Prezidentin fərmanı icra başçılarını təlaşa salıb... - Abıyev əndişədə...

4-02-2016, 17:11           
Prezidentin fərmanı icra başçılarını təlaşa salıb... - Abıyev əndişədə...
“Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir”.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
***

Prezidentin fərmanı icra başçılarını təlaşa salıb...

Dünən Prezident İlham Əliyev tarixi sənəd-Fərman imzaladı:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılsın.
2. “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2016-cı il"


Əhəd Abiyevin qan uddurduğu fermer hələ də özünə gələ bilmir...

Xatırladırıq ki, "Təzadlar" bu vaziv məsələyə hələ ilyarım əvvəl Daşkəsəndən olan fermer Akif Rzayevin timsalında toxunmuşdu... Azərbaycanın daxili bazarı üçün mal-qoyun saxlayan fermer Əhəd Abiyevin zülmləri ilə üz-üzə qalıb "Təzadlar"a müraciət etmişdi... Bakıda torpaq qalmaqalına qarışan Əhəd Abiyev Daşkəsənli fermer-sahibkarların problemini həll etmək əvəzinə, əksinə, onlara problemlər yaratmaqda idi... Allaha və Prezidentə min şükür ki, bəlkə bu Fərmandan sonra Əhəd Abiyev kimi düşünənlərin qarşısı alına...
Aşağıda ötən ilin noyabrlnda dərc olunmuş yazını təkrar təqdim edirik. Sadəcə, bəzi məmurların ciddi nəticə çıxarması üçün:
...Ötən gün hələlik ünvanını göstərmək istəmədiyimiz iki dövlət qurumlarından “Təzadlar”ın elektron poçtuna aşağıda qeyd edilən video şikayətlə bağlı cavab-reaksiya daxil olub. Cavabda olduqca maraqlı məqamlar var. Məktubda Gəncədən tanınmış fermer Akif Rzayevlə bağlı bəzi vacib sənədlərin Prezident Administrasiyasında yaradılmış komissiyaya göndərilməsi xahiş olunur... Redaksiya müvafiq sənədləri, fermer Akif Rzayevin şikayətləri ilə bağlı video və audio müsahibələrini Prezidentin göstərişi ilə yaradılmış Komissiyaya göndərməyə qərar verdi. İnanırıq ki, Daşkəsən RİH başçısı Əhəd Abiyevin tanınmış fermerin-sahibkarın başına gətirdiyi müsibətlərlə bağlı ciddi tədbirlər görüləcək. Nəticəsi barədə əlavə məlumat veriləcək.
***
Cənab Prezidentin diqqətinə çatdırırıq ki, “Təzadlar”da Gəncədən 70 yaşlı fermer Akif Rzayevin video müsahibəsi var, Daşkəsənin İcra başçısı Əhəd Abiyev bu mövsümdə (yayda) sürülərini yaylağa qaldırmasından ötrü (15 ildir sənədlə vergisini ödədiyi) ondan əvvəlcə 10 min manat pul istəyib. Zəhmətkeş fermer özü danışır ki, pulu verməyib, deyib ki, “Mən Prezidentin korrupsiya əleyhinə olan siyasi iradəsinin ziddinə addım ata bilmərəm!”. Bundan sonra onun qoyun sürülərini 5 gün sərhəddən (polislərlə post qurulmuşdur) buraxmayıblar... Fermer Prezident Administrasiyasına teleqram vurur, qəbula yazılır və onu PA-nın şöbə müdiri Azər Əmiraslanov qəbul edir. Akif Rzayev hər şeyi danışır... Əhəd Abiyev fermer Akif Rzayevi təkrarən kabinetinə çağırıb rəis Elsevər Aslanovun, prokurorun və MTN-nin rayon şöbəsinin rəisinin iştirakı ilə ondan həmin pulu tələb edir, deyir ki, “Əks halda, üzünə adam durquzaram ki, 3 min baş qoyunun başqalarınındır, ələ keçirmisən” və s. Bu şərləmədən ehtiyatlanan fermer axırda 50-60 baş qoyunu ayırıb verməyə razılaşır. Nəhayət, o, Əhəd Abiyevə (qoyunları qəbul edən adamın da videosu var Akif kişidə) həmin sayda qoyunu verib canını qurtarır, çünki qoyun-quzu girov götürülmüş yerdə susuzluqdan ölə bilərdi…Yenə də Əhəd Abiyev onu aldadır və dağa qalxmağa buraxdırır, amma öz yerinə yox... Onun yaylaq ərazisi Gəncənin Nizami rayon Məhkəməsinin hakimi Əli Həsənovun sürüsünə verilir... Akif Rzayev deyir: “Cənab Prezident, yuxarıda Sizin Şəkidəki məhkəmə kompleksinin açılışında söylədiyiniz tarixi çıxışı dinləmişəm, biz fermer(lər) yazıqdır, it zülmü ilə qoyun-quzu saxlayır, dövlətə-əhaliyə satır, özü də dövlətdən bir manat pul istəmədən edirik. Əhəd Abiyevlər isə badalaq vururlar. Bunlar dövlətə qarşı olmaqdır… Təcili tədbir görmək lazımdır. Mənim bir ildir 1000 manat rüsum ödəyib əmlakımı qiymətləndirərək girov qoyduğum krediti də vermirlər. Son günlər isə şikayətim “Təzadlar” qəzetində ictimailəşəndən, Sizin elektron poçtunuza şikayət edəndən sonra məni dəvət edib deyirlər ki, Sahibkarlara Kömək Milli Fonduna müraciət edin. Bir ildə bu sözü mənə deyə bilməzdilərmi???”.
XÜSUSİ QEYD: Bizə təqdim edilən fotoda Əhəd Abiyevin tapşırığı ilə Daşkəsənin polis rəisi Elsevər Aslanovun polis əməkdaşlarının xüsusi post qurub fermer Akif Rzayevin sürüsünü yaylağa buraxmaması təsvir edilib. Şəkildə polis əməkdaşları görüntülənib. Onlar digər hər çobandan isə əlavə 2-3 baş qoyun alaraq onları yaylağa qalxmağa buraxırlar. Görəsən, bunlardan cənab daxili işlər naziri Ramil Usubovun xəbəri varmı? Fermer inanır ki, bu dəfə cənab nazirin bunlardan mütləq xəbəri olacaq...

“Əgər Əhəd Abıyev və onun ətrafındakıların öhdəsindən gələ bilmirsə, bu artıq onun problemidir”

“Təzadlar”ın ötən saylarının birində təqdim edilən bir tənqidi və araşdırma yazısını təkrar təqdim etməyə əsas var. Bu əsası Prezidentin yuxarıda təqdim edilən sərt tənqidi verdi, çünki hamılıqla bürokratik əngəllərə “yox” deyilməlidir.
Beləliklə, neçə ay əvvəl Daşkəsəndə fermer Akif Rzayevin başına gətirilənləri bir daha xatırlayaq:
...Bu ilin aprelin 15-də fermer Akif Rzayevlə bağlı bir yazı dərc olunmuşdu... Əhəd Abıyev başda olmaqla, az qala rayonun bütün məmurları həmin yazının dayandırılması xahişi ilə bizə müraciət etdilər. Bildirdik ki, bir şərtlə: Əhəd Abıyev şikayətçi, tanınmış fermer, YAP üzvü, nəhayət, ağsaqqal insan Akif Rzayevi qəbul etsin, problemini həll etsin, şikayətçi də redaksiyaya zəng vuraraq probleminin həll edildiyini söyləsin... Ardınca Əhəd Abıyev redaksiyaya bəlkə on dəfə zəng etdi, saatlarla özünü tərifləyib fermerlərə “atalıq qayğısı”ndan danışdı. Sonda bizim də inadkarlığımızı görüb söz verdi ki, şikayətçini əməkdaşımızla birlikdə qəbul edəcək. Və əməkdaşımızı rayona dəvət etdi... Amma başçı sözünə əməl etmədi və redaksiyanı, əslində isə özünü aldatdı...
***
Yaddaşları itiləmək üçün fermer Akif Rzayevin 15.04.2015-ci il tarixdə əməkdaşımıza müsahibəsini təkrar təqdim edirik. Oxuyub özünüz nəticə çıxarın:
...Bəzən bəzi məmurlar şivən qoparır ki, niyə Azərbaycana dondurulmuş və mənşəyi bilinməyən ət gətirilir? Fermer Akif Rzayev isə dövlətdən yardım istəmədən ömrünü qoyun-quzu bəsləməyə və onu ucuz qiymətə satmağa həsr edib. İndi bu insan nə etsin, həmin qoyun-quzunu məhv etsin?

Tanınmış fermer Akif Rzayev: “Əhəd Abıyev Prezidentin aqrar sahəyə misilsiz diqqətinə balta çalır, mənim
3 min başdan çox qoyun-quzumun otlaq sahələrini hissə-hissə bölüb fırıldaqçılara satdı...”

“Təzadlar”a zəng edən, Azərbaycanda ilk fermerlərdən olan, mərhum Prezident Heydər Əliyevin dostu kimi tanınan Akif Rzayev qan donduran şikayətini bizimlə bölüşdü. Heç bir şərh vermədən fermer Akif Rzayevin əməkdaşımıza verdiyi video və audio müsahibəsini təqdim edirik:
- Akif kişi, probleminiz nədən ibarətdir? Buyurun...
- Mənim şikayətim əvvəlcə Daşkəsən rayon torpaq şöbəsinin müdiri, heç bir qanunu tanımayan Şahbaz Mehdiyevdəndir... Mən Daşkəsən rayonunda Azərbaycanın ilk fermeriyəm. İlk ixtisaslaşmış fermer təsərrüfatını mən yaratmışam. Ailəlikcə YAP-ın üzvü olaraq Prezident seçkilərində yüzlərlə qurbanlar kəsmişəm və dövlətimə sadiq, zəhmətkeş adamam. Bunu sübut edən foto və videolar da var. Daşkəsənin icra başçısı Əhəd Abıyev də bunları bilir, bir yerdə şəkillərimiz var... Mənim bütün təminatlarım rəhmətlik Heydər Əliyevin göstərişi ilə olub, onun diqqətində olmuşam. 25 aprel 2002-ci ildə görüşündə olmuşam. Respublikanın ilk fermeri kimi, mənim yaylağım Daşkəsəndə, Qışlağım isə Goranboy rayonundadır... 2-3 min hektar qışlaq torpaq sahəm var... Amma 2012, 2013 və 2014-cü ildə mənim başıma bəlalar gətirilib. Daşkəsən rayonunun torpaq şöbəsinin müdiri var, Şahbaz Mehdiyev tərəfindən... (İndi RİH başçısının müavinidir.Red.).
- Şahbaz Mehdiyev sizdən nə istəyir?
- Deyim. O, tək mən deyiləm, bütün millətin başına oyun açıb... Sonuncu mən qalmışdım, keçən il mənim qanuni sənədli-sübutlu yerimi parçalayıb böldü, dedi ki, bir hissəsini camaata verirəm... Yalandan... Ondan bir il əvvəl də yalandan camaatı mənim üstümə qaldırdı. Mənə dedi ki, bir yerdə gedək həmin əraziyə, kəndə. Sən demə, öyrətdiyi bir qrup adama deyib ki, onu gətirdəcəm, öldürün... Kənd camaatı da iclas edərək bir ağızdan deyiblər ki, bu yer dədə-babadan Akifindir, nə problem ola bilər... Mən isə Şahbazın adamlarına dedim ki, bura bir nömrəli dövlət sahəsidir, mənim yarama toxunmayın, mən dövlətə və xalqa qulluq edən sadə, zəhmətkeş adamam... Özləri qəsdən məni apardılar ora. Polisin rəisi Elsevər Aslanov, başçı Əhəd Abiyev dedilər ki, get ora, dedim ki, mən niyə ora gedim, sənəd-sübutla dövlət səviyyəsində mənim yerimdir, mən niyə qoca arvadlarla ağız-ağıza verməliyəm? Nəhayət, Şahbaz Mehdiyev məni dost kimi apardı ora. Qurulmuş ssenari imiş, ora gedən kimi öyrədilmiş adamlar töküldülər üstümə. Bütün kəndi tökdülər üstümə, məni döydülər, təhqir etdilər... Polisin gözü qarşısında, Şahbazın gözünün qabağında. Daşa basdılar... Ekspertdən rəy aldım, şikayət verdim prokurora. Nə prokuror baxdı, nə də polis. Sənədləşdirildi, prokuror Elman Süleymanov bu işin dalına keçdi. Sonra dedilər ki, kənd davasıdır, belə eləmə, barış getsin... Axı onlar məni məcbur apardılar, mən getməmişdim, indi niyə bu işin təşkilatçısı barədə tədbir görülmür? Polis rəisi, başçı getmirdi, məni niyə aparıb bu hala saldılar, döydürüb təhqir etdirdilər?
- Siz bu barədə Daşkəsən RİH başçısı Əhəd Abıyevə müraciət edib onunla görüşmüsünüzmü?
-Bütün bu oyunların başında elə o durur… Ona çoxsaylı ərizələrim verilib. Əhəd Abıyev Prezidentin aqrar sahəyə misilsiz diqqət və qayğısına sayğısızlıq göstərərək dövlət başçısının siyasətinə balta çalır, mənim 3 min başdan çox qoyun-quzumun otlaq sahələrini hissə-hissə bölüb fırıldaqçılara satdı... Hətta başıma gələnləri rəis də, prokuror da bilir. Prokuror Elman Süleymanov bu işi bağladı, məni kimsə ilə üzləşdirmədən, ortada ekspert rəyi ola-ola işi bağladı. Məni qəfil vuran 5-6 adamın birini də çağırıb dindirmədi. Prokuror Şahbaz Mehdiyevlə birləşib mənə qarşı tələ qurublar... Qoy, Baş Prokuror Zakir Qaralov bilsin ki, açıq deyə bilərəm, Daşkəsənin prokuroru Elman Süleymanov mən fermeri döyənləri çağırıb “yolub” buraxdı, mənə də dedi ki, ağsaqqal adamsan, kənd davasıdır, keç... Polis şöbəsinə zəng edin, bütün cinayət işinin materialları ordadır, sizə deyəcəklər ki, bəli, prokuror Elman Süleymanovun göstərişi ilə işi bağlamışıq...
***
Tanınmış fermer prezident İlham Əliyevə müraciətində onu da bildirdi ki, “Mənim 3500 baş mal-qaram, qoyun-quzum var, amma rayonun İcra Başçısı Əhəd Abıyev, torpaq şöbəsinin müdri Şahbaz Mehdiyev otlaq sahəmi ayrı-ayrı adamlara satıb məni quru yurdda qoymaq istəyirlər. Belə çıxır ki, Azərbaycana yerli ət-süd lazım deyil, təki Əhəd Abıyevin, prokuror Elman Süleymanovun, Şahbaz Mehdiyevin, rəis Elsevər Aslanovun... cibi dolsun! Yazın, qoy cənab Prezidentimiz İlham Əliyev bilsin ki, Daşkəsəndə biz fermerlərin halal işinə haram qatanlar kimlərdir...
***
P.S. Dünən fermer Akif Rzayev qış yatağından redaksiyamıza zəng edərək bunları söylədi: “Əhəd Abiyevin müavini Natiq müəllim mənə zəng etmişdi... Deyir ki, bu şikayətini etmə, tədbir görüləcək. Deyirəm ki, neçə illərdir mənim başıma bu oyunlar gətirirsiniz, bəs deyil? Başqa probleminiz, dərd-səriniz yoxdur ki, bir ağsaqqal çobanla-fermerlə mübarizəyə girmisiniz? Deyir ki, sən qəzetin rəsmi saytında dərc olunandan imtina et, qəzeti məhkəməyə verək... Başa salıram ki, sayt mənim video müsahibəmi verib, sabah məhkəmə deməyəcək ki, bəs bu videoda danışan, başına oyun açılan sənsən, yoxsa Amerika vətəndaşı, onda nə deyim? Dedim ki, mən dediyim sözün də, şikayətimin də arxasında dayanmışam və mübarizəm cənab Prezidentimizin sahibkarlarla bağlı söylədiklərinə dəstək verməkdir!”.
P.P.S.Redaksiya problemə dair Əhəd Abiyevin də mövqeyini dərc etməyə hazırdır... Bəli, biz təqdim etdik, görəsən Daşkəsənin icra başçısı Əhəd Abiyev Prezidentin neçə gün əvvəlki çıxışından nəticə çıxaracaqmı???
Mövzuya qaydacağıq.
“Təzadlar”ın Araşdırma Qrupu
[media=https://www.youtube.com/watch?v=32cDr98-rRk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.