Gəncədə “Dollar Rəhim” ləqəbli rəis kimdir? Rəhim Zalovun kamera biznesi dövlətə ziyan vurur
14-04-2016, 09:16
Gəncədə vətəndaşların hüquqlarının Dövlət yol polisi əməkdaşları tərəfindən tez-tez pozulması, narazılıqların artması barədə yazılanlar aidiyyatı qurumları narahat etmir. Artıq bir neçə ildir ki, şəhərin Dövlət Yol Polisi şöbəsinə rəhbərlik edən Rəhim Zalovun şəxsi maraqlarına xidmət edən idarəetmə sistemi ciddi problemlərin yaranmasına səbəb olub.
teref.az Bakunews.az-a istinadən yazır ki, şöbə rəisi Rəhim Zalovun qanunsuz fəaliyyəti yol polisi əməkdaşlarını da narahat etməkdədir. Rəisin, Gəncədə tətbiq etdiyi qaydaların əziyyətini çəkən vətəndaşlar redaksiyamıza müraciət edərək bizdən baş verənlərin ictimailəşməsini və aidiyyatı qurumlara onların xahişinin çatdırılmasını istəyirlər.
Gəncəlilərin müraciətlərində yer alan faktlara diqqət edəndə məlum olur ki, Rəhim Zalov şəhərdə insanların sərbəst maşın idarə etmələrinə böyük əngəl törədir. Sadə taksi sürücüləri rəisin adamlarına “hörmət” etməsələr çörək pulu qazana bilməzlər. Şəhərin restoran və digər bu kimi iaşə obyeklərinin sahibləri də ayda rəisin qəbulunda olmalıdırlar. Yoxsa, Rəhim Zalov şadlıq sarayları və restoranların qarşısında yol polisi nəfərlərindən keçilməz sədd yaradır. Amma rəisə yaxşı hörmət edənlər restoranın müştərisi kimi şəhərin yollarında içkili və yol hərəkəti qaydalarını istədikləri formada poza bilərlər.
Gəncədə qanunsuz fəaliyyəti ilə dollara olan sevgisini açıq ifadə edən rəis özünə “Dollar Rəhim” ləqəbini də qazanıb. Şəhərin yol polisi şefinin özbaşınalığı nəticəsində yaranmış narazılıqlar isə nəticə vermir.
Rəhim Zalovun “kamera biznesi” adı ilə dövlətdən mənimsədiyi küllü-miqdarda vəsait də gizli qalmaqdadır. “Bakunews.az”-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu şəxs yaxınlarının əli ilə gətirdiyi ucuz qiymətə olan kameraları şəhərin yolarında quraşdırır. Həmin kameraların qiyməti rəsmi sənədlərdə şişirdilərək göstərilir. Mənimsənilən pulların çox faizinə sahib çıxan Rəhim Zalov dələduzluq yolu ilə dövlətə küllü-miqdarda ziyan vurur.
Rəisin qanunsuz əməlləri ilə qazandığı pullarla şəhərdə böyük obyektlərin sahibinə çevrildiyini Gəncədə hamı bilir. Şəhərdə özünə villa tikən, ən bahalı avtomobillərin sahibinə çevrilən Rəhim Zalovun “mən Oruc Zalovun qohumuyam” deyərək etdiyi qanunsuzluqlar ümid edirik cavabsız qalmayacaq. Çünki Azərbaycan Respublikasının qanunlarında nazir müavinin qohumuna toxunulmazlıq hüququ verilməyib. Qanunlar hamı üçündürsə onda cənablar, Rəhim Zalovun rəis kimi fəaliyyət göstərməsi utancverici haldır.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az