İsmayıllıda Yeni il tədbirində biabırçı hadisə baş verib

8-01-2023, 00:02           
İsmayıllıda Yeni il tədbirində biabırçı hadisə baş verib
İsmayıllı rayonunda 31 dekabr axşam saat 22:00-da Yeni il tədbiri planlaşırıdılıb. Təşkilatçı İsmayıllı rayon Mədəniyyət Mərkəzi olub və bayram tədbiri də həmin mərkəzin qarşısında baş tutmalıymış. Tədbir rayon səviyyəli keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı heç bir iş görməyib. Saat 22:00-da başlayacaq tədbir baş tutmayıb. Tədbirə yığışanlar Niva markalı avtomobildə mahnı səsləndirməklə tədbirə başlayıblar. Ardından maşının və telefonun işığında bir neçə müğənni mahnı ifa edib.
Həmin vaxt Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli tədbirə gəlib. İşçilərdən biri tədbirin belə biabırçı olmasına etiraz edib. Tərəflər arasında mübahisə yaranıb. Ardından dava başlayıb. Araz Şəmdinli həmin işçini söyüb. Onu bıçaqlamaq istəyib. Mədəniyyət Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin işçiləri olayın qanla bitməsinə mane olsalar da, yekunda xətasız ötüşməyib. İşçilər bıçağı Araz Şəmdinlinin əlindən alan zaman bıçaq onun qoluna girib. Məsələni ört-basdır etmək üçün A.Şəmdinlini xidməti otağına aparıblar. Otağa daxil olan A.Şəmdinli otaqdakı bütün avadanlıqları yerə çırpmaqla sıradan çıxarıb. Hətta, otağın divarındakı mərhum Prezident Heydər Əliyevin portretini də yerə çırparaq sındırıb.
Məsələdən sonra Araz Şəmdinlinin qoluna bir neçə tikiş qoyulduğu deyilir. A.Şəmdinli diqqətdə qalmamaq üçün təhsil məzuniyyətinə çıxıb.

Əlavə olaraq da qeyd edim ki, sözügedən tədbirdən sonra Prezidentin Yeni il təbriki olmalı imiş və həmin təbrik rayon mərkəzindəki və Mədəniyyət Mərkəzinin tabeçiliyində olan monitorda nümayiş etdirilməli idi. Lakin Prezidentin çıxışı 3 dəfə yarımçıq qalıb. Məlum olub ki, monitorun müəyyən detalları Mədəniyyət Mərkəzinin rəhbər şəxsləri tərəfindən sökülərək satılıb.

Məsələ ictimailəşəndən sonra hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun sözlərinə görə, sözügedən idarədə həmin hadisə baş versə də, Araz Hüseynov(əvvəlki soyadı Şəmdinli) bıçaq xəsarəti almayıb.

“İsmayıllıda dekabrın 31-də saat 23 radələrində Araz Hüseynovun əlin çoxsaylı kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə, videokameralara baxış keçirilib, izahatlar alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs mərkəzin qadın əməkdaşı ilə aralarında yaranan mübahisə zəminində xidməti otağında olan dolabın şüşəsinə əli ilə zərbə endirib və nəticədə xəsarət alıb. Araz Hüseynovun bıçaq xəsarətləri alması barədə iddialar isə əsassızdır” deyə Mahir Mənsimov bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaur Qənbərov/sarkazm.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.