ƏƏSMN şişirtmə pensiyaları dövlətə qaytarır, ödənilməyən əlavələri niyə pensiyaçılara qaytarmır?

17-11-2021, 00:07           
ƏƏSMN şişirtmə pensiyaları dövlətə qaytarır, ödənilməyən əlavələri niyə pensiyaçılara qaytarmır?
Son çağlara kimi əlilliyi olan şəxslərin, pensiyaçıların, sosial müdafiəyə ehtiyacı olan insanların belə demək mümkünsə, başlıca ümid yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Real dəstək elə də olmasa da, ən azı virtual dəstək olurdu . İndi şair demiş, biri (virtual dəstək) var, o biri (real yardım ) yoxdur. İş o yerə çatıb ki, insanlar ƏƏSMN, sosial müdafiə, reabilitasiya, sosial xidmət adı gələndə, bilmirlər harada gizlənsinlər. Gerçəkdə indi kasıblar ac uşaqlarını polislə , qara maskalı güc əməkdaşları ilə yox, sosial xidmətçilərlə qorxuzurlar : “ BAX, AĞLASAN, ƏƏSMN OLAN – QALAN PENSİYANI, YARDIMI DA KƏSƏR! “

Bizi şişirtmədə suçlayanlar çox olmaz, yəqin. İki gündür şişirtmə pensiyaların dayandırılması söhbətləri gündəmdən düşmür. Başlıca narazılıq, yoxlamanın, araşdırmanın pensiya kəsiləndən sonra gerçəkləşməsindəndir . Özbaşınalıq o həddədir ki, hətta məhkəmə qərarı ilə pensiya məbləği müəyyən olunanların da pensiyaları şübhəli təyinat adı ilə dayandırılır və bərpa edilib -edilməyəcəyinin yoxlamanın nəticəsindən asılı olacağı vurğulanır. Absurda baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını ƏƏSMN -in sıradan bir müfəttişi, auditi şübhə altına alıb, icrasını dayandırmaq gücünə malikdir! Özü də bu absurdluğu Ombudsman Aparatının aracılığı ilə pensiyası kəsilənlərə bildirirlər. Belə çıxır, insan hüquqları üzrə müvəkkil də ƏƏSMN -in auditinin, məmurunun qərarını Konstitusiyadan yuxarıda sayır? ! Yaxşı, şişirtmə ödənişlərin büdcəyə geri qaytarılmalı olmasını anladıq. Bəs büdcədən ayrılan, amma pensiyaçılara ödənilməyən məbləğlər necə, pensiyaçılara qaytarılacaq? Konkret fakt: Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının 1-ci bəndi ilə 1-ci və 2-ci dərəcəli əlillərə, sosial pensiyaçılara 6 manat, Qarabağ, 20 Yanvar, Çernobil əlillərinə 26 manatlıq aylıq müavinətin verilməsi həyata keçiriləcəkmi? Eyni zamanda, Prezidentin 29 dekabr 2000 tarixli “Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamının 1-ci bəndinə əsasən Qarabağ əlillərinin pensiyalarına 1-ci, 2-ci və 3-cü dərəcə əlilliyə uyğun olaraq 14, 12 və 10 manatlıq cüzi əlavənin verilməsi təmin olunacaq? Çox veriləni kəsəndə , az veriləni də bərpa etmək ƏƏSMN -in görəvidir axı ! Niyə bu görəvdən yararlanılmır? Niyə ƏƏSMN -in adı gələndə “kəsim, azaltma, məhrum olma “ anlaşılmalıdır?

Ümid edirik, Konstitusiyanın 149 -cu maddəsinə əsasən, icrası məcburi olan Prezident sərəncamı, fərmanı ƏƏSMN rəhbərliyinin yadına düşəcək və verilməyən əlavələr bərpa olunacaq.

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.