«MTN işi»ndə yeni ad: Nəriman Salmanov

1-02-2016, 10:42           
«MTN işi»ndə yeni ad: Nəriman Salmanov
Sabunçu Telekommunikasiya Qovşağının rəisinin Eldar Mahmudovla birbaşa münasibətləri olub

Bir müddət əvvəl ləğv edilmiş MTN-lə bağlı aparılan araşdırmalar nəticəsində ortaya çıxan cinayət faktları, təkcə Eldar Mahmudovun komandasının deyil, həmçinin digər nazirliklərin də rəsmilərinin «başını yeydi». Baş Prokurorluq tərəfindən açılmış cinayət işi ilə əlaqədar onlarla adam həbs olunub və bundan sonra da daha neçə nəfərin həbs olunacağı gözlənilir.

JAM.AZ xəbər verir ki, Eldar Mahmudovla əlaqəli olan şəxslərin siyahısını tərtib edən rəsmi qurumlar isə bu yaxınlarda maraqlı bir adla rastlaşıblar. Əslində, həmin şəxs elə böyük fiqrur olmamaqla yanaşı, həm də böyük bir vəzifə sahibi də deyil. Lakin strateji baxımdan mühüm bir rayonun məsul şəxslərindən hesab olunur.

Məlumatlarda iddia olunur ki, Sabunçu Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun Eldar Mahmudovla birbaşa əlaqəsi olub. Bu əlaqənin konkret hansı maraqlar üzərində qurulduğu müəmmalı olsa da, işin mahiyyətində birgə əməkdaşlığın olduğu dəqiq məsələdir.

JAM.AZ-a verilən məlumatlara görə, Nizami Salmanov bu əlaqəsindən geniş şəkildə yararlanmağı bacarıb. Onun hazırda «MTN işi»nə görə həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla münasibətləri ən yüksək səviyyədə qurulub. Təbii ki, Mahmudovun dəstəyi sayəsində. Həmin vaxt Gəncə Telekommunikasiya Qovşağının rəisi olan Salmanovun sonradan Sabunçuya təyinat alması da bu əlaqələrin gücünə mümkünləşib.

Amma Nizami Salmanovun istəyi daha böyük olub. O, keçmiş rəhbəri «MTN işi»nə görə həbsdə olan BTRİB-in rəisi postuna iddia edirmiş. Daha doğrusu, Vidadi Zeynalov onu bu məsələdə qızışdıran tərəf imiş. Hətta həmin vəzifəyə təyinat alması üçün 500 min manatın lazım olduğunu bildirib və həmin pulu Salmanovdan alıb da. Sadəcə, qovşaq rəisinin planının pozulmasının səbəbkarı da Eldar Mahmudov olub və o, qohumu Beytulla Hüseynovun həmin vəzifədə qalmasını təmin edib. Nəticədə, qazanan Vidadi Zeynalov olsa da, itirən Nəriman Salmanov olub.

İndi isə durum tamam fərqlidir və Nəriman Salmanovu heç işdən çıxarılması da maraqlandırmır. Onun əsas dərdi Eldar Mahmudovla olan əlaqələrinin üzə çıxması və bunun artıq həbsinə yol aça biləcəyi təhlükəsinin yaratmasıdır. JAM.AZ məlumat verən mənbə iddia edir ki, sabiq nazirlə birbaşa əlaqə qurmağa nail olmuş Salmanovun bir sıra tapşırıqlar yerinə yetirdiyi də məlumdur. Və onların üzərinin açılması onun həbsini reallaşdıra bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.