“Elmed” klinikasında rəhbərliyə qarşı “bunt” baş verəcək?- VİDEO/FAKT

25-04-2022, 17:11           
“Elmed” klinikasında rəhbərliyə qarşı “bunt” baş verəcək?- VİDEO/FAKT
Söylənilənlərə görə, direktor Canpolad Vəliyev bu klinikanın ümumi gəlirləri hesabına alınan stolları, stulları, xolodilniki və digər avadanlıqları, Qusar rayonunun Çiləgir kəndində şəxsi istifadəsi üçün inşa etdirdiyi istirahət mərkəzinə aparıb

Hər kəsə məlumdur ki, 1999-cu ildə ölkəmizdə “Özəl tibb fəaliyyət” haqqında Qanun qəbul olunub. Bu Qanunun qəbulundan sonra, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi-51 ünvanında yerləşən “Elmed” klinikası, ilk özəl səhiyyə müəssisəsi olaraq fəaliyyətə başlayır və illər keçdikcə ayrı-ayrı şəhərlərdə, rayonlarda, iri yaşayış məntəqələrində və s. özəl klinikalar şəbəkəsi genişlənməkdə davam edir. Hal-hazırda ölkəmizdə yüzlərlə özəl səhiyyə müəssisələri fəaliyyət göstərirlər ki, onların əksəriyyətində neçə illərdir təcili və təxirəsalınmaz yardım, reanimasiya, intensiv terapiya, doğum bölmələri və s. mövcuddur. Bir neçə gün bundan öncə gundemxeber.az xəbər portalının redaksiyasına ilk özəl səhiyyə müəssisəsi olaraq fəaliyyətə başlayan “Elmed” klinikasında yaşananlarla bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda bu klinikada cəmi 60 nəfər şəxs çalışır. Buna da əsas səbəb, adı çəkilən bu səhiyyə müəssisəsinin direktoru Canpolad Vəliyevin, 2022-ci ilin fevral ayında 24 nəfər həkim və tibb bacısının sertifikasiyaları olmadığını əsas gətirərək, onları işdən çıxartması olub. Daşıdığı vəzifəsindən uzaqlaşdırılan şəxslərdən biri də, klinikanın baş həkim olur. Hal-hazırda bu səhiyyə müəssisəsində baş həkim vəzifəsi boş olduğundan, baş həkim vəzifəsini daşıyan şəxsin imzalamalı olduğu lazımi sənədləri digər vəzifə sahibi olan şəxslər imzalayırlar. Söylənilənlərə görə, direktor Canpolad Vəliyev tabeliyində çalışanlara göndəriş verib, onların sertifikasiyadan keçmələrinə imkan yaratmır. Bu cür yanaşmanın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.


Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə və media üzərindən apardığımız araşdırmalara görə, vaxtilə DSMF-nin Zərdab rayon şöbəsində müdir olan, hal-hazırda isə “Elmed” klinikasında direktor vəzifəsini daşıyan Canpolad Vəliyevin, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə yaxın qohumluq əlaqəsi var. Belə bir səbəbdən də, bu şəxs Zərdabda vəzifə sahibi olarkən ona bir kimsə “qaşın üstə qara var” deyə bilmir. Bəzi media qurumlarında yayılan məlumatlarda o da qeyd olunub ki, Canpolad Vəliyev DSMF-nin Zərdab rayon şöbəsinin müdiri olarkən o, idarənin əməkdaşı Araz Şirəliyev adlı şəxsə qanunsuz əmək stajı yazır. Elə ki, belə bir qanunsuzluq əməli Zərdab rayon Prokurorluğunda araşdırılır, həmin vaxt Canpolad Vəliyev yazdığı izahatında Araz Şirəliyevin idarədə neçənci illərdə “işlədiyini” qeyd edə bilmir. Bundan əlavə, media qurumlarında yayılan başqa bir məlumatda o da bildirilir ki, illər öncə vətəndaşın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazmış olduğu şikayət ərizəsi əsasında, DSMF-nin Zərdab rayon şöbəsində ciddi yoxlamalar aparılır. O zaman bəlli olur ki, sabiq şöbə müdiri Canpolad Vəliyev 18 nəfər işçini məzuniyyətə göndərmədən, məhz onların adlarına yalandan məzuniyyət pulları yazır və belə bir yolla da dövlətin 10 000 (on min) manat pulunu ələ keçirib mənimsəyir. Yoxlama işləri başa çatdıqdan sonra isə, bu şəxsin mənimsədiyi 10 000 (on min) manat pul dövlətə geri qaytarılır. Çox maraqlı və düşündürücü hal o olur ki, bu cür cinayət əməllərinə qol qoyan Canpolad Vəliyev, heç bir halda məsuliyyətə cəlb olunmur. Dolaşan söz-söhbətlərdə o da bildirilir ki, bu şəxsin məsuliyyətdən kənarda qalmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, hal-hazırda həbsdə olan Əjdər Cəbiyev çox böyük rol oynayır. Bu gün əksəriyyət o haqda da düşünür ki, vaxtilə DSMF-nin Zərdab rayon şöbəsini “viran qoyan” Canpolad Vəliyev, hal-hazırda hansı əsasla bu səhiyyə müəssisəsinə rəhbərlik edir? Axı, bu şəxsin idarəçiliyinin mahiyyəti az-çox geniş ictimaiyyətə məlumdur. Deməli, adı çəkilən bu şəxsin “Elmed” klinikasında direktor vəzifəsinə təyin olunmasının hansısa gizli məqamları var.
Redaksiyamıza “Elmed” klinikası baş verənlərlə bağlı daxil olan məlumatlarda o da qeyd olunur ki, dərman təchizatı müəssisələrindən alınan dərmanlara görə bu klinika tərəfindən vaxtlı-vaxtında ödəniş həyata keçirilmədiyindən, hazırda həmin müəssisələr klinikaya dərman preparatları verməkdən imtina edirlər. Belə bir halın varlığı bu səhiyyə müəssisəsində çalışan həkimlərin normal fəaliyyət göstərmələrinə heç cür imkan vermir, hətta kütləvi narazılıqların əmələ gəlməsinə də yollar açır. Başqa bir məlumatda o da vurğulanır ki, “Elmed” klinikasında çalışan işçilərdən bəziləri dörd aydır, bəziləri isə beş aydır ki, əmək haqqı üzünə həsrət qalıblar. Hətta, elə hallar da olur ki, binanın baş hissəsinə atılan zibillərin daşınmasına görə ödənişlər həyata keçirilmir, o halda zibil qablarına atılan zibillər aşıb-daşır və ətrafa üfunətli iy-qoxu yayılır. Daha biabırçı və usandırıcı hallardan biri də, “Elmed” klinikasındakı yeməkxananın fəaliyyət göstərməməsidir. Söylənilənlərə görə, direktor Canpolad Vəliyev bu klinikanın ümumi gəlirləri hesabına alınan stolları, stulları, xolodilniki və digər avadanlıqları, Qusar rayonunun Çiləgir kəndində şəxsi istifadəsi üçün inşa etdirdiyi istirahət mərkəzinə aparıb. Belə bir səbəbdən də, yeməkxana avadanlıqsız qalıb və xeyli müddətdir ki, onun qapıları bağlı qalıb. Klinikada mətbəxin fəaliyyət göstərməməsi, bu gün həm kollektivdə çalışanları, həm də bu səhiyyə müəssisəsində xəstə olan şəxsləri olmazın problemlərlə üz-üzə qoyur, hətta əlavə problemlərin də əmələ gəlməsinə səbəb olur.
Bütün bunlar onu söyləməyə əsas verir ki, “Elmed” klinikasında həyata keçirilən yarıtmaz idarəçilik, gectez bu səhiyyə müəssisəsində çalışanları rəhbərliklə üz-üzə qoyacaq və xoşagəlməz olayların baş verməsinə də səbəb olacaq. Ona görə də, bu klinikanın özəl səhiyyə müəssisəsi olmasına baxmayaraq, hazırda istər SN-nin, istərsə də “TƏBİB”-in “Elmed” klinikasına qarşı lazımi tədbirləri görmələrinə zərurət yaranıb. Qarşı tərəfi də dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.
GundemXeber.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.