İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?

1-11-2019, 11:49           
İki nazirliyin əlillik “təcrübəsi” - və ya saxtakarlıq necə aşkarlanmalıdır?
Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib ki, bu il ərzində 2500 nəfər saxta əlillik statusu alan şəxs ifşa olunub: “Nəticədə dövlət büdcəsinə 13 milyon manata yaxın qənaət edilib. Ölkəmizdə müxtəlif əlillik dərəcələri olan, təxminən 620 min nəfər insan var. Bəziləri xroniki, patoloji, bəziləri qəzalar, işdə baş verən xəsarətlər və digər səbəblərlə əlaqədardır”.

Mövzu ilə bağlı AYNA-ya danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, vətəndaş əlillik statusu almaq üçün yaşayış yeri üzrə tibbi müəssisəyə müraciət etməlidir: “Hərtərəfli müayinədən sonra tibb müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik üçün lazım olan sənədləri göndərir. Bu, 88 nömrəli forma, tibbi arayış, diaqnoz və müayinə nəticələri qeyd olunan sənəddir. Bu sənədlər mütəxəssislərimiz tərəfindən nəzərdən keçirilir”.
“Eyni zamanda, ekspertlərə əlillik statusu üçün ərizə ilə müraciət edənin şəxsi məlumatları barədə məlumat verilmir. Ad, soyad və ev ünvanı kodlaşdırılır. Ekspertlərimizin qərarına əsasən əlillik statusu verilir”, - deyə F.Talıblı bildirib.

ƏƏSMN-in şöbə müdiri Sabir Qocayev isə AYNA-ya, əlilliyin necə ləğv olunması barədə məlumat verib: “Bizə təqdim olunan bütün sənədləri diqqətlə yoxlayırıq. Səhiyyə Nazirliyi əlillik üçün təqdim olunan sənədlərin əsassız olduğunu aşkar edərək bu barədə bizə məlumat verir. Bundan sonra Nazirliyimiz əlillik statusunun ləğvi barədə qərar qəbul edir. Əlimizdə olan bütün məlumatları prokurorluq orqanlarına göndəririk”.

Lakin həmsöhbət olduğumuz hüquqşünaslar hesab edirlər ki, əlillikdən məhrumetmə prosesi fərqli olmalıdır. Yəni əlillik üçün təqdim olunan sənədlərin əsassız olması Səhiyyə Nazirliyi tərəfindən aydınlaşdırılmamalıdır, bunu hüquq mühafizə orqanları etməlidir.

“Səhiyyə Nazirliyi yalnız təqdim edilmiş sənədlərin ekspertizası tələbi ilə prokurorluğa müraciət edə bilər. Əlillik üçün təqdim olunan sənədlərin əsassızlığı yalnız hərtərəfli müayinədən sonra sübut edilə bilər. Nə Səhiyyə Nazirliyi, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə səlahiyyətlərə malikdir. Sənədlərin əsassızlığı təsdiqlənərsə, bu, cinayətdə iştirak edənlərin hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə vəkil Kamandar Nəsibov bildirib.

Vəkil Elmar Süleymanov isə o fikirdədir ki, əlillik statusundan məhrumetmə məsələsinə məhkəmədə baxılmalıdır: “Müayinə nəticəsində əlil statusu almaq üçün təqdim olunan sənədlərin etibarsızlığını sübut edən faktlar aşkar edilərsə, məhkəməyə göndərilməlidir. Yalnız məhkəmə bu faktların etibarlılığını təsdiqlədikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik statusunun ləğvi ilə bağlı qərar verə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.