Ermənilərə hərbi sirlərimizi kim verir? - Xəyanət və ya......(VİDEO)
5-02-2016, 10:31
Artıq neçənci dəfədir ki, mən həyacan təbili çalır, müvafiq dövlət və hökumət qurumlarını təcili addımlar atmağa çağırıram. Bu gün mətbuatda yenə Azərbaycanı dəhşətli zərbə altına alan bir videoxəbər paylaşıldı.
Özü də bu xəbər Azərbaycan Müdafiə Nazirliyinə deyil, erməni tərəfinin yaydığı hansısa təxribat xarakterli bir mənbəyə istinadən geninə-boluna yayımlandı. Baxın Müdafiə Nazirliyinin (http://www.mod.gov.az) saytına. Bu dəqiqələrə kimi o haqqında bəhs edilən videoxəbər bizim nazirliyin rəsmi xəbərləri arasında yoxdur. Sual olunur, onda Ermənistan Silahlı Qüvvələrinin Qarabağ ərazisində yerləşən mövqelərinin guya vurulması videogörüntüləri hansı yollarla gedib Ermənistan tərəfinin əlinə düşüb?!.Və onlar hardan bilirdilər ki, Azərbaycan Ordusu onların mövqelərini filan saatda və gündə atəşə məruz qoyacaq? Buradan çox rahatlıqla iki nəticə hasil etmək olar. Ya bu tip xəbərləri kimlərsə bizim Müdafiə Nazirliyinin rəhbərliyinin xəbəri olmadan kənara ötürür, ya da kimlərsə bunu Ermənistana kömək məqsədi ilə dövriyyəyə buraxır?! Əgər bu belə deyilsə, əksini sübut etməyə müvafiq qurumlar borcludurlar.
Əvvala, o görüntülər peşəkar hərbçilər, müharibə görmüş insanlar üçün bir multfilm, heç nəyi bildirməyən görüntülərdir. Yuxarıdan çəkilmiş və demək olar ki, hansısa dağıntının və ya canlı qüvvənin məhv edilməsini aydın görmək mümkün deyil. Fikir verin, bizim bəzi başıpozuq mətbuatın erməni təxribatına uyan və öz xalqını, öz ordusunu çox pis vəziyyətə qoyan bəzi başbilənlərinin psevdopatriotluğuna. Adını da qoyublar “Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı bölmələrinin Dağlıq Qarabağda yerləşən mövqelərinə zərbələr endirməsinin video görüntüləri??. Hətta belə bir şey olmuşdusa da, bunu QƏTİYYƏN nə yaymaq, nə də bu haqda geniş danışmaq lazım deyil. Vallah, bizim bəzi naşı hərbçi və ya mülki şəxslər xalqımızın və ordumuzun, həmçinin cəbhəyanı ərazilərdə yaşayan 100 minlərlə vətəndaşlarımızın taleyi ilə açıq-açığına oynayırlar.
Mən Müdafiə Nazirliyinin tutduğu mövqeyə çox təəssüflənirəm. Mən düşmən təxribatı nəticəsində itki verdiyimiz gün belə bir məlumatın yayılmasını da hardasa qəbul edirəm. Amma, məlumatın bu şəkildə, naşıcasına və dövlətimizin milli maraqlarımıza zidd formada təqdim edilməsini heç cürə qəbul edə bilmirəm.
Üzümü Mətbuat Şurasına, onun artıq millət vəkili statusunu daşıyan, cəbhəyanı bölgəyə yaxın rayondan deputat seçilən hörmətli Əflatun Amaşova, başı bəzi telekanallarda hansısa şou verlişlərin qapadılmasına qarışan MTRŞ-ı rəhbəri cənab Nüşirəvan Məhərrəmliyə və səlahiyyətlərinə tutaraq deyirəm:ayılın, cənablar!! Nə baş verdiyinin ciddiliyinə varın! Bizim urapatriotluq etmək vaxtımız deyil. Gəlin ölkənin önəmli maraqlarını özünü yersiz və düşünülməmiş şəkildə göstərmək istəyən bəzi naşı general və onların mətbuatdakı diletantlarının güdazına verməyək. Kim mənə bircə dəfə də olsun Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasının videogörüntülərini göstərə bilər? İndiyə kimi görməmişəm. Ona görə yox ki, belə hallar yoxdur. Sadəcə var və bəyənmədiyimiz onların polittexnoloqları nə və necə etdiklərinin ciddi fərqindədirlər. 1994-cü ildən bu yana ermənilər bəlkə də mövqelərimizi yalan olmasın milyon dəfələrlə güllə yağışına tutublar və bu gün də bu həyasızlıqlarını davam etdirirlər. Yüzlərlə cavan oğul və qızlarımız, təkcə hərbçilər deyil, mülki vətəndaşlarımız bu atəş pozuntularının qurbanı olublar. Amma, məkrli düşmən və onun havadarları öz hiyləgərliyini, fitnə-fəsadlarını görün necə ustalıqla ört-basdır edirlər.
Ötən il cəbhə xəttində baş verən məlum avqust hadisələrindən sonra Prezident Adminstrasiyasının rəhbərinin yanındakı müşavirədən sonra hörmətli media kapitanları və onların əməkdaşları belə razılaşmışdılar ki, bütün vacib cəbhə xəbərlərini məhz Azərbaycan MN-nin rəsmi məlumatlarına istinadən verilməlidir. Bəs nə baş verir ki, biz öz tərəfimizin deyil, erməni tərəfinin yadığı, bəzən içərisində sırf təxribat məqsədi daşıyan cəbhə xəbərlərini düşünmədən, sonrasını fikirləşmədən sakitcəsinə həm yazılı, həm də elektron KİV-lərdə rahatlıqla işıqlandırırıq?!
Bu o demək deyilmi ki, sabah Ermənistan cəlladları çox asanlıqla bizim əsgər və mülki vətəndaşlarımızın yerləşdikləri əraziləri “uf demədən” artilleriya və minomyotlardan, tank və digər ölümsaçan silahlardan atəşə tutub deyəcəklər ki, siz vuranda yaxşı idi, biz də cavab vermək məcburiyyətindəyik. Vallah, buna qətiyyən şübhəniz olmasın. Onlar bizdən fərqli olaraq 3-4 addım öncəni düşünüb, nəyisə planlaşdırırlar.
Xahiş edirəm, sözlərimi qəribçiliyə salıb burda bəzi sarsaq düşüncə sahibi olan şəxslər artıq-əksik yazıb, məsələnin məğzindən yayınmasınlar. Əvvəl demək istədiklərimi qısaca da olsa hərbi-siyasi nöqtəyi-nəzərdən təhlil edin, sonra isə istərsiniz məni lap kəskin tənqid də edin. İçimdə olan dərin narahatçılıqdan irəli gələn sözləri sizlərlə bölüşdüm.
Doğrudan da, necə deyərlər, bizə düşmən, deyəsən, heç lazım da deyilmiş. Biz özümüz-özümüzün tam qənimi kimi dərinlikləri düşünmədən addımlar atmaqdayıq. Hərbi dillə desək, minalanmış sahəyə daxil olmuşuq, özü də faciəli nəticələri göz önünə almadan, hazırlıqsız-filansız. Allah özü bizə kömək olsun!!
Tanrı bizi sapı özümüzdən olan baltalardan qorusun!!
Üzeyir Cəfərov, hərbi ekspert