Meşələrin məhv edilməsi ilə bağlı Prezidentə müraciət edildi (FOTO)
12-01-2023, 08:04
“Ecofront” təşkilatı son zamanlar meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
AzToday.az xəbər verir ki, müraciətdə meşələrin kommersiya məqsədi ilə qırıldığı Prezidentin diqqətinə çatdırılır.
Müraciəti olduğu kimi təqdim edirik:
Cənab Prezident, son illər meşələrimizdə kommersiya məqsədi ilə işlik material tədarükü üçün ağacların kütləvi kəsilməsi bizi ciddi narahat edir. Bu məqsədlə ən sayseçmə düz hündür irigövdəli ağaclar seçilib kəsilir. Ən narahatedici məqam isə odur ki, bu dağıdıcı fəaliyyətlər artıq birbaşa Ekologiya və Təbii Nazirliyin verdiyi qərarlarla icra edilir.
Cənab Prezident, xahiş edirik meşələrimizdə işlik material tədarükünü qadağan edəsiniz. Meşə təsərrüfatında tədarük edilən və qanunsuz fəaliyyətlərdən müsadirə edilən oduncağın hamısının yalnızca qazlaşdırılmamış yaşayış məntəqələrinin və müəssisələrin yanacaq odun tələbatının qarşılanmasına ayrılmağına göstəriş verəsiniz.
Qanuni işlik material tədarükü zamanı büdcəyə çox cuzi ödənişlər edilir. Çünki qiymətlər 2004-cü ildən bəri dəyişməyib və real bazar qiymətlərindən 10 dəfəyə yaxın ucuzdur. Bu vəziyyət cuzi rəsmi ödəniş qarşılığında sahibkarlara bu tədarükə çıxış imkanı yaradan məmurlar üçün korrupsiya mühiti yaratmaqla yanaşı, digər qanunsuz fəaliyyətlərlə mübarizə aparmağı da praktik olaraq mümkünsüz edir. Kiçik bir miqdar qanuni işlik material alışı edən sahibkar davamlı olaraq qanunsuz fəaliyyətini bu alış sənədi ilə əsaslandırır.
Ölkəmizin meşə örtüyü əksər ölkələrlə müqayisədə çox azdır. Az meşə örtüyümüzün böyük bir hissəsi isə uzun illər antropogen təzyiq altında deqradasiyaya uğrayıb. Bizim məhdud meşələrin torpaqqoruyucu, suqoruyucu, biomüxtəlifliyin qorunması funkisyaları onun sənaye potensialından daha vacibdir.
Bizim meşələrin sənaye potensialı çox məhduddur. Əksər meşələrimiz erroziyaya meylli sərt yamaclarda qalıb. Buna görə də bütün qırmaların yükü düzən və az meylli məhdud meşələrə düşür. Bu meşələr isə ətraf kəndlərin otarma fəaliyyətinin təzyiqi altındadır. Bu meşələrdə böyük ağaclar kəsildikdə otarmanın təzyiqi altında meşə özünü bərpa edə bilmir, daha sürətlə deqradasiyaya uğrayır.
Sovetlər dövründən qalan, ən böyük ərazisi və nəhəng meşələri olan Rusiyanın meşə məcələssinin tərcüməsi ilə tərtib edilmiş meşə məcəlləsi ilə meşələrimizi idarə etməyə davam etmək, meşələrimizə ancaq oduncaq, material kimi yanaşmaq dayanıqlı yanaşma hesab edilə bilməz.
Tədarük edilən işlik materialın əksəriyyəti meyvə tərəvəz ixracı üçün bir istifadəlik taxta yeşiklərin hazırlanmasına istiqamətlənir. Meşələrimizin ən gözəl ağaclarının yeşik istehsalı üçün məhv edilməsi və buna qanuni don geyindirilməsi qəbul edilməzdir. Bu fəaliyyətlər bəzən o qədər barbarcasına həyata keçirilir ki, işlik materiala yaramayan oduncaq meşədə tərk edilir, odun tədarükü üçün də istifadə edilmir. Qazlaşdırılmamış kəndlərdə insanlar yetərincə yanacaq odun əldə edə bilmədiyi müddətdə bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi işlik material ticarəti ilə məşğuldur.
Bu yanaşmanın qarşısında Azərbaycanda sağlam meşə qala bilməz. Qırma sahələrinin və normalarının ayrılmasına qərar verən və nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun əsas qərarverici şəxsi cənab nazir Muxtar Babayevin ekoloji həssasiyyətinə və şəffaflığına bizim heç bir güvənimiz yoxdur. Buna səbəb cənab nazirin rəsmi qərarları ilə bu günə qədər baş verən dağıdıcı fəaliyyətlərdir. Bu səbəbdən biz sizə müraciət etmək zərurətinin yarandığını düşündük.
Cənab Prezident, ümid edirik xahişimizi nəzərə alacaqsınız və Azərbaycanda meşələrin kommersiya məqsədi ilə qırılmasına birdəfəlik son qoyulacaq.