Cahangir Hacıyevin ixraca vurduğu zərbə: - iş adamı İlham Əliyevdən dəstək xahiş edir

1-02-2016, 13:42           
Cahangir Hacıyevin ixraca vurduğu zərbə: - iş adamı İlham Əliyevdən dəstək xahiş edir
Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Zeynulla Qurbanov Beynəlxalq Bankın keçmiş komandasının korrupsioner fəaliyyətinin nəticəsi olaraq bazardan çıxarılmış iki uğurlu Azərbaycan brendinin bərpası üçün prezident İlham Əliyevdən, hökumətdən dəstək istəyir. Xatırladaq ki, virtualaz.org saytı ötən buraxılışlarında Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin komandasının Z.Qurbanovun biznesini ələ keçirməyə yönəlmiş fəaliyyəti barədə araşdırmanı dərc etmişdi.

Bu fəaliyyətin nəticəsində iş adamının Azərbaycanda istehsal olunan nar şirələrinin Rusiya bazarında geniş tanınmasına, ixracının artmasına imkan verən “Ograe” və “Leyli” ticarət markaları bazardan çıxarılıb. Bunlar Rusiya bazarında ilk milli Azərbaycan brendləri idi. Ancaq Cahangir Hacıyevin komandasının, Beynəlxalq Bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın keçmiş menecmentinin hərisliyi ucbatından Azərbaycandan qeyri-neft məhsullarının ixracına ciddi zərbə vuruldu.

İlham Əliyevin başlatdığı islahatlar iş adamını ruhlandırıb

İndi iş adamı Azərbaycanda prezident İlham Əliyevin başlatdığı radikal iqtisadi islahatlardan ruhlanaraq itirdiklərini qaytara biləcəyinə, ölkədən qeyri-neft məhsullarının ixracına dəstək verərək Rusiya bazarında itirilmiş mövqeləri yenidən bərpa edəcəyinə inanır.

Bəs Zeynulla Qurbanov kimi Azərbaycan məhsullarının xarici bazarlara ixracına, milli brendlərin yaradılmasına çalışan iş adamlarının məhz indi prezidentdən dəstək istəməsi niyə aktualdır? Dövlət niyə məhz indi bu cür iş adamlarına dəstək verməli və onların qeyri-neft məhsullarının ixracını genişləndirmək təşəbbüsünü təşviq etməlidir?

Ucuzlaşan neft və prezidentdən ixraca dəstək sərəncamı

Hamıya bəllidir ki, dünya bazarlarında neftin kəskin ucuzlaşması ixracı neftdən asılı olan digər ölkələr kimi Azərbaycan iqtisadiyyatına da zərbə vurdu. Manat dəyərdən düşdü, ölkədə valyuta qıtlığı yarandı, idxal malları kəskin bahalaşdı. Bütün bunlar iqtisadiyyatı qeyri-neft sektoru relsinə keçirməyin nə dərəcədə kritik əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoydu. Çünki ixracın 97 faizinə yaxınını neft və qaz təşkil etdiyi üçün ölkəyə valyuta da əsasən bu xammalın hesabına daxil olurdu. Və indi neft dəyərdən düşüb, ölkəyə dollar axını da kəskin azalıb.

Prezident İlham Əliyev ölkəni bu iqtisadi çətinliklərdən çıxarmaq üçün radikal islahatlar başladıb və bu islahatların istiqamətlərindən biri də qeyri-neft sektorunda ixrac potensialını sürətlə genişləndirməkdən, ixracı təşviq etməkdən ibarətdir. Bu məqsədlə prezident xüsusi dair sərəncam imzalayıb. Həmin sərəncama əsasən xarici bazarlarda Azərbaycan istehsalı olan məhsulların tanıdılması və satışının təşkili üçün 1 ay ərzində normativ-hüquqi aktlar hazırlanmalı, bu məhsulları ixrac edən sahiblarlara güzəştlər tətbiq edilməli, kreditlər verilməlidir.

Azərbaycan üçün bir gün belə vaxt itirmədən qeyri-neft məhsullarının ixracını genişləndirməyin nə dərəcədə kritik əhəmiyyət təşkil etdiyini qeyd etməyə lüzum yoxdur. Çünki iqtisadiyyat haqda elementar anlayışlara malik olan hər kəsə aydındır ki, neftin qiymətinin nə qədər indiki səviyyədə qalacağı bəlli olmadığı bir vaxtda qeyri-neft məhsullarının ixracı genişləndirilməsə ehtiyatlar xərclənib tükənəcək və ölkə valyutasız qalacaq. Bu isə idxal əməliyyatlarının iflic olması, hətta ən zəruri malların qıtlığının yaranması deməkdir. Deməli, qeyri-neft məhsullarının ixracını təşviq etmək hazırda hökumətin bir nömrəli prioriteti olmalıdır.

Yaranan imkanlar və məyusedici vəziyyət

Şübhəsiz ki, Azərbaycan üçün əsas ixrac bazarlarından biri Rusiyadır. Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq etdiyi ərzaq embarqosundan və Türkiyə ilə münasibətlərin korlanmasından sonra Azərbaycanın bu ölkəyə meyvə-tərəvəz ixracı üçün imkanlar artıb.

Lakin acınacaqlı haldır ki, Azərbaycan və Rusiya arasında münasibətlərin indiki yüksək inkişaf səviyyəsinə, siyasi münasibətlərin yaxşı olduğuna baxmayaraq Azərbaycan öz məhsullarını ixrac etmək baxımından bu imkanlardan maksimum faydalana bilmir. Rusiya bazarına meyvə-tərəvəz ixracında artım müşahidə edilsə də emal müəssisələrinin bu ölkəyə hazır məhsul ixracında vəziyyət ürəkaçan deyil. Hazırda Rusiyada bir dənə də olsun geniş tanınmış Azərbaycan brendinə rast gəlmək mümkün deyil.

“Canik”in komandası ermənilərə necə xidmət göstərdi

Z.Qurbanov virtualaz.org saytına açıqlamasında deyir ki, Beynəlxalq Bankın keçmiş komandasının onun biznesini ələ keçirmək səyləri ucbatından böyük əziyyət hesabına başa gəlmiş, bazar dəyəri on milyonlarla dollarla ölçülən “Ograe” brendi qısa müddət ərzində erməni markalarını bazardan sıxışdırmışdı. İndi isə ermənilər bazarda at oynadır. Onlar Azərbaycan narından istehsal edilmiş nar şirəsi konsentrantlarını alır, daha sonra Moskva ətrafındakı müəssisələrdə həmin xammaldan nar şirəsi istehsal edir və erməni şirələri adı altında bazara çıxarır.

Rusiya marketlərində erməni şirələri

“Leyli” (leyli.ru) və “Ograe” brendləri “MBA-Moskva”nın keçmiş menecmentinin cinayətkar əməlləri sayəsində piştaxtalardan yığışdırılandan sonra ermənilərin “Yan”, “Noyan”, “Arshani” və “Tamara” kimi meyvə şirələri, cem brendləri bazarda faktiki olaraq liderlik edir. Və biabırçılıq odur ki, həm də Azərbaycan narının hesabına. Azərbaycan narın vətəni ola ola onun şirəsini sözün əsl mənasında ermənilər çəkir və bizim məhsulumuzu öz adlarına bazara çıxarır...

Boşalan yeri tuta bilmədik...

Qeyd etmək lazımdır ki, Rusiya ilə siyasi münasibətləri kifayət qədər gərgin olan, əraziləri bu ölkə tərəfindən faktiki işğal edilən Gürcüstan da öz məhsullarını bu ölkə bazarına çıxarmaq baxımından Azərbaycandan çox qabaqdadır. 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstanın “Borjomi” mineral suları, gürcü şərabları və digər məhsullarının Rusiya bazarına idxalına qadağa qoyuldu.

Bu geosiyasi burulğan sayəsində Azərbaycan məhsullarının bu bazarda özünə yer tutması üçün əlverişli fürsət yarandı. Lakin acınacalıdır ki, Azərbaycan həmin vəziyyətdən istifadə edə bilmədi. Hansı ki, marketinq üzrə mütəxəssislər deyir ki, həmin mərhələdə Azərbaycan brendlərini Rusiya bazarında minimal xərclə tanıtmaq, emal müəssisələrinin müxtəlif məhsullarına rusiyalı istehlakçılar arasında nüfuz qazandırmaq olardı.

İndi isə Gürcüstan məhsulları yenidən Rusiya bazarına qayıdıb. Məsələn, Rusiyanın bütün iri federal strukturlarında geniş təmsilçilik və ORT kanalında yaxşı reklam kampaniyası sayəsində hazırda “Borjomi” suları supermarketlərdə nar şirələrinin qiymətinə (!) satılmaqdadır.

Azərbaycan şərabları gürcü şərablarından geri qalmırsa...

Həmçinin son illər Gürcüstan şərabları Rusiya bazarlarına ixracı artıb. Hərçənd ki, Azərbaycanda son illərdə prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyası çərçivəsində, özəl və dövlət investisiyaları hesabına ən son texnologiyalara əsaslanan emal müəssisələri, şərab zavodları yaradılıb. Bu müəssisələrdə istehsal edilən şərablar öz keyfiyyətinə görə gürcü şərablarından heç də geri qalmır, hətta daha üstündür.

Lakin fakt budur ki, Azərbaycan şərabları Rusiya və digər xarici bazarlarda özünə mövqe qazana bilmir. Səbəb isə düzgün marketinqin, reklamın olmaması, ixrac imkanlarından düzgün istifadə edilməməsidir. Nəticədə Rusiyada geniş tanınan Azərbaycan brendinə rast gəlmək mümkün deyil, nə şirələrdə, nə digər içkilərdə. Konservləşdirilmiş məhsullar sahəsində “Azərsun” şirkəti bazara girmək istəyir, ancaq hələ istənilən nəticə əldə edilməyib.

“Leyli” brendi sıxışdırıldı, Ağsuda iş yerləri bağlandı

Vaxt isə gözləmir. Bazar iqtisadiyyatının qanunları amansızdır. Əgər büdrədinsə dərhal yerini tutacaqlar, sıxışdırıb çıxaracaqlar. Deməli ləngimədən qeyri-neft məhsullarının ixracını genişləndirməyə yönəlmiş təşəbbüsləri dəstəkləmək, bütün diqqəti bu sahəyə yönəltmək lazımdır. İxrac, marketinq düzgün qurulmayıbsa nə qədər investisiya qoyulsa da, nə qədər yeni texnologiyalar cəlb edilsə də nəticə uğurlu olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.