"Gələcəkdə şəxsi evlərdə də siqaret çəkənlərə qarşı cərimələr tətbiq olun bilər" - deputat

25-10-2018, 15:51           
"Gələcəkdə şəxsi evlərdə də siqaret çəkənlərə qarşı cərimələr tətbiq olun bilər" - deputat
"Gələcəkdə şəxsi avtomobillərdə və evlərdə də siqaret çəkənlərə qarşı cərimələr tətbiq olun bilər. Çünki əgər valideyn öz evində siqaret çəkirsə, o, ilk növbədə öz övladlarına zərər vurur. Düzdür, hələ ki, onlara qarşı heç bir cərimə tətbiqi yoxdur. Biz bu cür valideynlərə tövsiyə edirik ki, çalışıb evdə, şəxsi avtomobildə siqaret çəkməsin".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qəbul edilən qanun çox proqressiv sənəddir:

"Biz bu qanunu qəbul edən zaman dünyanın bütün mütərəqqi qanun təcrübələrini öyrənmişik. Hətta, biz bunun hansı ölkələrdə fayda vermədiyini də yoxlamışıq və bunun hansı ölkələrdə tətbiqində nöqsanlar olduğunu nəzərə almışıq. Artıq bu qanun layihəsi cənab Prezident tərəfindən də imzalanıb. Bu qanun ölkə əhalisinin sağlamlığını düşünən sənəddir. Bu həm də cəmiyyət mədəniyyətidir. İnsanlar bir-birinə hörmət etməlidir, bir-birini xəstəliklərdən qorumalıdır".

H.Rəcəbli qeyd edib ki, ictimai nəqliyyatda, o cümlədən avtomobillərdə, taksilərdə siqaret çəkilməsi yolverilməzdir:
"Biz bununla bağlı müvafiq qanun da qəbul etmişik. Dünyada da belə təcrübə var ki, hər hansı binanın müəyyən mərtəbəsində siqaret çəkilməsi üçün xüsusi yerlər ayrılır. Çünki evdə və ictimai yerlərdə siqaret çəkən zaman onun tüstüsü otaqlarda qalır. Bir siqaret tüstüsünün tərkibində isə 40 min adda ziyanlı maddə mövcuddur. Bunun 50-si xərçəng xəstəlikləri yaradır. İndi avtomobildə kimsə siqaret çəkir, sonra orada başqa adam əyləşəndə, siqaret tüstüsü onun səhhətinə ziyan vurur. Bunun üçün də biz müvafiq qanun qəbul etmişik. Bu qanunun mahiyyətində təkcə siqaret çəkənin deyil, onun yanında olan digər insanların da sağlamlığı nəzərə alınır".

Deputat vurğulayıb ki, hazırda ictimai yerlərdə və nəqliyyatda siqaret çəkənlərə qarşı cəza tədbirləri tətbiq olunur:

"Bunun cəriməsi 50 manat təşkil edir. Kimki bu qanunun tələblərini pozursa, ictimai yerlərdə siqaret çəkirlərsə və həmin sahibkarlar buna göz yumursa, onlar da cərimlənəcəklər. Restoran, kafe sahibləri ilk növbədə siqaret çəkən insanlar üçün şərait yaratmalıdır. Bu olmadıqda, burada əsas məsuliyyəti həmin sahibkar daşıyır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.