Bloq: Ruhun Fəthi – Duayt Eyzenhauer
27-03-2017, 08:20
Hallovin gecəsində qardaşları qapı-qapı düşüb ənənəvi konfet toplamağa yollananda Aykın 10 yaşı var idi. O, da qardaşlarına qoşulmaq istəyirdi, amma valideynləri yaşının az olduğunu əsas gətirərək icazə vermədilər. Nə qədər yalvarsa da, bir şey alınmadı. Qardaşlarının qapıdan çıxdığını hiddətlə seyr edən gözüyaşlı Ayk çığıra-çığıra həyətə qaçdı. Alma ağacının gövdəsini yumruqlayan Aykın balaca əlləri qana bulaşdı. Dalınca həyətə çıxan atası onu tutub silkələdi və çubuqla döyüb yataq otağına göndərdi. Bir saat sonra anası otağa daxil olanda Ayk başını balışa sıxıb hönkür-hönkür ağılayırdı. Aida xanım sükutla yatağın yanındakı stulda əyləşdi. Bir qədər sonra oğluna tərəf əyilib qulağına İncildən sitat pıçıldadı: “O adam ki, öz ruhunu fəth edir, bir şəhəri fəth edən adamdan daha böyükdür.” Oğlunun yaralarını sarıyan ana Ayka qəzəb və nifrətdən ehtiyatlı olmağı, daim emosiyalarını cilovlamağı tapşırdı. 76 yaşında ABŞ-ın 34-cü prezident Duayt Eyzenhauer sonra yazırdı: “Mən həmişə anamla o söhbətə həyatımın ən dəyərli anı kimi baxıram. Uşaq beynimdə mənə elə gəldi ki, anam saatlarla danışdı, amma yəqin ki, insident 10-15 dəqiqədən artıq çəkməzdi. Ən azı o, mənə yanlış olduğumu inandırmağa və yuxuya dalacaq qədər beynimi yüngülləşdirməyə nail oldu.”
Sosioloq David Bruksun bioqrafiyaya yanaşması tarixçi üslubundan fərqlənir. Xarakterə Aparan Yol kitabında müəllifin əsas amacı cizgiləndirdiyi görkəmli ictimai xadimlərin nailiyyətləri yox, psixoloji portretləri, daxili çarpışmalarıdır. Bu baxımdan onun Eynzenhauer haqda nəql etdikləri adi tarix kitabında rast gəlinməyəcək incilərlə doludur. Bruksun təsvir etdiyi şəxsiyyət təkcə uğurlu siyasi lider yox, bir çoxları kimi, boya-başa çatdığı mühitin, valideynlərindən gördüyü tərbiyənin, və nəhayət hərbi karyerası dönəmində əxz etdiyi həyat təcrübəsinin məhsuludur.
Mən həmişə anamla o söhbətə həyatımın ən dəyərli anı kimi baxıram. Uşaq beynimdə mənə elə gəldi ki, anam saatlarla danışdı, amma yəqin ki, insident 10-15 dəqiqədən artıq çəkməzdi.
Bruksun nəzərində Eyzenhauerin insan kimi formalaşmasında anası Aidanın rolu əvəzolunmazdır. “Aida Eyzenhauer yumor hissli, isti-ürəkli, ancaq korlanmağa sipər çəkən bir ana idi. Günah anlamına ciddi yanaşan ana evə rəqs etməyə, kart oynamağa, içki içməyə icazə vermirdi,” Bruks yazır. Eyni zamanda o, öz övladlarına başqa valideynlərdən daha çox sərbəstlik vermişdi. Onun övladlarından tələb etdiyi kiçik də olsa müntəzəm özünə-nəzarət vərdişinin inkişaf etdirilməsi idi. Aidanın gözündə hər şey kiçik vərdişlərdən başlanırdı. Stol arxasında əyləşməkdən tutmuş kilsəyə nə cür paltar geyməyə qədər Aida öz övladlarında gələcəkdə başqa səhələrdə mühüm əhəmiyyət kəsb edə biləcək davranış kodeksi aşılamağa can atırdı.
Bu dəyərlər əslində Aykın öz xarakteri ilə kəskin təzad təşkil edirdi. Uşaqlıqdan dəcəlliyi ilə seçilən Aykın məhəllədə əlbəyaxa olmadığı uşaq qalmamışdı. Hətta West Point ordu akademiyasında da o, ipə-sapa yatmazlığı və nadinc davranışı ilə ad çıxarmışdı. Akademiya rəhbərliyi onu dəfələrlə siqaret çəkdiyinə, qumar oynadığına görə cəzalandırmışdı. Bir dəfə hətta rəqs zalında cuşa gəldiyinə görə rütbəsi serjantdan sıraviyə endirilmişdi. Əslində Hallovin gecəsində üzə vuran temperament heç vaxt Eyzenhaueri tərk etməmişdi. II Dünya Müharibəsi vaxtı hərbi jurnalist tərəfindən “bəd xasiyyətli Mister Bang” ləğəbi almış Eyzenhauerin subordinatları rəhbərlərinin hansı əhval-ruhiyyədə olduğunu geydiyi kostyumun rəngindən proqnozlaşdırmağa çalışırdılar. Qəhvəyi kostyum o demək idi ki, həmin gün ondan maksimum məsafə saxlamaq məsləhətdir.
“Bir ana olaraq Aida övladlarına hüdudsuz sevgi bəsləyirdi. O, onlara bu gün bir çox valideynlərin vermədiyi azadlıqları verirdi, ancaq övladlarına kiçik və müntəzəm özünə-nəzarət vərdişi aşılamaqda qərarlı idi.” Balaca Duayt – arxa cərgədə, soldan birinci.
Eyzenhauer öz daxildə üzləşdiyi impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görürdü. Yuxusuzluq və narahatlıq dolu gecələri Eyzenhauer tavana baxa-baxa keçirər, emosiyalarına nəzarət etməyin yolları üzərində baş sındırardı. Hərbi akademiyada məşqçisinin ona dedikləri qulaqlarında cingildəyərdi: “Səni vurub yıxandan sonra gülümsəyərək ayağa qalxa bilmirsənsə, rəqibini heç vaxt yenə bilməzsən.”
Qərb ordularını Nasist Almaniyası üzərində qələbəyə aparacaq general yazırdı: “Mən qət etdim ki, ictimai davranışım və nitqim hər zaman qələbənin şən aurasını tərənnüm etməlidir – və hər hansı bir pessimizm və ruhdan düşürdən elementlərin yeri otağımdakı balışım olacaq.” Bunu sistematik qaydada həyata keçirmək üçün Eyzenhauer bir sıra fəndlər fikirləşib tapırdı. Məsələn, xətrinə dəyən adamların adlarını gündəliyə yazmaqla həmin adamlara qarşı qəzəbini söndürürdü. Nifrət dalğasının gəldiyini hiss edəndə, o bunun bütün varlığına hakim kəsilməsinin qarşısını alırdı. “Qəzəb uda bilməz. O, hətta heç aydın fikirləşə də bilmir.” David Bruksun təsvirincə, Eyzenhauer olduğu kimi görünən və göründüyü kimi olan adam deyildi. “O, güclü emosiyalara malik – eyni zamanda anası kimi, həmin hissləri boğaraq yaşayan bir adam idi.”
Aida əqidəcə pasifist olmasına baxmayaraq hərbçi olmağa qərar vermiş Eyzenhauerin qarşısını kəsmədi. 1915-ci ildə ABŞ-ın əsas ordu akademiyasını bitirən Aykın hərbi karyerası Birinci Dünya Müharibəsinin kölgəsində start götürdü. Cidd-cəhdlərinə baxmayaraq Eyzenhauerin müharibədə iştirak etmək istəyi baş tutmadı. 1918-ci il, noyabrın 18-də, savaşmaq üçün Fransaya yollanmağa təlimat alanda, Aykın 28 yaşı vardı. Atəşkəs 11 noyabrda qüvvəyə mindi. “Allah haqqı, indən belə mən bunun əvəzini çıxmağa çalışacağam,” deyə Eyzenhauer özünə söz verdi.
Duayt uşaqlıq illərini Amerikanın mərkəzi ştatı Kanzasda keçirib. Duayt – birinci cərgə, sağdan ikinci
O, ağlına gətirə bilməzdi ki, bu vədin yerinə yetirilməsi hələ xeyli vaxt aparacaq. Xeyli vaxt deyəndə ki, 1920-ci ildə leytenant-polkovnik rütbəsi alan Eyzenhaur 1938-ci ilədək rütbə artımı görməyəcəkdi. 40 yaşlarında olanda, Eyzenhauer öz ailəsinin ən az nailiyyətli övladı idi,” Bruks yazır. “O, artıq orta yaşlarda idi. İlk general ulduzunu alanda, onun 51 yaşı tamam olmuşdu. Heç kəs ondan möhtəşəm nailiyyət gözləmirdi.”
Müəyyən mənada, 20-30-cu illər Eyzenhauerin hərbçi – və ən mühümü, idarəçi kimi bişməsində önəmli rol oynadı. Administrasiya zabiti olaraq o özünü gözə soxmağı sevməzdi. Eyzenhauer prosedurlara, prosesə, komanda işinə və təşkilatçılığa yiyələndi. O, habelə mənsub olduğu təşkilatda uğur qazanmağın sirlərinə sahib oldu. “Hər dəfə yeni məkana gedəndə postdakı ən güclü, ən bacarıqlı adamı müəyyən etməyə çalışırdım. Öz ideyalarımı bir kənara qoyub, əlimdən gələni edirdim ki, həmin adamın dediklərini reallığa çevirim,” Eyzenhauer yazırdı. “Həmişə səndən daha çox bilən, daha yaxşı bacaran və daha aydın görən adamlardan öyrənməyə çalış, onlarla bir yerdə olmağa can at.” Prosesin özünə detallı diqqət göstərən Eyzenhauerin sevimli deyimi bu idi: “Planlar heç nədir, amma planlaşdırma hər şeydir.”
West Point Ordu akademiyasında təhsili gənc Duaytın hərbi karyerasının əsasını qoydu.
Eyzenhauerin həyatında əsas məqamlardan biri onun hansı vəzifəyə təyin edilməsi yox, rastına çıxan bir şəxsiyyət idi. 1922-ci ildə Panamada xidmət edərkən Eyzenhauerin komandanı olmuş General Foks Konnor kənar müşahidəçilər tərəfindən “özünə nəzarət edən, həlim dilli, əzəmətli şəkildə formal və nəzakətli” şəxs kimi təsvir olunur. Konnor kitab oxumağı çox sevərdi, tarixin tələbəsi idi və hərbi talantı qiymətləndirməyi bacarırdı. General teatrallıqdan uzaq idi. Bruksun yazdığına görə, Eyzenhauerin General Konnordan əxz etdiyi başlıca dərs bu idi: “İşini ciddi qəbul et, amma özünü yox.” Təvazökarlıq hər bir liderdə Eyzenhauerin ən sevdiyi xüsusiyyət idi. “Mənim əqidəm budur ki, hər bir liderdə öz seçdiyi subordinatların yol verdiyi səhvlərin məsuliyyətini boynuna alması – eyni zamanda onların əldə etdiyi nailiyyətlərə görə həmin şəxsləri tanımaq üçün bir təvazökarlıq hissi vacibdir.” General Konnor Eyzenhauerdə hərbi strategiyaya, klassik əsərlərə və dünya siyasətinə sevgi hissi oyatdı. Ən mühümü isə, Konnor onun Kanzas ştatında Komandanlıq və Baş Qərargah Məktəbində ali zabit kimi təhsil almasına şərait yaratdı. Vaxtikən oxuduğu təhsil ocaqlarında töhmətlər almış Eyzenhauer bu məktəbi fərqlənmə ilə bitirdi.
Eyzenhauerin növbəti təyinatı həyati əhəmiyyət kəsb edirdi. Çoxlarına elə gələ bilər ki, General Duqlas MakArturun şəxsi heyətində işləmək istənilən zabit üçün gələcəyə qızıl bilet idi. Və müəyyən mənada bu həqiqətdir. Lakin nə qədər qəribə də olsa, Eyzenhauer Duqlas MakArturun şəxsi keyfiyyətlərinə tənqidi münasibət bəsləyir və onun haqda başqalarının yüksək təsəvvürünü paylaşmırdı. Bir çox cəhətdən MakArtur General Konnorun əksi idi. O, teatralizmi sevirdi. Eyzenhauer MakArturu “aristokrat” kimi təsvir edər və onun özü haqda bəzən üçüncü şəxsdə danışmasını qəribə xüsusiyyətlərdən bir kimi vurğulayardı. Altı il MakArturun ofisində işləmiş Eyzenhauer dəfələrlə başqa idarəyə transfer olunmasını xahiş etsə də, MakArtur onun Filippində qalmasını vacib hesab edirdi və bu xahişlər bir qayda olaraq rədd edilirdi. MakArturun bəzən ədabaz təsiri bağışlayan davranışları onu nə qədər qeyzləndirsə də, Eyzenhauerin öz həqiqi düşüncələrini gündəliyindən başqa haradasa ifadə etdiyi haqda dəlil yoxdur. “Eyzenhauer özünə komandanının düşüncələrini aşılamaqla, onun perspektivini öz perspektivi kimi qəbul etməklə, işini səmərəli qaydada və vaxtında yerinə yetirməklə MakArtura loyal xidmət göstərdi,” Bruks yazır. “Sonda bütün xidmət etmiş olduğu başqa generallar kimi MakArtur da onun yüksəlişinə yardımçı oldu. Və İkinci Dünya Müharibəsində üzləşəcəyi ən çətin sınaq meydana çıxanda, Eyzenhauerin öz emosiyalarına hakim olə bilməsi onun dadına yetişdi.”
Eyzenhaueri “həyatda ən yaxşı katibi” adlandıran General Duqlas MakArtur dəfələrlə onun Filippindən başqa yerə transfer olunmasının əleyhinə çıxmış, mümkün qədər onu öz yanında saxlamağa çalışmışdı.
Eyzenhauer bacarıqlı müharibə komandanı id. Bruksun yazdığına görə, beynəlxalq alyansı bir yerdə saxlamaq üçün Eyzenhauer tez-tez öz qəzəbini gizlətməli olur, mütəxlif ordular arasında konsensus yaratmağa nail olurdu. Sabiq komandanı Konnorun amalını ibrət dərsi götürən Eyzenhauer qələbələrə görə öz subordinatlarına kredit verir, xətalara görə isə məsuliyyəti öz boynuna götürməkdən çəkinmirdi. Onun məşhur D-Day əməliyyatından öncə əməliyyat iflasa uğradığı təqdirdə ictimaiyyətə ünvanlamağı planlaşdırdığı məktubdakı bir cümlə bu baxımdan diqqət cəlb edir: “Mənim hücum üçün seçdiyim vaxt və məkan əlimizdə olan ən yaxşı informasiyaya əsaslandıb. Qoşunlar, hava və donanma qüvvələri rəşadət və sədaqətlə vuruşublar. Əgər onların cəhdinə görə kimsə günahkardırsa, məsuliyyət yalnız mənim çiyinlərimə düşür.” Xoşbəxtlikdən, Eyzenhaueriun məktubu açıqlamasına lüzum qalmadı. 1944-cü il iyunun 6-da Fransa sahillərinə enən ABŞ, Britaniya, Kanada və Fransa birləşmiş qüvvələri istehkamlanmış nasist ordularını darmadağın etdilər.
Eyzenhauerin intizamlı, özünə-nəzarətli həyatının mənfi cəhətləri də var idi. “O uzaqgörən adam deyildi. Ona kreativ düşüncəli mütəfəkkir demək olmazdı. Müharibədə o, möhtəşəm strateq sayıla bilməzdi. Prezident olaraq da vətəndaş haqları hərəkatından tutmuş MakKartiizmin fəsadlarınadək çağdaş tarixi cərəyanlara çox vaxt əhəmiyyət vermirdi. Abstrakt ideyalar onun güclü tərəfi deyildi.” Süni özünə-nəzarət onu bəzən ən yaxın adamlarla münasibətlərdə soyuq edirdi. Bu xüsusda Eyzenhauerin məşuqəsi Kay Summersby ilə münasibətləri kəsmək məqsədilə yazılmış məktubdan bir parça diqqət cəlb edir. “Əminəm ki, sən başa düşəcəksən ki, mənim üçün bu dərəcədə dəyərli olan münasibətlərə bu şəkildə son qoyulması məni necə məyus edir, amma mənim bunu doğuran səbəblər üzərində nəzarətim yoxdur,” o sevgilisinə yazırdı. “Ümid edirəm ki, sən ara-sıra mənə məktub yazacaqsan. Sənin işlərinin necə getməsi məni həmişə maraqlandıracaq.”
Müharibə generalı kimi Eyzenhauer əsgərlərlə yaxın təmas saxlayır, onların qayğılarını özü üçün başlıca prioritet sayırdı.
Bu günlər insanlara aşılanan dəyər onları xalis olmağa, göründükləri kimi olmağa dəvət edir. Lakin Eyzenhauer fərqli fəlsəfəyə abunəçi idi. O, hesab edirdi ki, insan çiy məhsuldur – bir azı yaxşı, bir azı pis. Bu təbiətin yonulmasına və formaya salınmasına ehtiyac var. Şəxsiyyət insanın onu necə bəsləməsindən asılıdır. Həqiqi xasiyyət sənin onu necə formnalaşdırmağından irəli gəlir, təkcə təbiətdən yox. “Eyzenhauer səmimi insan deyildi,” Bruks yazır. “O, özəl düşüncələrini gizli saxlayardı. Bəzən bunları öz gündəliyində yazırdı və onlar kifayət qədər kəskin olurdu.” Uşaq vaxtı qəzəbini boğmağı öyrəndiyi kimi, böyük olaraq da ambisiyalarını və qabiliyyətlərini pərdələməyi bacarırdı. “O, başqalarından ağıllı, yaxud orta amerikalıdan daha üstün görünmək istəmirdi. Əvəzində o, sadə, təhsilsiz bir şarm imici bəsləyirdi.” Prezident olaraq Eyzenhauer mürəkkəb mövzularda iclaslar keçirər, qərarlar verər və onların icraatına nəzarət edərdi. “Ancaq sonra mətbuat konfransına yollanıb, ingiliscəni kəsib-doğrayardı,” Bruks yazır. “Bu, mənim kimi maymaq dovşan üçün çox qəlizdir,” deyə o, tez-tez haqqında söz gedən məsələnin onun intellekt səviyyəsindən yüksəkdə olduğunu vurğulamağı sevərdi.
Aykın sadəliyi strateji xarakter daşıyırdı. Onun vitse-prezidenti olmuş Riçard Nikson çoxlarının Eynzehauerin intellekti haqda yanlış təsəvvürə malik olduğunu deyirdi. “Deyilənə görə Eyzenhauer əla poker oyunçusu idi. Onun beyni problemə tək yox, bir, iki, üç cığırlı məntiqlə yanaşardı,” Nikson xatırlayır. “Aykın Kanzas səması kimi açıq təbəssümü dərin bir məxfliyi pərdələyirdi. O, şərəfli, lakin tutqun, üzdə nurani, daxildə isə qızğın emosiyalarla dolu bir insan idi.” Bir dəfə mətbuat konfransından öncə mətbuat katibi ona hansısa incə məsələ haqda necə danışacağını sual edəndə Aykın cavabı belə olmuşdu: “Narahat olma, Cim, o sual gəlsə, sadəcə onları çaş-baş salacağam.” Hətta ən yaxın ailə üzvləri də Eyznehauerdən baş açmadıqlarını etiraf edirdilər. “Papanı başa düşməyə çalışanlara həsəd aparmıram. Mən özüm ondan baş açmıram,” deyə oğlu Con bioqrafçı Evan Thomasa söyləmişdi. “Eyzenhauer sadə görünürdü, amma onun sadəliyi bir incəsənət əsəri idi,” Bruks yazır.
İngiliscə həmqafiyə səslənən “Mən Aykı xoşlayıram” Eyzenhauerin əsas kampaniya şüarı idi. Müzəffər müharibə generalının seçkilərdə uğur qazanacağını təxmin edən Respublikaçılar prezidentliyə onun namizədliyini irəli sürmüşdülər.
Müəllifin nəzərində, Eyzenhauerin ən bariz xüsusiyyəti onun mötədilliyi idi. Mötədillik çox adamın yanlış başa düşüdüyü bir anlamdır. Çoxları mötədilli iki ifrat mövqe arasındakı ortaq məxrəc kimi görür. Bruksun tərifinə əsasən, mötədillik münaqişənin labüd olduğunu qəbul etmək bacarığıdır. “Əgər sən hesab edirsənə ki, dünyanı səliqə-sahmanlaya bilərsən, onda mötədilliyə ehtiyac yoxdur. Əgər əminsənsə ki, bütün şəxsi xüsusiyyətləri bir yerə toplayıb harmoniya əldə etmək mümkündür, onda çəkinmək lazım deyil. Mötədillik o ideyaya əsaslanır ki, əksər hallarda çox şey bir araya sığmır, sahmanlanmır. Siyasət legitim rəqib baxışlar arasındakı yarışın məhsuludur. Fəlsəfə isə rəqabət aparan yarım-həqiqətlərin toqquşması.” Bruksun fikrincə, elə Eyzenhauerin şəxsi keyfiyyətləri də bu təzadı özündə əks etdirir. “Alovlu püskürtüləri bəzən onu ədalətin fövqünə yüksəldər, bəzənsə onu kor edərdi. Onun özünə-nəzarəti bəzən öz xidməti borcunu yerinə yetirməyə imkan yaradar, bəzənsə onu etinasız edərdi.”
Eyzenhauer bu təzadları intuitiv olaraq qavrayırdı. 1961-ci il 20 yanvarda onu Ağ Evdə əvəzləyən Con F. Kennedi inaqurasiya çıxışında pafosla bəyan etdi: “Bis istənilən bədəli ödəyəcək, istənilən yükü çəkəcək və istənilən çətinliyə sinə gərəcəyik… Birlikdə biz ulduzları fəth edəcəyik.” Ondan üç gün öncə isə daha az diqqət cəlb edən, lakin tarixi baxımdan əhəmiyyəti zaman keçdikdə artacaq başqa bir nitq söylənilmişdi. Həmin nitqdə bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdi. “Kennedi hüdudsuz mümkünatları vurğuladığı halda, Eyzenhauer təşəxxüsə qarşı xəbərdarlıq edirdi. Kennedi cəsarəti alqışladığı halda, Eyzenhauer idrakı önə çəkirdi. Kennedi milləti irəliyə doğru mətin addımlamağa səslədiyi halda, Eyzenhauer balansa çağırırdı.”
“Heç vaxt hansısa Böyük Şəxsiyyətin, bir liderin Amerikanın xilası üçün vacib olduğunu düşünməyin. O gün ki, Amerika bir liderdən və onun 158 milyon davamçısından ibarət olacaq, o ölkə Amerika olmayacaq.” – Prezident Duayt Eyzenhauer
“Balans” ifadəsi ilə bol həmin çıxışda Eyzenhauer Amerika xalqına hər şeyin tələsik yoluna qoyulmasına dair illüziyalara qapılmamağı məsləhət görürdü. O, insanları bütün problemlərə möcüzəvi həll yolu tapılacağı haqda təsəvvürdən ehtiyat göstərməyi, yalnız bu gün üçün yaşamaq impulsundan uzaq durmağı tövsiyə edirdi. Qıtlıq və çətinlik içərisində boya-başa çatdığı uşaqlıq illərindən əxz etdikləri əsasında Eyzenhauer millətin nəvələrinə “siyasi və ruhi” miras qoyulmasını vacib hesab edirdi. O, hakimiyyətin bir əldə cəmləşməsindən, ələlxüsus “hərbi sənaye kompleksinin” ifrat dərəcədə güclənməsindən təlaşını ifadə edirdi. Millətin qurucu babaları kimi Eyzenhauer də hakimiyyətin sadə vətəndaşlardan bir qrup hökumətin maliyyələşdirdiyi ekspertlərin əlinə keçməsinə qarşı çıxırdı. Onun siyasi fəlsəfəsinin mənbəyi hüdudsuz hakimiyyətin fəsadlarından ehtiyatlanmağa əsaslandırdı. Eyzenhauerin gözündə, liderlərin başlıca kəraməti yeni nəsə qurmaq naminə indi mövcud olanları dağıdıb məhv etmək yox, miras qalmış demokratik irsi qoruyub saxlamaq, onu müasir cəmiyyətə uyğun qaydada təkmilləşdirmək idi.
Əsgər Möhsümoğlu