Ramiz Zeynalova açıq məktub

29-06-2022, 00:13           
Ramiz Zeynalova açıq məktub
Doğrusu, haradan başlayım, harada bitirim bilmirəm. Bircə onu bilirəm ki, artıq bir həftədən çoxdur ki, sizin rəhbəri olduğunuz Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının düz bir bundan öncə idarə etdiyim avtomobilə yazdıqları cərimələr məsələsi ilə məşğulam.

Məsələ belədir ki, ötən ilin may ayından etibarən sizin əməkdaşlar mənə davamlı olaraq cərimə yazıblar. Lakin mənim həmin cərimələr barəsində nə məlumatım olub, nə də bu barədə məlumat verilib. Tamam təsadüfən, DYP əməkdaşı tərəfindən saxlanılmışam və onlar bildiriblər ki, idarə etdiyim avtomobilə bir ildir cərimə yazılır və hazırda həmin cərimənin məbləği də 893 manatdır. Üstəlik, hər 20 gündən bir 50 manat da cərimə yazılacaq. Səbəb də həmin cərimə səbəbindən texniki baxışdan keçə bilməməyimdir. Son rəqəm isə hazırda 893 manat (dəbbə pulu ilə birlikdə) İXM cərimələri, 100 manat texniki baxış cəriməsi, 50 manat isə BNA cəriməsi var. Yəni, toplam 1043 manat.

Ramiz müəllim, mən inkaretmirəm ki, hansısa yol nişan tələbini və ya qaydanı pozmamışam. Mən də insanam, səhv edə bilərəm, bilməyrəkdən qaydanı poza bilərəm. Lakin mənim imkanım sizin imkanınız qədər deyil. Həm vəzifə, həm də pulbaxımından. Siz general adamsız, əlinizin altında minlərlə işçi var və rəhbərlik etdiyiniz qurum da mahşallahlar olsun ki, pulla oynayır.

Məni maraqlandıran məsələ başqadır. Necə olur ki, ünvanım bəlli, yerim bəlli, telefonum bəlli olduğu halda sizin əməkdaşlar bir ildir dayanmadan cərimə yazır, lakin bu barədə mənə bircə dəfə xəbərdarlıq edilmir? Sizin idarədəki əməkdaşınızla görüşüm zamanı da bildirdim ki, mən məsuliyyətsiz və savadsız biri deyiləm. Yaxşı anlayıram ki, yazılan cərimələr vaxtında ödənilmədikdə üzərinə dəbbə pulu gəlir. İndi təsəvvür edin, keçən ildən bəri mənə yazılan cərimələrin ümumi məbləği 450 manat civarındadır. Dəbbə pulu ilə birlikdə 900 manata çatıb. Sizin əməkdaşların və daha doğrusu, idarənizin məsuliyyətsizliyi üzündən iki dəfə texniki baxışdan keçə bilməmişəm, bu da edir əlavə 100 manat. Və sizin əməkdaşlarınız məsələni 15 gündən sonra baxa biləcəklərini dedikləri halda, mənə daha 50 manat cərimə yazılacaq. Çünki yenidən texniki baxışdan keçə bilməyəcəm.

Əvvəla diqqətinizə çatdırım ki, SMS yolu ilə göndərilən xəbərdarlıq qanunla etibarlı hesab olunmur. “SMS Radar” da cərimənin üzərinə dəbbə pulu gəlməsi üçün əsas deyil. Qanuna görə, (bunu siz məndən daha yaxşı bilirsiz) yalnız yazılı xəbərdarlıq, yəni, poçt vasitəsi ilə göndəriş edildikdə, habelə vətəndaş həmin xəbərdarlıq məktubunu aldıqdan sonra cərimələr rəsmi işləmə keçir və dəbbəpulu hesablanır. Mənə poçt vasitəsi ilə heç bir xəbərdarlıq gəlməyib. İki gün öncə əməkdaşınız zəng vuraraq, mənə “məsləhət” bilir ki, guya, məktub göndəriblər və həminməktubu də mən gedib poçtdan götürməliyəm.

Ramiz müəllim, mənim hər gün poçta getmək kimi bir lüksüm olmadığı kimi, vətəndaş kimi də məsuliyyətimə aid deyil. Necə olur ki, Sabunçu Rayon Polis İdarəsi etdiyim şikayətə cavab olaraq, qısa müddətdə məktub göndərib, ünvanıma belə çatdıra bilir, amma sizin qurum bunu edə bilmir? Bəs, necə olur ki, bircə kəlmə şikayət və tənqid yazan kimi, sizin rəhbəri olduğunuz qurumun iki idarəsindən dərhal mənim mobil telefonumu tapa bilirlər, zəng edirlər, “araşdıracaqlarını” deyirlər, amma cərimə yazanda bu barədə poçt deyil, heç olmasa SMS xəbərdarlığı etmirlər? Sizcə, bu qəribə deyil?

Bunu burada yazıram, istənilən platformada da sübut etməyə hazıram ki, sizin rəhbəri olduğunu DYP sistemi DİN-in baş bəlası olmaqla yanaşı, ən çox şikayət olunan qurumdur. Ən qalmaqallı işlərdə belə sizin qurumun adı daha çox hallanır. Məncə əbəs deyil. Bir balaca diqqətlə araşdırsaz, özünüz də görərsiniz ki, dediklərimtam doğrudur.

Açıq yazsam, BDYPİ qazanc yerinə çevrilib. İndi deyəcəksiniz ki, böhtandır, yalandır. Amma bu günə qədər hər hansı sıravi polis əməkdaşı və rəis heyətinin (söhbət PPX, ÇPA və digər qurumlardan gedir) əlində pul tutulmayıb. Amma ildə ən azı sizin əməkdaşların ildə ən azı belə videoları ortaya çıxır. Deyə bilərsiz ki, DYP böyük kollektivdir, onların arasında belə işlərlə məşğul olanların ola bilməsi mümkündür. Bəli, DYP-də çoxlu sayda əməkdaş çalışır, onların arasında belə işlərəyol verənlərin olması qəribə hadisə deyil. Ancaq belə hadisələrin sayı total olduqda, istisnalarayer qalmır. Və belə anlaşılır ki, bu idarəolunan prosesdir, ortada cəzasızlıq sindromu var. Bütün bunları ona görə yazıram ki, biləsiniz ki, rəhbəri olduğunuz qurumu yol hərəkətinin təhlükəsizliyini təmin etmək məsələsi maraqlandırmır. Maraqlandırsa belə ikinci dərəcəli məsələ hesab olunur. Əsas məsələ daha çox protokol yazmaq, daha çox qazan cəldə etməkdir.

Təkcə, özümdən götürürəm. Əməkdaşlarınızın yazdığı cərimələrin ümumiməbləği 450 manatdan bir qədər çoxdur. Onun üzərinə 450 manat da dəbbəpulu gəlib. Təkcə, Fikrət Fəraməzoğludan bir il ərazində 450 manat qazanc əldə etmisiz ki, mənim kimilərin sayının 10 min nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində 4.5 milyon manat əlavə pul deməkdir.
Amma qazancınız, daha doğrusu, əməkdaşlarınızın qazancı bununla da bitmir. Mənim texniki baxışa görə, cəriməm 150 manata yaxınlaşır ki, bundan da iki adam qazanacaq. Onlardan biri alay komandiri, sizin sevimliniz, həm də yerinizə əsas namizəd olan Fuad Mayılovdur ki, ölkə üzrə bütün İmtahan Qeydiyyat və Texniki Baxış Şöbələri, habelə magistral yollarda yol hərəkətinin təhlükəsizliyi sahəsinə məhz Mayılov cənabları nəzarət edir. Deməli, bircə Fikrətdən sizin başqa əməkdaşlarınız ildə 450manat, Fuad Mayılov 150 manat qazanır.

Di gəl, problem bununla da həll olmur. Sizin Sumqayıtdakı hansısa əməkdaşınız yolla keçərkən mənim avtomobilimə cərimə yazıb, bununla ürəyi soyumayıb, məhkəməyə də müraciət edib ki, sürücülük vəsiqəm ləğv olunsun. Əgər sürücülük vəsiqəmləğv olunarsa, bu o deməkdir ki, mən təkrar imtahan verməli və yeni sürücülük vəsiqəsi almalıyam. Amma siz özünüz də yaxşı bilirsiz ki, hətta Şumaxer və ya Alonso olsam belə, Aazərbaycanda pulsuz sürücülük vəsiqəsi almağım mümkünsüzdür. Bu da mənim əlavə olaraq, 1300 manat xərcə düşməyim deməkdir. Sizə qəribə gələrsə, Fuad Mayılovdan soruşsanız, ətraflı izahını verər.

Qısacası, daha dərinə getməyim, elə söhbəti də burada xətm edim. Sizin əməkdaşların səhlənkarlığı və məsuliyyətsizliyi üzündən vətəndaş olaraq, mən hazırda 1050 manat cərimə bəlasına, ardından da 1300 manat sürücülük vəsiqəsi mərəzinə tutulmuş, daha sonra da yəqin ki, xırda-para xərclərin girovuna çevrilmişəm.

İndi siz deyin, mən nə edim, necə edim? Ağsaqqal, yaşlı və dünyagörmüş insansınız. Bir yol göstərin. Amma əməkdaşlarınızın dediyi, “araşdırlacaq, cavab veriləcək, ədalətli həlli tapılacaq” sözlərinizə ehtiyacım yoxdur. Daha doğrusu, bu sözlərə toxam.

Bu arada, Ramiz müəllim, mənim maşınımın bazar dəyəri 11-12 min manat təşkil edir. Əgər sizin və ya hansısa əməkdaşınızın maşında gözü varsa, bunun üçün belə həngaməyə gərək yoxdur. Bircəkəlmə deyin, maşını gətirim BDYPİ-yə, keçirim həmin adamın adına. Məsələ də bununla bitsin. Yox, bunu açıq deyə bilmirsinizsə, mən yaxın günlərdə maşını gətirəcəm BDYPİ-yə və orada Afəddinin yanına qalxıb, şəxsən sizin adınıza keçirəcəm.

P.S. Hörmətli Ramiz Zeynalov, yaşlanmısınız. Artıq 70 yaşınız var. Pensiya vaxtınızdır. Gedin, doğulduğunuz Qovlar qəsəbəsinə. Şükür Allaha, pisdən, yaxşıdan eviniz, eşiyiniz var. Məhəlləniz də çox gözəldir. Yaşıllıqdır. Gəzin,dolanın, nəvələrinizlə vaxt keçirin. Bir gün qardaşınız Tofiq müəllim gilə baş çəkin. Onun bağında samovar çayı için. Həyətdə yaxşı gilas, alma və tut ağacı var. Ürəyiniz bir qədər də sıxılsa, keçin o biri qardaşınız, mənim adaşım Fikrət doktorgilə. Yaxşı kabab çəkin, deyin, gülün, şənlənin. Bir qədər də yorulsanız, rəhmətlik Zeynalabidin əmi gilə gedin. Allah ona qəni-qəni rəhmət eləsin. Gözəl insan idi. Heyif, tez getdi aramızdan. Rəhmətlik əmigilin qapısının ağzında əntiqə bir xar tut ağacı var. Tutu da bal kimi olur. Həmin ağacın barından az yeməmişəm. Sonra da Zeynalabdin əminin uşaqları qulluğunuzda necə lazımdı dayanarlar. Onlar elə qabiliyyətli, mərifətli, üstəlik, sizə çox sədaqətli uşaqlardırlar ki, əmin olun başınıza pərvanə kimi dolanalarlar.

P.P.S. Ramiz əmi (bir zamanlar Zeynalabidin əminin uşaqlarının təbirincə sizə və qardaşlarınıza belə müraciət edərdim, o zaman siz nə generalidiniz, nə də BDYPİ-nin rəisi) gedin, dincəlin.

Bu arada, həftədə bir dəfə sizin gənclik illəriniz, iş karyeranız, doğulduğunuz qəsəbənin və sizin nəslin tarixi ilə bağlı maraqlı yazılar yazacam ki, darıxmayasınız.

Fikrət Fəraməzoğlu,
JAMAZ.İNFO-nun baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.