Onlayn müraciətlərə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman niyə qadağa qoyub?

22-11-2021, 17:39           
Onlayn müraciətlərə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ombudsman niyə qadağa qoyub?
“Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun tələbinə görə, vətəndaşların dövlət orqanlarına elektron qaydada müraciət etmək hüququ var. Bir çox qurumlar, məsələn, Təhsil Nazirliyinin elektron poçtu belə müraciətlərin qəbuluna avtomatik qadağa qoyub ki, onlayn rejimdə müraciət edilməlidir. Əlbəttə, bu tələb vurğuladığımız qanunun tələbinə qarşıdır və kobud insan hüquqları pozuntusudur. Nədən müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır və Ana Qanunun 71-ci maddəsinə əsasən, bu hüququ heç kəs məhdudlaşdıra bilməz. Onda qala, qadağa qoyula. Sözügedən 71-ci maddənin tələbinə görə, insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Təhsil Nazirliyindən ayrı (fərqli) olaraq, bir sıra dövlət orqanlarının isə elektron poçt aracılığı ilə müraciətləri normal qəbul etməsinə baxmayaraq, onlayn müraciətlərə texniki qadağa qoymaları ciddi narazılıq doğurur. Təsəvvür edin , Məhkəmə Hüquq Şurasına onlayn rejimdə müraciət etməyə xeyli müddətdir “rekonstruksiya” adı ilə qadağa qoyulub. Ombudsmana da, eləcə. Ali dövlət hakimiyyəti orqanlarının saytı yolu ilə Ombudsmana onlayn rejimdə müraciət etmək üçün “tıklayanda” bəlli olur ki, “sessiya bitib”. “Sessiyanın bərpa olunacağı”nı isə təmin etməli olan rabitə -informasiya qurumu susur. Çağında Ədliyyə Nazirliyi adını doğruldur və onlayn müraciətləri operativ qaydada cavablandırırdı . Xeyli vaxtdır bu qurumun saytı da “çat verib”, onlayn müraciət formasını doldurub “göndər” düyməsini basırsan, “xəta baş verdi, yenidən cəhd edin” texniki cavabı ilə üzləşirsən. Nə qədər “cəhd” təkrar olunsa da, müraciətin göndərilməsinə nail ola bilmirsən. Bu günlərdə Konstitusiya Məhkəməsinin saytının da onlayn müraciətləri ingilis dilində “page expired”(“səhifə dolub”) qeydi ilə “başından etməsi” bəlli olub.

“E-gov” elektron hökumət portalının onlayn müraciətlərə qoyulan texniki qadağaları aradan qaldırmaq istəməməsi ciddi narahatlıq doğurur. Adını “elektron hökumət” qoy, amma onlayn müraciətlərə də qadağa qoy? Belə “qoyhaqoy”la hökumətin elektron informasiya siyasətinə nə ad qoymaq olar?

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.