«Ziyad Səmədzadə, axı sən hansı xidmətlərinə görə belə ərköyünlük edirsən?» - Açıq məktub
3-02-2016, 09:52
«Təzadlar», həmçinin AMEA-nın müxbir üzvü, xeyli müddət AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş professor Şahbaz Muradovun akademik Ziyad Səmədzadəyə şəxsən göndərdiyi «Açıq məktub»unu əldə edib. Aşağıda Ş.Muradovun uzun illər dostluq etdiyi dostuna şok ittihamlı məktubunu təqdim edir:
AMEA-nın həqiqi üzvü, i.e.d., professor Z.Ə.Səmədzadəyə
AÇIQ MƏKTUB
Əzizim Ziyad Əliabbas oğlu!
Sizin "01" sentyabr 2000-ci il tarixli işdən çıxmağınız barədə mənə ünvanladığınız ərizəni "8" sentyabr 2000-ci il tarixdə aldım. Təəssüfləndiyim və təəccübləndiyim üçün məcburiyyət qarşısında qalıb sizə ilk və bəlkə də son dəfə olaraq aşağıdakı fikirlərimi çatdırmağı özümə borc bilirəm. Unutmamısınızsa, biz hər ikimiz bir-birimizi 1956-cı ildən Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda bir qrupda (216-cı qrupda) təhsil aldığımız dövrdən tanıyırıq. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra hər ikimiz Akademiyanın İqtisadiyyat İnstitutuna işə köndərilmiş və burada da eyni bir şöbədə, yə"ni mərhum M.M. Allahverdiyevin rəhbərlik etdiyi "Kənd təsərrüfatının iqtisadiyyatı" şöbəsində işləmişik. Bütün namizədlik minimum imtahanlarına birlikdə hazırlaşmış və eyni vaxtda yüksək qiymətlərlə vermişik. Sonra sən mənə nisbətən iqtisadi çəhətdən az da olsa imkanlı olduğun üçün Moskvaya aspiranturada təhsil almağa getdin. Biz müvəqqəti olaraq cismən bir-birimizdən ayrıldıq. 1965-ci ilin 24 fevralında mən Bakıda, 25 fevralında isə sən Moskvada namizədlik dissertasiyası müdafiə etdik. Mən həmin gün teleqram vurub səni təbrik etdim. Halbuki, səndən nə belə bir təbrik teleqramı, nə də bir məktub almadım. Sonra sən yenidən doğma institutumuza işə qayıtdın. Mənim oturduğum iş stolum pəncərənin qabağında idi. Məlum səbəbdən işıqlı olsun deyə, öz iş stolumu sənə verdim, özüm isə keçib arxa stollardan birində əyləşdim. Həmin vaxtlar mən Akademiyanın Komsomol Komitəsinin büro üzvü və İnstitut Komsomol Təşkilatının katibi idim. Sən Moskvadan qayıtdıqdan sonra mən sənin əvvəlcə institutda öz yerimə Komsomol Təşkilatının katibi, sonra isə Akademiyanın Komsomol Komitəsinin birinci katibi vəzifəsinə namizədliyini irəli sürdüm və dostlarımın köməkliyi ilə sənin bu vəzifəyə seçilməyinə nail oldum (sən Moskvada oxuduğundan burada səni tanıyan yox idi. Mən səni irəli verdim ki, ictimai işlərdə işləyib o vaxt üçün zəruri olan partiyaya keçə biləsən). Bilirsən ki, o vaxt bu vəzifəyə bir neçə adamın, o cümlədən Akademiya Komsomolunun keçmiş katibi Tofiq Sultanovun namizdləyi köstərilmişdi. Respublika Komsomol Təşkilatı ilə Akademiyanın Komsomol təşkilatı arasında bu məsələ barəsində böyük mübahisə yaranmışdı. Respublika Komsomol Təşkilatı bu vəzifəyə öz adamını, biz isə Tofiq Sultanovu seçmək istəyirdik. Qüvvələr parçalanmışdı və böyük çətinliklərlə üz-üzə qalmışdıq. Müvəqqəti olaraq vəziyyətdən çıxmaq üçün yollar axtırırdıq. O vaxt kənc elmlər namizədi kimi mənim Akademiyanın Komsomol Təşkilatında müəyyən nüfuzum var idi. Mübahisəni kəsmək məqsədilə bir qrup yoldaşlarla məsləhətləşib Moskvada dissertasiya müdafiə edib gələn bir gənc alim kimi sənin namizədliyini irəli sürdüm və həmkarlarımı məni müdafiə etməyə çağırdım. Məsələni öz aramızda belə qoyduq ki, səni müvəqqəti olaraq bu vəzifəyə seçək və ara sakitləşdikdən 3-4 ay sonra sən ərizə verib çıxacaqsan, biz bu vəzifəyə yenidən T.Sultanovu seçərik. Bəli, səni, komsomol işində təçrübəsiz bir adam kimi, bu şərtlə seçdik. Ancaq sən sonradan şərti pozdun, könüllü çıxmadın və Akademiyanın Komsomol Təşkilatının işini bir ilin ərzində yarıtmaz vəziyyətə saldın. Hamı məni sənin belə işinə görə məzəmmət etdi. Az sonra Respublika Komsomolunun qurultayı oldu. Sən də Akademiyanın Komsomol Komitəsinin katibi kimi bu qurultaya nümayəndə, qurultayda isə Respublika Komsomolu Mərkəzi Komitəsinin üzvü seçildin. Bu vaxtdan sənin qarşında yaşıl işıq yandı. Halbuki bu vəzifəyə seçilənədək sən nə ali məktəbdə oxuduğumuz dövrdə, nə də ondan sonra heç bir içtimai vəzifə daşımamışdın. Yalnız özfəaliyyət dərnəyində tar çalırdın. İlk ictimai vəzifən məhz birbaşa Akademiyanın Komsomol Təşkilatının katibi seçilməyin olub. Təsadüfi deyildir ki, bir neçə il sonra Respublika Komsomolu Mükafatı Laureatı adını da asanlıqla aldın. Yadında qalmamış deyil ki, məhz Mədəd müəllimlə mən sənin institutda elmi katib, sonra isə şöbə müdiri vəzifələrinə seçilməyində nə qədər böyük rol oynadıq. Halbuki, Mədəd müəllim Akademiyadan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutuna direktor vəzifəsinə köndərilərkən öz yerinə şöbə müdirliyinə mənim namizədliyimi irəli sürərkən sən və bəzi "dostların" bunu böyük qısqanclıqla qarşılamışdınız. Allah rəhmət eləsin Əhməd müəllimə (Ə.Mahmudov.Red.)! O, məni çağırdı, 2-3 saat mənimlə söhbət etdi və yalnız mənim şöbə müdiri olaçağıma razılıq verdi, bunu həyata keçirdi. Sənin şöbə müdiri vəzifəsinə seçilmək məsələn həll edilərkən isə (sən daha təçrübəli və bilikli N.Əbdürrəhmanovla eyni şöbəyə ərizə vermişdin. İnstitutun Elmi Şurasında onun özü, Q.Əbdülsəlimzadə və başqaları səni möhkəm tənqid atəşinə tutdular. Mən həmin elmi Şurada sinəmi irəli verib səni müdafiə etdim və sən şöbə müdiri seçildin). Mən elmi şura üzvləri, o cümlədən bəzi ağsaqqallarımızla sənin bu vəzifəyə seçilməyinlə bağlı nə qədər gərgin iş apardım, yəqin ki, sən unutmamısan. bunu akademik A.Nadirov, Akademiyanın müxbir üzvü A.Ələsgərov və bir çox başqaları indi də təsdiq edirlər.
Yadına sal doktorluq dissertasiya müdafiəmizi. Mənim işimin müzakirəsində N.Əbdürrəhmanov və Q.Əbdülsəlimzadə məndən sənin şöbə müdiri vəzifəsinə seçilməyinin qisasını almağa çalışdılar və mənə çox böyük əziyyət verdilər. Mənim dissertasiya işimin müzakirəsi 18 sentyabr 1970-ci ildə şöbədə, dekabrın əvvəllərində isə institutun elmi şurasında oldu. Sən o vaxtlar müxtəlif yollarla çalışıb məndən qabaq, yəni 13 dekabr 1971-ci ildə müdafiə etdin. Mən isə 24 yanvar 1972-ci ildə. Q.Əbdülsəlimzadə və başqalarının təsiri ilə mənim müdafiə işimin Akademiyanın böyük Elmi Şurasında təsdiqi 27 aprel 1972-ci ilədək ləngidildi. Həmin gün sənin doktorluq dissertasiya işin Moskvada təsdiq oldu. Mənim doktorluq dissertasiya işimin sənədləri isə yalnız 1972-ci ilin 27 mayında Moskvaya göndərildi və 07 iyul 1972-ci ildə Moskvada təsdiq edildi. 42 gün ərzində. 1976-cl ilə kimi yenə birlikdə İqtisadiyyat İnstitutunda hərəmiz bir şöbənin müdiri olaraq işlədik. Dostluq- qardaşlığımıza hamı həsəd aparırdı. Paxıllıq çəkənlər də az deyildi. Hərdən bir-birimizlə mübahisəmiz də olurdu.
«Sən vəzifələrə gedəndən sonra özünə yeni "dostlar" tapdın, varlandın, pul qazandın. Artıq gözlərin ayağının altını görmədi…»
Unutmamısansa, rəhmətlik Balaca müəllim bir dəfə hər ikimizi çağırıb dedi: "Siz çalışın həmişə bir olun. Bir olsanız, heç kəs sizə bata bilməz". Bəs sonra nə oldu? Sən 1976-cı ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə işə keçdin. 1978-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor oldun. Həmin illərdə sənin yoldaşlıq hisslərində qeyri-səmimilik yaranmağa başladı. Yadındadırmı, mən sənin toyunda "sağdişin" olmuşdum və bütün geçəni səhərə kimi Buzovnadakı evinizin həyətində keçirdim. Oğlum Rəşadın adını sən qoydun. Əvvəllər hər il sən onun ad gününə, mən də sənin qızın Aygünün ad gününə gəlirdik. Gözəl günlər idi. Sən vəzifələrə gedəndən sonra özünə yeni "dostlar" tapdın, varlandın, pul qazandın. Artıq gözlərin ayağının altını görmədi.
1980-ci ildə mənim müəlliflərdən biri olduğum, akademik Ə.Sumbatzadə və Ə.Mahmudovun rəhbərliyi ilə "Müasir mərhələdə Azərbayçan İqtisadiyyatı" (20 ç.v.) adlı monaqrafiyamız nəşr olundu.
«Vəzirov hakimiyyətə gəldikdən sonra sən Ali Sovetin iclasında öz çıxışında göstərdin ki, 70-ci illərdə, yə"ni H.Əliyevin hakimiyyəti illərində Azərbaycanda həyat səviyyəsi 1,7 dəfə aşağı düşüb»
Sənin də Mirağa Musayev ilə birlikdə yazdığınız "10-cu beşillikdə Azərbaycanın sosial-iqtisadi inkişafı" adlı (10-12 ç.v.) kitabınız çapdan çıxdı (qeyd edim ki, Vəzirov hakimiyyətə gəldikdən sonra sən Ali Sovetin iclasında öz çıxışında həmin dövrdə bu kitabda göstərdiyin nailliyyətlərin üstündən qara xətt çəkdin və göstərdin ki, 70-ci illərdə, yəni H.Əliyevin hakimiyyəti illərində Azərbaycanda həyat səviyyəsi 1,7 dəfə aşağı düşüb. Çıxışın o vaxtın qəzetlərində qalıb). Bizim monoqrafiyamız Respublika Dövlət mükafatına təqdim edildi. Sizin kitab da bu mükafata təqdim olunmuşdu. O vaxt bu mükafatı almaqda bizə açıq-aşkar mane oldun. Biz hamımız birlikdə səndən xahiş etdik ki, gəl hər iki kitabı birlikdə mükafata təqdim edək. Sən bu mükafatı tək almaq istəyində idin. Ona görə bizimlə birləşmədin. Hətta səninlə həmmüəllif olan Mirağanın adını belə təqdimatdan çıxartmışdın. Son dəfə həmin ilin 31 martında səninlə ikimiz dəniz qırağında kecə saat 12-yə kimi söhbət edib razılaşdıq ki, birləşib işimizi kollektiv halda mükafata təqdim edək. Səhərisi gün 01 apreldə yenə sənə zəng etdim. Mən gəlib rəhmətlik Əhməd müəllimə bildirdim ki, Ziyadla razılaşdıq. Sən qırmızıca mənə bildirdin ki, bizim söhbətimiz aprelin 1-də olduğundan, sən mənə yalan söz verib məni aldatmısan. Beləliklə, nə sən bu mükafatı aldın, nə də biz - Sənin dostların və ağsaqqalların!
Mən sənin hansı xəyanətlərini yadına salım? Bu, bir deyil, iki deyil, onlarladır. Sonra sən artıq Azərbaycan KP MK-ya şöbə müdiri vəzifəsinə keçdin (1983-1991-ci illərdə). O vaxtlarda sən bizim doğma institutumuza heç bir köməklik etmədin, əksinə, daim bizimlə ziddiyyətdə oldun.
1991-ci şşn oktyabr ayından 1992-ci ilin may ayınadək Azərbaycan Respublikası Ali Soveti sədrinin 1 mavini, 1992-ci ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Resqlublikasının Baş Nazirinin birinci müavini, 1992-ci ilin noyabr ayından 1994-cü ilin aprelinədək Avropa Birliyi Komissiyasının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Milli Koordinator vəzifəsində çalışmısan. Sonuncu vəzifədən möhtərəm Prezidetimiz cənab H.Əliyevin Sərəncamı ilə azad edilmisən. Sənin bütün faciələrin, yəni köhnə dostlarına yuxarıdan baxmağın da məhz 1976-cı ildən başladı və get-gedə artdı. Bu vəzifələrdə işlədiyin illərdə mənimlə bütün əlaqələrini qırdın. Az-az da olsa, həmişəki ailəvi get-gəlişə son qoydun. İki qız övladlarının heç birinin toyuna çağırmadın. Bu vəzifələrdə işlədiyin dövrdə adını özün qoyduğun ilk övladım Rəşadın həmişə gəldiyin ad gününə gəlmədin. O, namizədlik dissertasiyası müdafiə edərkən nə onu, nə də məni təbrik etmədin.
«Yadındadırsa, Vəzirovun və Rafiq Əliyevin otağından çıxıb, ürək açıqlığı edib əhvalatı sənə xəbər verdim, səninlə məsləhətləşdim. Sən isə sonradan qaçıb Mütəllibovun vasitəsilə mənim işlərimi pozdun…»
Üstəlik, Vəzirov - Mütəllibov hakimiyyəti dövründə mənim Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna rektor göndərildiyim vaxt mənə maneçilik törətdin. Yadındadırsa, Vəzirovun və Rafiq Əliyevin otağından çıxıb, ürək açıqlığı edib əhvalatı sənə xəbər verdim, səninlə məsləhətləşdim. Sən isə sonradan qaçıb Mütəllibovun vasitəsilə mənim işlərimi pozdun və Fuad Ələskərovun rektor getməsinə köməklik etdin. Bir xeyli keçdikdən sonra Mütəllibov və R.Əliyev bu məsələdə sənin künahkar olduğunu mənə dedilər. Mən isə heç zaman bu hərəkətlərinə görə səndən üz döndərmədim. Fikirləşdim ki, mən uca dağlarda, təmiz suyu və havası olan Laçında, sən isə Neft yataqları bol olan bir məkanda, alverin baş alıb getdiyi bir yerdə dünyaya göz açmısan. Yəqin bu, sənin deyil, təbiətin təqsiridir. Bütün bunları ona görə deyirəm ki, papağını qabağına qoyub fikirləşəsən.
Bunlar azmış kimi, 1989-cu ildə Akademiya seçkilərində mənim haqqımı tapdalayaraq bir dəstə elm "qoçuları" ilə birləşib (mərhum akademiklər Ə.Sumbatzadə, Z.Bünyadov, P.Əzizbəyova və başqaları ilə) mənim Akademiyanın müxbir üzvü seçilməyimə də maneçilik törətdin. Mənə təsir edən o olmadı ki, mən Akademiyanın üzvlüyünə seçilmədim, o oldu ki, sən əvvəllər nifrət etdiyin, heç zaman alim saymadığın bir "alimə" dəstək verdin. Mənim haqqımı tapdalayanlara Böyük Allah özü dərs verdi.
«1991-ci ildə İqtisadiyyat İnstitutuna direktor seçkilərində də sən, akademik Z.Bünyadov və Ə.Sumbatzadə mənə maneçilik törətdiniz…»
Bir də qismət Allahdandır. Necə deyərlər: "Arıq akademik və müxbir üzvü" olmaqdansa, "kök elmlər doktoru" olmaq daha yaxşıdır. 1991-ci ildə İqtisadiyyat İnstitutuna direktor seçkilərində də sən, akademik Z.Bünyadov və Ə.Sumbatzadə mənə maneçilik törətdiniz. Böyük Allah hamıya layiqincə verir. Sənin mənim qarşımda o qədər günahların var ki, bunları sayıb qurtarmaq mümkün deyil. Fikirləş gör, mənim sənə nə pisliyim keçib? Gör sən nə qədər qəddarsan ki, hətta özəl "Təfəkkür" Universitetində dərs deməyimə də iki ildir ki, maneçilik törətməyə cəhd edirsən. Orada mən dərs deməyə layiq deyiləmsə, bəs kim layiqdir? Axı sən mənimlə bir qrupda oxumusan. Özün yaxşı bilirsən ki, mən necə oxumuşam, sən necə oxumusan. Ali məktəbdə oxuduqumuz vaxt keçmiş SSRİ-də siyasi-iqtisad sahəsində ən görkəmli alimlərdən biri olan professor H.Dadaşovun siyasi iqtisadı mənim necə bilməyimə verdiyi yüksək qiyməti və Azərbaycan Dövlət Universitetində yaradılmış "Siyasi iqtisad" dərnəyinə məni rəhbər təyin etməyini unutmamısan ki? O dərnəkdə sən bircə dəfə də olsun belə iştirak və çıxış etməmisən. Bunu dostumuz i.e.d. Əli Nuriyev də təsdiq edə bilər. Namizədlik minimum imtahanları ərəfəsində K.Marksın "Kapital"larını birlikdə oxuyurduq. Çox şeyi mən sənə izah edirdim, mən bu elmi həmişə səndən yaxşı bilmişəm. İndi də belədir. Hər halda yazdığım kitablar səninkilərdən az deyil, əksinə, qat-qat çoxdur. Hazırladığım elmlər namizədlərinin sayı da səninkindən bir neçə dəfə çoxdur. Mən səndən fərqli olaraq, 40 ildən çoxdur ki, daim elmi müəssisədə işləyirəm, elmlə məşğulam. Yetim-yesirə, kimsəsizlərə rəhbərlik etmişəm. Çoxlarını halal çörək sahibi etmişəm. Belə isə, hansı məntiqlə sənə dərs demək olar, mənə isə yox?
1993-cü ildə sənin ağır günlərində mən və Ağasəlim müəlim səni Akademiyaya işə dəvət etdik. 7 il ərzində bir gün belə işə gəlməmisən, bir səhifə iş yazıb, instituta təhvil verməmisən. Mənə Akademiyanın Rəyasət Heyəti etimad göstərib 1999-cu ilin əvvəlində doğma institutumuza rəhbərlik etmək vəzifəsini həvalə etmişdir. Bu, mənim üçün həm şərəfli bir iş, həm böyük imtahan, həm də böyük məsuliyyətdir. Sənə bir dost kimi müraciət etdim ki, gəl mənə bu işdə köməklik et, heç olmazsa, şöbələrdən birinə rəhbərlik et, etmədin! Bu ağır vaxtlarda institutun heç bir işinə yaramadın. Hətta elmi şuranın içlaslarına belə gəlmirsən. Bu ağır günlərimdə sən yox, akademik Asəf Nadirov mənə dayaq durdu. Professor Ağasəlim müəllim mənə hər cür köməklik göstərir. Sağ olsunlar. Onlar bununla öz doğma institutlarına, öz alimliklərinə hörmət edirlər. Bəs sən?
«Axı sən hansı xidmətlərinə görə belə ərköyünlük edirsən?»
Axı, sən də bu institutun övladısan! Yoxsa ürəyində paxıllıq hissi baş qaldırıb, nədir? Bu illər ərzində dəfələrlə əmək intizamını pozub, şəxsi mənafeyin naminə özbaşına 20-25 günlərlə xarici ölkələrə getmisən və bu zaman iş yerində adi bir xəbərdarlıq ərizəsi belə qoymamısan. Məgər akademikə, alimə belə hərəkətlər yaraşarmı? Axı sən hansı xidmətlərinə görə belə ərköyünlük edirsən? Akademiyanın bu ağır günlərində nə üçün sən doğma institutuna kömək etmək istəmirsən və çox pul qazanmağa üstünlük verirsən?! Axı, bu institut olmasaydı, sən elmlər namizədi, elmlər doktoru, akademik olmazdın. Hörmətli prezidentimiz siz akademiklərin akademiklik məvacibini 10 dəfə artıraraq, yarım milyon manata qaldırdı. Bəs siz bunun əvəzində Akademiyaya nə kimi xidmət göstərdiniz? Sən və sənin kimi bəzi akademiklər Akademiya institutlarında əmək haqqı az olduğundan özəl institutlarda dərs deməyə, orada kafedra müdiri, prorektor olmağa üstünlük verirsiniz. Olun! Ancaq heç olmazsa, orada 0,5 ştatla işləyin, akademikliyinizin xatirinə, Akademiyanın qorunub saxlanılması xatirinə, Akademiya institutlarından da əlinizi çəkməyin. Unutmayın ki, ən böyük məvacibi buradan alırsınız. Akademik adınız olmasaydı, sizə kim belə üstünlük verərdi? Axı sizi özəl institutlara ona körə dəvət etmirlər ki, siz yaxşı dərs deyə bilirsiniz. Sadəcə, onların institutunda akademiklərin sayı çox olsun deyə, çağırırlar. Siz akademik olmasaydınız, bəlkə sizi heç texnikuma da dərs deməyə çağırmazdılar. Axı, sizin bir çoxunuzun bir müəllim kimi dərs demək səriştəniz də yoxdur. Bu, hamıya bəllidir. Bəs nə üçün siz Akademik seçildiniz? Təkcə şöhrət xatirinəmi? Bu, Akademiyaya xəyanət deyilmi? Bu, öz elminə arxa çevirmək deyilmi? Bəlkə elə bütün bunlara görədir ki, hörmətli Prezidentimiz cənab Heydər Əliyev sizi və sizin kimiləri haqlı olaraq "konyuktura adamı" - konyukturçik adlandırmışdır. Bu sözlərə görə incimə. Sən 7 ildən çoxdur ki, bizim institutda tam ştatla baş elmi işçi (qlavnıy nauçnıy sotrudnik) vəzifəsini tutursan.
«Sən Akademiyaya, öz işinə o qədər laqeydsən ki, hətta burada tutduğun vəzifənin adını belə bilmirsən…»
Ərizəndə isə yazırsan ki, xahiş edirəm məni aparıcı elmi işçi vəzifəsindən azad edəsiniz. Sən Akademiyaya, öz işinə o qədər laqeydsən ki, hətta burada tutduğun vəzifənin adını belə bilmirsən. Bizdə, hətta sənin əmək kitabçan belə yoxdur. Əmək Məcəlləsinə görə isə, işçinin əmək kitabçası onun əsas iş yerində olmalıdır. Belə çıxır ki, eyni vaxtda sən bir çox yerdə özünə əsas iş yeri tapmısan. Bu, sənin öz işindir. Ancaq bizim institutda əmək kitabçan olmadığı halda, biz səni işdən necə azad edək? İşlədiyin dövrdə institutdan 12,5 milyon manatdan çox əmək haqqı almısan və bunun əvəzində öhdəndə olan plan işini 7 ildir ki, müxtəlif bəhanələrlə instituta təqdim etməmisən. Bu illər ərzində sən "Dağlıq Qarabağ haqqında" əvvəllər yazdığın materiallar əsasında plandan əlavə kiçik bir kitabça yazıb, akademik Salayevin ürəyiyumşaqlığından istifadə edərək, institutun hesabına 10 milyon (on milyon) manat vəsait alıb o kitabçanı çıxartmısan (1994-cü ildə). Məgər bu, sənin elm qarşısındakı xidmətindir, yoxsa vətəndaşlıq borcun? Hər yerdə bu, heç kimə lazım olmayan və institutdan xəbərsiz kimlərə payladığın məlum olmayan kitabı gözümüzə soxursan. Axı eyibdir! Axı sən Ağasəlim müəllimi də pis vəziyyətdə qoyursan. Çünki sən onun şöbəsinin işçisisən. Yaxşı-yaxşı fikirləş! Gör düzgünmü hərəkət edirsən? Axı bu, son anda yaxşı nəticə verməz.
Son dəfə səndən keçmiş dost kimi, həm də institutun əməkdaşı kimi xahiş edirəm ki, bütün bu deyilənləri nəzərə alasan və çətinlikdən bizi qurtarasan. Nəzərə al ki, sənin yerinə yetirməli olduğun “Müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi” adlı tədqiqat mövzusu sənin öz təkidinlə Dövlət Planına salınmışdır və bu il onun yerinə yetirilmə müddəti başa çatır. Sən isə bu işdən son 5 il ərzində müxtəlif bəhanələrlə bir səhifə belə instituta təhvil verməmisən. Hər dəfə müxtəlif bəhanələrlə bizi aldatmısan, akademikliyindən sui-istifadə etmisən. Bu məktuba instituta borclu olduğun işlərin siyahısını da 2 səhifəlik məktuba əlavə edirəm.
Dərin hörmətlə, Ş.M.Muradov
21.09.2000-ci il».
Redaksiyadan: Qarşı tərəf olaraq akademik Ziyad Səmədzadənin də mövqeyini dərc etməyə hazırıq.
(Davamı var)