Bərdədə şagirdlər dəhşət yaşadılar: "Bina hissə-hissə uçurdu..."

8-10-2021, 00:04           
Bərdədə şagirdlər dəhşət yaşadılar:
Bərdədə uzun müddətdir gözlənilsə də, qarşısı alınmayan hadisə baş verib - 1990-cı ildə istifadəyə verilmiş Mehdili kənd tam orta məktəbi uçub. Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə yerində olub.
“Saat 12-yə 15 dəqiqə qalmış qəflətən uçqun oldu. Xoşbəxtlikdən, xəsarət alan olmadı. Uşaqlara əvvəlcədən xəbərdarlıq edilmişdi ki, bina hər zaman uça bilər”.
Bu sözləri Sputnik Azərbaycan-a Mehdili kənd tam orta məktəbinin direktoru Niyazi Kazımov deyib. Təhsil ocağı tam yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da məktəbdə böyük həyəcan yaşanıb, dərslər dayandırılıb. Direktor bildirib ki, artıq müvafiq qurumun nümayəndələri əraziyə baxış keçiriblər. Bina ilə bağlı yaxın günlərdə tədbir görüləcək.

“Təhsil Nazirliyinin də məlumatı var. Rayon icra hakimiyyətinə də məlumat verilib. Ötən gün hər iki qurumun nümayəndələri burada olublar. Yeni məktəbin tikintisi üçün yerə baxış da keçiriblər. Tez bir zamanda bizə köməklik göstərəcəklər”.
Həmsöhbət olduğumuz valideynlərin sözlərinə görə, bina uzun illər təmir edilməyib. Fərrux Sadıqov deyir ki, binanın uçacağını hələ 2014-cü ildən gözləyirmişlər.
“Bina hissə-hissə uçurdu. Birinci dəfə 2014-cü ildə məktəbin bir qismi uçdu. Məktəbin işçiləri divarı bərpa etmək istəsələr də, alınmadı. Dünən isə məktəbin öncə suvağı, küncü, sonra idman zalının önü uçdu".

Sakinlərin sözlərinə görə, vaxtilə məktəbin inşasında keyfiyyətsiz tikinti materiallarından istifadə edilib. Elə bu səbəbdən bina zaman keçdikcə müxtəlif yerlərdən çat verib. Digər tərəfdən, istismar müddətinin başa çatması fəsadla nəticələnib. Kənd sakini Qurban Məmmədov deyir ki, hadisə baş verən vaxt ərazidə olub: "Dünən hadisə baş verəndə burada uşaqların qışqırıb ağlamağını görsəydiniz, dəhşətə gələrdiniz. Mənim övladım da, qohum-əqrəbamın uşaqları da bu məktəbdə təhsil alırlar. Xahiş edirəm, bu məktəbə bir əlac etsinlər".

İndi iki yüz nəfərə yaxın şagird onlar üçün yeni məktəb binasının inşa olunacağı günü gözləyir. Məsələylə bağlı Bərdə rayon Təhsil Şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gələn il Mehdilidə 360 yerlik məktəb binasının tikintisinə başlanacaq. Hazırda məktəbsiz qalan şagirdlərin təhsilini davam etdirmələri üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq. TŞ-dən əmin ediblər ki, vəziyyət qurumun nəzarətindədir.
Qeyd edək ki, 1990-cı ildən fəaliyyətə başlayan məktəbdə hazırda 31 müəllim, 11 texniki işçi işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.