“Yeni Bakı”da yığılan su pulu “Azərsu”nun hesabına köçürülmür — Şirkət vətəndaşlara kələk gəlir

12-11-2021, 23:12           
“Yeni Bakı”da yığılan su pulu “Azərsu”nun hesabına köçürülmür —
"İlin Dörd Fəsli" (İDF) şirkətinin Abşeron rayonu Masazır qəsəbəsində tikdiyi və artıq 10 ildən çoxdur istifadəyə verdiyi "Yeni Bakı" yaşayış kompleksinin "Azərsu" ASC-yə külli miqdarda borcu yığılıb. Maraqlıdır ki, 3200-dən çox mənzilin yerləşdiyi kompleksdə sakinlərdən hər ay su pulu toplanır. Həmin pulu "Yeni Bakı" yaşayış kompleksinin "komendantlığ"ı yığır və bununla bağlı sakinlərə qəbz adı altında heç bir rəsmi statusu olmayan kağız parçası da verir. Borcun məbləği onu göstərir ki, "komendantlıq" illərdir sakinlərdən topladığı pulları "Azərsu"ya ödəmir və nəticədə borc artıq 100 minlərlə manatdır. Üstəlik, bu borcun məbləği hər ay artır. "Azərsu"dan əldə etdiyimiz məlumat da bu faktı təsdiqləyir ki, "Yeni Bakı"dan quruma son illər ərzində heç bir ödəniş olmayıb. Hazırda sakinlər suyun verilişinin dayandırılması təhlükəsi ilə üz-üzədir. Daha böyük təhlükə isə ondan ibarətdir ki, gələcəkdə "İlin Dörd Fəsli" şirkəti və onun saxta komendantlıq sistemi aradan-çıxsa, həmin borc sakinlərin üzərində qalacaq. Bu məsələni "Azərsu" da rəsmən təsdiqləyib.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı "103.3 FM" radiosuna açıqlamasında deyib ki, "Yeni Bakı" yaşayış kompleksində komendantlığın sakinlərdən topladığı pullar "Azərsu"nun hesabına keçirilmir, ona görə də sakinlər ödənişləri dayandırmalıdırlar:

“Yeni Bakı” yaşayış kompleksinin "Azərsu" ASC 250 mindən çox borcu var. Lakin əldə etdiyimiz məlumata görə, oranın komendantlığı vətəndaşlardan qanunsuz şəkildə pul yığır. Bildirmək istəyirəm ki, yığılan pullar "Azərsu" ASC-nin hesabına ödəmirlər. Hər gün də borcları arta-arta gedir. Biz şərt qoymuşuq ki, hər bir abonent sayğacla təmin olunmalı, anbar tikilməli və infrastruktur yaradılmalıdır. Ondan sonra da biz sistemi təhvil götürək. Oranın sahibkarları sistemi tamamlamayıblar. Orada vətəndaşlarla komendant arasında, idarə heyəti arasında çox böyük mübahisə var. Ona görə də mən burdan birmənalı şəkildə deyirəm ki, vətəndaşlar su pulu ödəməsinlər! Çünki onlar vətəndaşlardan yığdığı pulu "Azərsu" ASC-nin hesabına ödəmirlər”.

Aynurə
Demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.