindən əmin deyilik. Amma atam mənə demişdi ki, o, ehtimala görə, mədə infeksiyasından dünyasını dəyişib. Amma o da əmin deyildi. Heç kim babamın nə üçün və kim tərəfindən öldürüldüyünü bilmir. Atamın ailəsi müsəlman idi. Amma atam mənim xristian dininə ibadət etməyim barədə qərar verib. Mənim qanımın, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir”.

Sonuncu cümlənin daha çox nəzakət xatirinə deyildiyi bəllidir. Fikrimin əvvəlində deyildiyi kimi ya məhv edilib, ya da istənilən halda məhv ediliblər.

İmperiyalar, diktatorlar nəsilləri, minlərlə ailəni, kökündən məhv edə bilərlər, amma gen yaddaşı, qan yaddaşı bir gün özünə-Kazımbəyovlar olmasalar belə, onlardan sonra gələnlərə qayıdacaq və onlar cəmi 44 günün içində işğalda alan torpaqları azad edib müstəqilliyi tamamlayacaqlar. Xristian dininə ibadət etməklə övladının xilas olunacağını düşünən atanın da ruhu rahatlıq tapsın, övladı artıq onun kökündən çox uzaq düşsə də, onun taleyi tariximizin bir parçası və görküdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru