Eldar Əzizov yoxsa Elmar Vəliyevvə ya Gəncə necə bərbad oldu

5-02-2016, 22:16           


2003-2011-ci illərdə və 2011-ci ildən bu vaxtadək Gəncə şəhər İcra hakimiyyətinin başçısı olmuş bu iki şəxsin fəaliyyətini müqaisə edəndə maraqlı nüanslar ortaya çıxır.
Gəncədə bu gün özəl sektorda fəaliyyət göstərən, şəxsi investisiyalarla inşa edlmiş binaların və biznes obyektlərinin(yaşayış binaları, dükanlar, şadlıq sarayları və s.) az qala 90%-nın tikilməsi və yaxud təməl qoyulması Eldar Əzizovun dövrünə təsadüf edir.
Elmar Vəliyevin dövründə reallaşmış böyük layihələrin 90% isə ya birbaşa, yaxud da dolayiısı ilə dövlət investisiyaları hesabına həyata keçirilmişdir.
Artıq 5 ildir ki, "Regionların İnkişafı"" Dövlət Proqramı çərçıvəsində hər il stabil olaraq Gəncədə gerçəkləşən həcmli layihələrə dövlət büdcəsindən, yaxud da Prezidentin Ehtiyyat Fondundan on milyonlarla manat ayrıldığının şahidi oluruq.
Bəs görəsən hansı səbəblərdən Elmar Vəliyevin dövründə Gəncəyə özəl investisiyaların qoyuluşu demək olar tam sıfıra enib?
Bunun başlıca səbəbləri kimi sözsüz ki, Elmar Vəliyevin öz fəaliyyəti ərzində sahibkarlara və iş adamlarına qarşı törətdiyi çoxsaylı qanunsuzluqları və özbaşınalıqları göstərmək olar.
Elmar Vəliyevin 5 illik yarıtmaz fəaliyyəti sayəsində bu gün iş adamlarının Gəncə şəhərində öz investisiyalarının təhlükəsizliyinə, əmlaklarının və biznesinin toxunulmazlığına heç bir güvəni qalmayıb.
teref.az gəncə- müstəqil informasi portalına istinadən yazır ki,Çünki, Elmar Vəliyev kefinə düşdüyü vaxt, gözünə "əyri dəyən", xoşuna gəlmədiyi istənilən obyekti ya ekskavatorun qabağına verib uçura bilər, yaxud da uçurmaqla, bağlamaqla hədələyib böyük məbləğdə rüşvət tələb edə bilər. Ancaq, neçə illik təcrübə göstərir ki, hətta rüşvət verməsi belə sahibkarı obyektinin sökülməyindən sığortalamır.
Bu səbəblərdən də neçə illərdir ki, sahibkarlar Gəncədə iri layihəyə sərmayə qoymaqdan vaz keçməli olurlar və sonucda da əhali yeni iş yerlərindən, dövlət isə gəlirdən qalır...
Bu gün də televiziya kanallarından birində digər bölgələrlə yanaşı Gəncə şəhər İcra Hakimiyyətinə də tamamilə haqlı olaraq irad tutuldu və fəaliyyəti tənqid olundu.
Həqiqətən, necə olur ki, əhalisi cəmi 10 min nəfər olan Naftalan rayonu özü öz xərclərini tamamilə ödəyə bilir, amma ölkənin ikinci şəhəri sayılan, onlarla sənaye müəssisəsinin işlədiyini bəyan edilən, 400 min əhalisi olan Gəncə şəhəri dayanmadan paytaxtdan pul "dilənir"?
Halbuki Gəncənin özündə qanuni ödəmələrdən başqa, bütün iş adamlarından, müəssisə və idarə rəhbərlərindən, hətta büdcə işcilərindən belə mütəmadi olaraq "abadlıq-quruculuq işləri" adı altında qeyri-qanuni pullar toplanır. Onların aqibəti haqda da heç kimdə bir məlumat yoxdur. Hələ hektarlarla satılmış torpaq sahələridən "qazanlmış" milyonlar haqda heç danışmırıq...
Hərçənd ki Gəncədə normal yanaşma mövcud olsaydı, bu neçə ildə normal biznes mühiti yaradılsaydı və investisiyaların təhlükəsizliyi təmin olunsaydı, ölkənin özündən də, xaricdən də on milyonlarla sərmaye cəlb etməklə neçə min insanı işlə təmin etmək və şəhər büdcəsini lazım olan vəsaitlərlə doldurmaq olardı...
Ancaq Elmar Vəliyevin "parlaq" fəaliyyəti nəticəsində Gəncə bu fürsətləri tamamilə əldən verdi.
Bu gün neftin qiymətinin dünya bazarında kəskin düşdüyü bir vaxtda, dövlət büdcəsinin real kəsirləri yarandığı bir dövrdə Gəncədə hökm sürən acınacaqlı mühit çox böyük problemərə yol aça bilər.
Çıxış yolu kimi ölkə rəhbərliyi dərhal Elmar Vəliyevı vəzifəsindən uzaqlaşdıraraq, Gəncədə biznes mühitinin sağlamlaşdırılmasına və iş adamlarının yerli hakimiyyət nümayəndələrinə itmiş etibarının bərpasına çalışmalıdır.
Bol büdcə pullarının dayanmadan daxil olmasına öyrəşmış, yerli sahibkarların və əhalinin etibarını tam olaraq itirmiş Elmar Vəliyevlə qarşıda bizi gözləyən iqtisadi-sosial çətinliklərdən yaxa qurtarmaq mümkün olmayacaq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.