Beynəlxalq Bankın Qarabağ qazilərinə ikiqat haqqtutma “güzəşti” - Banklar inhisarçı mövqelərindən şişirtmə faiz tutmaqla yararlanırlar
15-04-2022, 08:12

Bankların inhisarçı mövqelərindən yararlanıb müştərilərə kələk gəlmələri, istədikləri “xidmət haqqı” faizini diqtə etmələri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna qarşı olsa da, nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, nə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), nə də Mərkəzi Bankın özü vətəndaşların hüquqlarının kobud pozuntusuna hüquq qiyməti verir. Hüquq mühafizə orqanlarından isə heç danışmağa dəyməz. Təsəvvür edin, “Kapitalbank” 1-ci dərəcəli Qarabağ qazisinin Prezident təqaüdünə “blok” qoyub, yalnız 6 aydan sonra çoxsaylı şikayətlərdən sonra qanunsuz rüsum tutandan sonra təqaüdü “blok”dan -işğaldan” azad edib. 6 il əvvəl bu “təqaüd işğalı” ilə bağlı Nizami məhkəməsində iddia qaldıran Qarabağ qazisinin iddiasını qocaman Fikrət Mirzəyev necə it-bata salıbsa, nə Məhkəmə Hüquq Şurası, nə Ombudsman, nə də hüquq mühafizə orqanları tapa bilir. Elə 1 il qabaq yeni iddia ilə Nizami məhkəməsinə müraciət edən istehlakçı -qazinin iddiasını bir ildir gənc Ülkər Yusifova necə ört-basdır edirsə, hələ də baxılmamış qalır. Yeri gəlmişkən, iddiaçı bu dəfə iddiasına Beynəlxalq Bankı da əlavə etsə də, Nizami məhkəməsi bankların vəkili rolunda çıxış edir. ..
...14.04.2022-ci ildə Beynəlxalq Bankın Nizami filialından hesabına köçürülən avro ilə vəsaiti çıxarmaq istəyən qazidən ikinci dəfə 0.5 faiz komissiya haqqı tutulacağı bildirilib və bu səbəbdən vətəndaş əmlakından istifadə edə bilmir. Müştərini aldatmağa baxın, hesab açanda 10 manat karthaqqı tutublar ki, hesaba vəsait daxil olanda faiz tutulmayacaq. İndi isə hesaba pul daxil olan kimi 0.5 faiz tutulub və. .. kart vasitəsilə ilə bankomatdan pul çıxarmağa qadağa qoyulub. Onda bu kart nəyə lazımdır? Özü də 10 manat qarşılığında? Bu da son deyil. Beynəlxalq Bankın 4930091 nömrəsindən bank filialından yalnız manatla pul götürülə biləcəyini, avronun defisitliyi ilə izah ediblər. Maraqlı izahdır, müştərinin hesabı avro ilədirsə, hesaba pul avro ilə köçürülübsə, nəyə görə vətəndaş öz pulundan istədiyi kimi yararlana bilməsin? Hətta avronun manata ekvivalent verilməsini də Mərkəzi Bankın gündəlik müəyyən etdiyi kursa uyğun yox, bankın özünün müəyyən etdiyi aşağı alış kursuna uyğun gerçəkləşdirmək kobud qanun pozuntusudur. Di gəl, müştəri bankların inhisarçı mövqeyindən yararlanıb müştərinin vəsaiti üzərində sərəncam verməsi özbaşınalığı qarşısında acizdir. Özbaşınalıq o həddədir ki, bank iki dəfə komissiya haqqı tutur : birinci dəfə hesaba pul daxil olanda, ikinci dəfə pulu nağdlaşdıranda. Belə ikiqat haqqtutma “xidməti” daha çox xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazilərinə , aztəminatlı şəxslərə tətbiq edilir. Banklar qazilərə yardım etmək əvəzinə, onların hesabından ikiqat komissiya haqqı tuturlarsa, hansı hüquqdan danışmaq olar? Nə yazıq, məhkəmə hakimiyyəti də qanunun aliliyinin, hüququn üstünlüyünün yox, bankların qeyri-prosessual basqısının altındadırlar. İstənilən halda, məhkəməyə müraciət ediləcək.
...Mərkəzi Bankın yeni sədri bəlkə Qarabağ qazilərinin hesablarını ikiqat komissiya haqqından qurtardı. Görək də...
Məğrur Bədəlsoy
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!