«Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri haqda iddialar... - İTTİHAM VAR

14-04-2016, 22:05           
«Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri haqda iddialar... - İTTİHAM VAR
Bu gün ölkədə fəaliyyətdə olan bir sıra dövlət qurumları var ki, onların nə işlə məşğul olması demək olar ki, heç kimə bəlli deyil. Bu qəbildən olan müəssisələrlə bağlı araşdırma apardıqda məlum olur ki, onlar bir-birini təkrarlayır, biri digərinin fəaliyyət sahəsinə müdaxilə edir və bununla da ümumi işin gedişinə mənfi təsir göstərirlər. Misal kimi, «Azərsutikinti» Səhmdar Cəmiyyətini göstərmək olar. Sözügedən səhmdar cəmiyyətinin sədri Yusif Kərim oğlu Hümbətovun əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndindən olduğunu bildirən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgiyə görə, o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Bakı Sosial İdarəetmə və Politalogiya İnstitutunu, həmçinin Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib: «Yusif Hümbətov 1978-1980-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda baş elmi işçi, 1980-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi, 1984-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsində təlimatçı, bölmə müdiri, 1991-1993-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetində müşavir, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 2005-ci ilin iyul-dekabr aylarında isə Prezident Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. 14 dekabr 2005-ci il tarixdən etibarən isə «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub». Yusif Hümbətovun birinci çağırış Milli Məclisinin deputatı olduğunu, hazırda Yeni Azərbaycan Partiyası (YAP) idarə heyətinin və siyasi şurasının üzvü, partiyanın Humanitar məsələlər komissiyasının sədri postunda təmsil olunduğunu deyən mənbə qeyd edir ki, kənd təsərrüfatı elmləri namizədi olan bu şəxsin tikinti sahəsindən zərrə qədər də olsun məlumatı yoxdur: «Tikinti, eləcə də su meliorasiya sahəsində çalışan ekspertlər də təsdiqləyə bilərlər ki, Yusif Hümbətov bu sahənin adamı deyil. Onun əsas peşəsi kənd təsərrüfatı ilə bağlıdır. Lakin o, bu sahəni də yetərincə bilmir. Ümumiyyətlə, o, əksəriyyət tərəfindən qeyri-peşəkar kadr kimi xarakterizə olunur. Deyilənlərə görə, Yusif Hümbətov baytar həkimidir. Maraqlıdır, baytar həkimi hara, «Azərsutikinti» Səhmdar Cəmiyyəti hara? Onun karyerasında sürətlə yüksəlişə nail olmasında mühüm postlarda təmsil olunan həmyerlilərinin, yəni əslən Qərbi Azərbaycandan olan məmurların mühüm rolu olub. Nəzərinizə çatdırım ki, Yusif Hümbətov həmyerliləri, sabiq səhiyyə naziri Əli İnsanovun, həmçinin Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin dəstəyi sayəsində hakim partiyada mühüm posta gətirilib, eyni zamanda əhəmiyyətli vəzifələrə təyin olunub. Yusif Hümbətov Əli İnsanovun fəal tərəfdarı olduğunudan və bu gün də mövqeyini dəyişmədiyindən, onu sabiq səhiyyə nazirinin kadrı kimi xarakterizə etmək olar». «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədrinin vaxtilə Ümummilli Lider, Ulu Öndər, mərhum prezident Heydər Əliyevin əleyhinə gedən adamlardan olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Yusif Hümbətovun YAP-ın idarə heyətinin və siyasi şurasında təmsil olunması partiya üzvlərinin böyük əksəriyyətinin etirazına səbəb olub: «Əsasən məşhur «91-lər»dən olan partiya üzvləri, ziyalılar bu cür vəziyyətlə barışmaq istəmirlər. Çünki o, 1992-ci ildə Konstutisiyanın 121-ci maddəsinin 2-ci bəndinə, yəni yaş senzinin ləğvinə etiraz edənlərdən olub. Qeyd edim ki, vaxtilə tətbiq edilən həmin maddə məhz mərhum Ulu Öndər Heydər Əliyevin prezident seçkilərində iştirakının qarşısını almaq üçün meydana çıxmışdı. Təbii ki, bu da öz növbəsində, o zaman Yusif Hümbətovun Ümummilli Lider Heydər Əliyevin əleyhinə olduğunu deməyə əsas verir. Onu da nəzərinizə çatdırım ki, YAP-dakı şəxslərin biri danışırdı ki, bir dəfə mərhum prezident Heydər Əliyevin yanında iclas keçirilirmiş. Orada Milli Məclisin komitə sədrləri də iştirak edirmiş. Heydər Əliyev o vaxtkı ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Hümbətovu ayağa qaldırır ki, mənə çatan məlumatlara görə millət vəkilləri icra başçılarından narazıdırlar. Bunun səbəbi nədir? Yusif Hümbətov da deyib ki, deputatlar icra başçılarından qanunsuz xahişlərdə bulunurlar, ona görə də belə bir gərginlik yaranır. Heydər Əliyev də onun üstünə qışqıraraq deyir ki, icra başçılarının gördüyü işlərin hamısı qanuni oldu, deputatın etdiyi müraciət qanunsuz oldu?..» Bu arada, Yusif Hümbətovun son illər ərzində özünə böyük biznes şəbəkəsi yaratmağa nail olduğunu vurğulayan mənbə bildirir ki, hazırda «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədrinə məxsus onlarla müxtəlif profilli obyektlər fəaliyyət göstərir: «Deyilənlərə görə, onun paytaxt ərazisində restoranlar şəbəkəsi, bir neçə şadlıq evi, irili-xırdalı müxtəlif istehsal sexləri, Xızı rayonunda hektarlarla ərazisi və fermer təsərrüfatları mövcuddur. Bundan başqa, o, yaxınları vasitəsilə ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğuldur. Məsələn, «Azərsutikinti»nin rəhbərinin Çexiyada dəyəri milyonlarla ölçülən villası, bəzi postsovet ölkələrində gəlirli biznes obyektləri var. Onu da vurğulamaq lazımdır ki, əgər müvafiq qurumlar «Azərsutikinti» Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrin özəlləşdirilməsi prosesi ilə bağlı obyektiv araşdırma aparsalar, o zaman hələ də çoxlarına bəlli olmayan maxinasiyaların üstü açıla bilər. Bununla yanaşı, Yusif Hümbətovun rəhbərlik etdiyi qurumun ölkə üzrə həyata keçirdiyi layihələrə diqqət yetirilərsə bu zaman böyük korrupsiya və maliyyə yeyintiləri də ifşa oluna bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (ardı var)
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.