Sonuncu Moğol imperatoru

10-11-2017, 17:17           
Sonuncu Moğol imperatoru
Sonuncu Moğol imperatoru bir əsrdən çox heç kimin yadına düşməyib. Lakin qəbrinin aşkarlanması ilə Sufi müqəddəslərindən biri və urdu dilinin ən yaxşı şairlərindən sayılan bu kişinin irsi də peyda olub.

II Bahadır Şah Zəfər 1862-ci ildə Ranqunda (indiki Yanqun) son nəfəsini verərkən yanında cəmi bir neçə qohumu olub.

Onu tutan britaniyalılar məşhur Şvedaqon Paqoda yaxınlığındakı bir ərazidə dəfn ediblərmiş. Heç qəbrin üzərində işarə də olmayıb.

Məğlub, alçaldılmış və təhqirə uğramış: müasir Hindistan, Pakistan və Əfqanıstan və Banqladeşin böyük hissələri də daxil olmaqla geniş bir ərazini 300 il idarə edən Moğolların varisi üçün biabırçı sonluq.

Hakimiyyətini əcdadları Əkbər və ya Övrəngzeb ilə müqayisə etmək mümkün olmasa da, 1857-ci ildə uğursuzluq ilə nəticələnən "Hindistan Qiyamı" onun adı ətrafında cərəyan edib. O zaman əsgərlər Şərqi Hindistan Britaniya Şirkətinə qarşı ayağa qalxmışdılar.

Məğlubiyyətdən sonra, imperator xəyanət ittihamı ilə həbs olunur və Britaniya idarəsində olan başqa bir əraziyə Burmaya (hazırda Myanma) sürgün edilir.

O, həbsdə 87 yaşında noyabrın yeddisi ölsə də, poeziyası hələ də yaşayır. Şair, qələbə mənasını verən Zəfər təxəllüsündən istifadə edib.

Bahadır Şah Zəfərin həbsini təsvir edən illüstrasiya

1700-ci illərin sonuna qədər böyük Moğol imperiyası nüfuz və ərazisinin böyük hissəsini itirmişdi. 1837-ci ildə hakimiyyətə gələn Zəfər, yalnız Dehli və onun ətrafını idarə edirdi. Amma təbəələri onu hər zaman Padşah kimi anıblar.

Digər Moğol padşahları kimi onun da Moğol imperatorları Çingiz xan və Teymur nəslindən olduğu deyilirdi. Dünyanın ən böyük sülalələrindən birinin sonu onun ölümü ilə gəlib.

Britaniyalılar davamçılarını yayındırmaqdan ötrü onu gizli dəfn edirlər. Ölüm xəbəri Hindistana iki həftədən sonra çatır və demək olar ki, heç kim buna məhəl qoymur.

Və Zəfər 100 ildən artıq bir müddət ərzində yaddaşlardan silinib.

Ta ki son on illiklərdə irsinə maraq yarana qədər.

Hindistanda efirə 1980-ci illərdə gedən televiziya seriyası yaddaşları təzələyir, Delhi və Karaçidə onun adını daşıyan küçələr peyda olur. Dakada hətta, bir parkın adı onun adına dəyişdirilib.

"Zəfər görkəmli insan olub," Sonuncu Moğol (The Last Mughal) əsərinin müəllifi tarixçi William Dalrymple BBC-yə deyib.

"Xəttat, şair, Sufi piri və hindu-müsəlman birliyini təqdir edən bir şəxs."

"Zəfər qəhrəman və ya inqilabçı lider kimi anılmasa da, xatirlərdə əcdadı imperator Əkbər kimi İslam sivilizasiyanın ən tolerant və pluralist simalarından biri olaraq qalıb," cənab Dalrymple kitabında qeyd edib.

Bəziləri deyir ki, Zəfərin dini dözümünün səbəbi qarışıq valideynlərə malik olmasından qaynaqlanıb. Atası II Əkbər Şah müsəlman və anası Lal Bhai Hindu Racput şahzadəsi olub.

1857-ci il Hindistan Qiyamı zamanı Delhidə baş verən döyüşdən bir səhnə

Mayın 10-da şimalda yerləşən Meerut şəhərində hindistanlı əsgərlər britaniyalı zabitlərə qarşı ayağa qalxırlar. Üsyan Delhi, Aqra, Lakhnau və Kanpur şəhərlərinə yayılır.
Hiddətə səbəb yeni islahatlar, qanunlar, Qərb dəyərləri və Xristianlıq ilə bağlı addımlar olub.
Üsyan minlərlə hindu və müsəlmanları birləşdirir və onlar dövrün Moğol imperatoru II Bahadır Şah Zəfəri başçıları seçirlər.
Britaniya generalları Puncab və Patnadan olan sikx əsgərləri sayəsində sentyabra qədər Delhini ələ keçirirlər.
Hər iki tərəf qəddar cinayətlərdə ittiham olunur. Üsyançılar britaniyalı qadın və uşaqları öldürürlər. Britaniyalılar isə minlərlə qiyamçı və onların tərəfdarlarının ölümündə günahkar bilinirlər.
Üsyan 1858-ci ilin iyulunda tamamilə yatırılır. Eyni ildə Şərqi Hindistan Şirkəti ləğv olunur və Hindistanda Britaniya hökumətinin birbaşa hakimiyyəti qurulur.
Mənbə: Britannica, BBC Tarix

Zəfərin sakit Yanqun xiyabanındakı qəbri, Hindistan tarixinin ən qarışıq dövrünün iztirablı və dinməz yadigarıdır.

Sonuncu imperatorun adını daşıyan mavzoleyin darvazaları

Yerlilər Zəfərin yerli qarnizon ərazisində basdırıldığını zənn etsələr də, məzar 1991-ci ilə qədər naməlum qalıb.

Drenaj sistemi üçün yeri qazan işçilər kərpic tikili ilə qarşılaşırlar. Bu, keçmiş padşahın qəbri imiş. Sonralar məzar ictimai ianələr sayəsindən yenidən qurulur.

Mavzoleydə onun xanımlarından biri Zinət Mahalın da qəbri yerləşir

Əcdadlarının Hindistandakı dəbdəbəli mavzoleyləri ilə müqayisədə Zəfərin məzarı çox sadədir. Qövsvari dəmir barmaqlıqlarda onun adı və titulu qeyd olunub. Birinci mərtəbədə xanımlarından bir Zinət Mahal və nəvəsi Rövnəq Zamaninin qəbirləri yerləşir.

Zəfərin məzarı isə yeraltı otaqdadır və qızılgül ləçəkləri və başqa güllərlə örtülüb.

Yuxarıdan sallanan uzun şamdanlar onun divardakı rəsmlərini işıqlandırır. Yan binada isə məscid yerləşir.

Dərgah və ya məqbərə, Yanqunun müsəlman sakinləri üçün ziyarət yerinə çevrilib.

"Dərgaha hər tərəfdən insanlar gəlir, çünki o, Sufi müqəddəsi hesab olunur," Bahadır Şah Zəfər Mavzoleyinin idarə heyətinin xəzinədarı Əl-Hac U Aye Lvin deyir.

"Onlar, şahın məzarı yanında meditasiya və dua etməklə məşğul olurlar. Arzuları həyata keçən insanlar isə pul və başqa şeylər ianə edirlər."

Zəfərin məzarına qızılgül ləçəkləri səpiblər

Zəfər yaddaşlarda daha çox urdu dilindəki işinə görə qalıb. Onun həyat və sevgi haqqındakı qəzəlləri çox məşhurdur və urdu poeaziyasının oxunduğu Yanqun toplantıları və ya müşairələrdə səsləndirilir.

Qələm və kağız qadağasına görə deyirlər ki, o, şeirlərini həbs olduğu hücrənin divarlarına kömürlə yazarmış. Ona həsr edilən şeirlərdən bir neçəsi movzoleyin divarlarını bəzəyir.

İmperator kimi Zəfər ordu başçısı olmasa da, müsəlman və hinduları birləşdirən üsyanın simvolik rəhbərinə çevrilib. Tarixçilər, minlərlə müsəlman və hindu əsgərlərinin britaniyalılara qarşı çıxaraq Moğol imperiyasının bərpası üçün vuruşduqlarını söyləyirlər.

Hindistan və ya dünyanın başqa heç bir yerində anılmayan bu üsyanın bu il 160-cı ildönümüdür.

Tarixçilərə görə, milliyyətçilik və fundamentalizmin artdığı bir dövrdə Zəfərin tolerantlıq nümayişi, bu gün də öz aktuallığını qoruyur.

Titul və hakimiyyətini itirsə də, o, Sufi müqəddəsi və mistik şair kimi qəlbləri fəth edə bilib.//bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.