MƏMMƏD ALIYEVƏ QARŞI 5 MİLYONLUQ İDDİA

15-04-2016, 20:56           
MƏMMƏD ALIYEVƏ QARŞI 5 MİLYONLUQ İDDİA
İddia olunur ki, məhz bu məbləğin müqabilində keçmiş “OMON”-çular Qazaxın mərkəzində süni göl yaratmaq üçün RİH-dən razılıq alıblar.

teref.az bizimdovr.az-a istinadən xəbər verir ki, ötən dərc olunmuş bir neçə tənqidi materialda Qazax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyevin fəaliyyətində müşahidə olunan bir çox qanunazidd məqamlar barədə açıqlamalar yer almışdı. Rayondan bu gün də daxil olmaqda davam edən məlumatlardan belə qənaətə gəlmək olur ki, hazırda Qazaxda baş verən əksər qanun pozuntularının arxasında məhz elə bu məmur durur. Dünən də Qazax şəhər sakinləri Hüseynov Tahir Arif oğlu, Nəsibov İsgəndər Yasin oğlu, Həsənov Bəxtiyar Məmmədəli oğlu, Mirzəyev Ramin Kərəm oğlu, İsayev Hamlet Abbas oğlu və digərləri adından ünvanlanmış növbəti müraciət daxil olub. Bu dəfə öz etirazlarını Qazax şəhərinin mərkəzində inşa olunan otel-restoran kompleksinin sahiblərinin əməllərinə qarşı ifadə edən sakinlər, baş verənlərə görə yenə də ilk növbədə məhz Məmməd Alıyevin məsuliyyət daşımalı olduğunu vurğulayırlar. Müraciətdə deyilir: “Ağstafa çayı Qazax şəhərinin demək olar ki, düz mərkəzindən, Heydər Əliyev parkının yaxınlığından axıb-keçir. Bu gün Qazaxda Qəzənfər oğulları kimi tanınan Fəzail və Fazil qardaşları həmin çayın sahilini qeyri-qanuni olaraq zəbt ediblər. Belə ki, bu qardaşlar çay kənarının düz beş metrliyində böyük bir otel-restoran kompleksi tikdirirlər. Bu azmış kimi, pullarına güvənən milyonçu qardaşlar həm də çayın qarşısını kəsərək, kompleksin qarşısında süni göl yaradıblar. Bunu isə, eyni zamanda həm restoranın qarşısında cəlbedici mənzərə yaratmaq, həm də burada balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə ediblər. Bizdə olan məlumata görə, Fəzail və Fazil qardaşları rayonun rəhbərliyindən bu işlərə razılıq almaq məqsədilə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyevlə Memarlıq və tikinti şöbəsinin müdiri, şəhərin baş memarı Mehdi Həsənova nə az-nə çox, düz 5 milyon manat pul veriblər. Obyektlərinin tikintisinə isə, deyilənə görə indiyə qədər artıq 15 milyon manat vəsait xərclənib. Həmçinin qeyd etmək istərdik ki, bu qardaşlar keçmiş “OMON”-çu Elçin Əmiraslanovun yaxın qonşuları və dostları olmaqla, özləri də rayonda fəal “OMON”-çular kimi tanınıblar. Məmməd Alıyev isə, hamının bildiyi kimi, Qazax RİH-nin keçmiş başçısı, dövlət əleyhinə çıxışları ilə tanınmış Rauf Hüseynovun kadrıdır. Maraqlıdır ki, onu bu vəzifəyə gətidiyinə görə minnətdarlıq ifadəsi olaraq, Məmməd Alıyev bu gün də keçmiş başçıya maddi dəstək verməkdə davam edir. Amma ən pisi budur ki, bu insanların əməllərindən sadə vətəndaşlar əziyyət çəkirlər. Bir məqam da var ki, bu gün Ağstafa çayı həm də Qazax şəhərinin yaxınlığında yerləşən Əzizbəyli kəndinin su ilə təminatında vacib rol oynayır. Belə ki, həmin kəndə Ağstafa çayından xüsusi çəkilmiş arxla su verilir. Lakin Fəzail və Fazil qardaşlarının tikdirdikləri otel-restoran kompleksi elə layihələndirilib ki, Əzizbəyli kəndinə gedən arx birbaşa restoranın ərazisinə, hasarlanmış sahəyə düşüb. Hətta qardaşlar bu yaxınlarda həmin arxı ümumiyyətlə ləğv etmək də istəmişdilər. Yalnız kənd sakinləri Qazaxa gələrək kütləvi şəkildə öz etirazlarını bildirdikdən sonra suyun kəndə verilməsi yenidən bərpa olunmuşdu. Sizdən xahiş edirik ki, bütün bunları qəzetinizdə işıqlandırmaqla, problemi müvafiq dövlət orqanlarının diqqətinə çatdırasınız. Əks halda, yuxarı instansiyalar tərəfindən ölçü götürülməsə, Məmməd Alıyev kimi, Mehdi Həsənov kimi məmurlar həm şəhərimizi, həm də ümumilikdə rayonumuzu tamamilə bərbad günə qoyacaqlar”.
Məsələyə Qazax RİH rəhbərliyinin və materialda adı keçən bütün şəxslərin münasibətini öyrənmək istərdik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.