Kürdəmirdə səhiyyə sistemi iflic durumda... - ŞİKAYƏT VAR

6-02-2016, 14:36           
Kürdəmirdə səhiyyə sistemi iflic durumda... - ŞİKAYƏT VAR
Məlumur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu səhiyyə ocaqlarında mövcud olan qiymətlərdən danışmaqla artıq heç kəsi təəccübləndirmək olmaz. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Kürdəmir rayonunun səhiyyə sistemində də Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Nizami Feyzullayevin qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir. Qeyd edək ki, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır.

Maraqlıdır ki, Nizami Feyzullayevin özbaşınalıqlarından təkcə xəstələr deyil, həm də əksər tibb işçiləri narazılıq ifadə edirlər. Elə Kürdəmir RMX-nın bir qrup işçiləri tərəfindən bir müddət əvvəl mətbuata ünvünlünün açıqlamalarda da bu hal öz əksini tapmışdı: “Baş həkim ən adi müayinə üçün həkimlərdən tələb edir ki, xəstələrdən nəsə alsınlar. Feyzullayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur”. Kənd xəstəxanaları və ambulatoriyalarında ən adi sanitar qaydalarına riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, Kürdəmir rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün böyük məbləğdə pul tələb edir: “Baş həkim xəstələrin Təcili Tibbi Yardım maşınları ilə Bakıya gətirilməsi üçün xəstə yaxınlarından nəsə istəyir. Əgər qabaqcadan bu məbləğ Feyzullayevə verilməzsə, xəstənin vəziyyətindən asılı olmayaraq, onun Bakıya gətirilməsi mümkün olmur. Bu barədə Səhiyyə Nazirliyinə müraciət olunub. Lakin hələ ki, baş həkim barəsində müvafiq ölçü götürülməyib”.
Bununla belə, aldığımız məlumatlarda Nizami Feyzullayevin bu əməllərindən heç də bütün həkimlərin narazı olmadıqları da qeyd olunur. Bildirilir ki, rayonun Karrar kənd ərazi xəstəxanasının baş həkimi Mənsim Əliyevin də rəhbərlik etdiyi müəssisədə tətbiq etdiyi idarəçilik üsulları Nizami Feyzullayevin üsullarından qətiyyən fərqlənmir. Bu kənd xəstəxanasında növcud vəziyyətlə bağlı aldığımız açıqlamada deyilir: “Xəstəxanada şərait pis durumdadır. Antisanitar vəziyyət hökm sürür. Pasiyentlər oradakı mövcud durumdan narahatdırlar. Xəstəxana xəstələri heç nə ilə təmin etmir. Adi şorbanı da xəstələrə çox görürlər. Elə bu səbəbdən də xəstə hər şeyi özü ilə gətirir. Bundan başqa, tibb ocağının əməlli-başlı təmirə ehtiyacı var. Bu da hamıya bəllidir ki, xəstəxanaların təmir olunması üçün dövlət tərəfindən maliyyə ayrılır. Lakin baş həkim Mənsim Əliyev Kürdəmir səhiyyəsinin “başqanı” Nizami Feyzullayevlə əlbir olaraq bu vəsaitləri mənimsəyirlər. Həmçinin Nizami Feyzullayevlə Mənsim Əliyev əlbir olaraq, müxtəlif dərman maxinasiyaları, eləcə də saxta xəstəlik tarixçələrinin açılması ilə bağlı çoxsaylı maxinasiyalar həyata keçirirlər. Təəccüblü deyil ki, Nizami Feyzullayev yalnız onun korrupsiya əməllərinə şərik olan həkimləri “etibarlı” kadrlar kimi qəbul edir...”

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.