SALYAN ƏSMM-NİN PUL YIĞANI BƏLLİ OLDU
13-04-2016, 21:58
Mərkəzin direktoru Ramin Salmanovun özünü sığortalamaq üçün “xidmətlərindən” yararlandığı bu şəxsin adı redaksiyamıza təqdim edilib.
teref.az bizimdovr.az-a istinadən xəbər verir.
Artıq bir neçə müddətdir ki, daxil olan məlumatlarda Saiyan rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Ramin Salmanovun öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə açıqlamalar öz əksini tapmaqdadır. Məlumatı təqdim edən mənbələr bildirirlər ki, Ramin Salmanovun öz işində yol verdiyi ciddi qanun pozuntuları vətəndaşların kütləvi şəkildə hüquqlarının pozulmasına yol açır. Açıqlamalarda vurğulanır ki, sosial yardım kartlarının ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Ramin Salmanov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Salyan ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir və ümumiyyətlə rayonun sosial müdafiə sahəsində baş verən bütün neqativ hallara görə birbaşaməsuliyyət daşıyır. Belə ki, Ramin Salmanovun göstərişi və təpkisi ilə ƏSMM-nin digər əməkdaşları da qanunsuz əməllərə sövq edilirlər. Bu xüsusda daxil olan açıqlamalarda qeyd edilir ki, Salyan ƏSMM-də yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Ramin Salmanovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölməsi adi hala çevrilmişdir. Belə hallarda yardımdan yararlananlar isə, əslində buna ehtiyacı olmayan vətəndaşlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Salyan ƏSMM-nin özünün, xüsusilə də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir. Məlumatlarda vurğulanır ki, Ramin Salmanovun vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri hətta dəfələrlə Salyan ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına da səbəb olub. Digər tərəfdən isə, bu günlərdə aldığımız növbəti məktublarda Neftçala rayon sakinləri də Ramin Salmanovun törətdiyi qanunsuzluqlar barədə maraqlı açıqlamalar təqdim etmişdilər. Artıq qeyd olunduğu kimi, bu məmur hazırda tutduğu vəzifəyə təyinat alana qədər Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə rəhbərlik edib. Məhz bu səbəbdən də Neftçala sakinləri bu məmurun iş üsulları ilə yaxından tanışdırlar. Bu xüsusda bizimdovr.az-a təqdim olunan açıqlamalarda bildirilir ki, DSMF-nin Neftçala rayon şöbəsinə rəhbərlik etdiyi dönəmdə Ramin Salmanovun öz işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurdular. Onun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən sakinlər vurğulayırlar ki, Ramin Salmanovun şöbəyə rəhbərliyi bir qədər də davam etsə idi, sakinlər artıq kütləvi etirazlara da başlayacaqdılar.
Həmçinin Salyandan alınan məlumatlara görə, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə, bu gün Ramin Salmanov bəzi əks-tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki vaxtlardan fərqli olaraq, hazırda ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Onun əvəzində bu işləri görən və ən əsası isə qeyri-qanuni pul, rüşvət yığımını həyata keçirən mərkəzin xüsusi seçilmiş bir neçə əməkdaşıdır. Yeni aldığımız məlumatda isə, Ramin Salmanovun əsas “pulyığanı” kimi tanınan şəxsin adı açıqlanıb. Mənbə bildirir ki, bu gün vətəndaşlardan bilavasitə nəğd pulun alınmasını həyata keçirən və qeyri-qanuni gəlirlərin hesabını aparan bu şəxs mərkəzin Elmir adlı əməkdaşıdır. İddiaya görə Elmir hazırda Ramin Salmanovun ən etibarlı adamı olaraq, mərkəzin bütün “qara mühasibatlığını” da özü aparır...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.