`Azercell` adına soyğun: DAVAM EDİR... - NARAZILIQ VAR!

13-01-2023, 18:17           
`Azercell` adına soyğun: DAVAM EDİR... - NARAZILIQ VAR!
"Adamı məhkəməyə belə çağıranda, 3 il öncə baş verən hadisəni xatırlayıb-xatırlamadığını soruşurlar".
"2020-ci ildən Azercell-dən istifadəni məhdudlaşdırmışam. Səbəb qiymətlərinin çox baha olması və müştərilərinə dəyər verməməsi olub. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Azercell-in "Sərbəst 25" tarifinə qoşulmuşam. Üstündən 3 il keçdiyi üçün də "Sərbəst 25" tarifində olduğumu unutmuşam. Amma qiymət baha, xidmət isə çox aşağı səviyyədə olduğu üçün növbəti aylarda Azercell-in internet və danışıq tariflərindən istifadə etməmişəm. Yalnız bağlanmasın deyə nömrəmin balansına ayda və ya iki aydan bir, bir manat qoyuram ki, nömrəm bağlanmasın.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmar Hüseynov yazıb.

Həmkarımız daha sonra qeyd edir: "Dünən təsadüfən dostlarımdan biri Azercell nömrəmin balansına 20 manat göndərib. Pulu göndərdikdən sonra ona təşəkkür etməyə macal tapmamış, Azercell növbəti "bombasını partlatdı":
"Sizin ayliq SERBEST25 paketiniz yenilendi. Siz 850 olkedaxili deqiqe, 15GB internet, WhatsApp ve Facebook Messenger tetbiqlerinde metn yazishmalari uchun 1GB Internet elde etdiniz. Tarif her 30 gunden bir avtomatik yenilenir".
Sözün düzü Azərbaycanın hansısa mobil operatorundan bu qədər operativlik gözləməzdim. Demək məsələ cibə girmək olduqda, Azercell operativlik nümayiş etdirir".

Baş verənlərlə bağlı Azercellin operatoru ilə əlaqə saxlasam da mənim haqlı olduğumu, amma balansı geri qaytarmayacaqlarını bildirdi. Operator hər hansı tarifin 3 ay sonra ləğv edildiyini bildirsə də, sonra da deyir ki, sonuncu hansı tarifdə olmusunuzsa o tarif nömrənin üstündə qalır.

Operatora bildirdiyimi bir daha Azercell rəsmilərinə də bildirirəm. Əgər 3 il öncə hər hansısa cinayət hadisəsi baş veribsə, bununla bağlı səni hətta şahid qismində məhkəməyə dəvət etdikdə, ilk sual bu olur ki, 3 il bundan öncə baş verən hadisəni xatırlayırsınızmı? Amma Azercell öz müştərilərinə hörmət edərək, bir sorğu belə göndərmir. Bu isə onu seçən müştərisinə ən böyük hörmətsizlikdir.

Azercell Azərbaycanda ən böyük mobil operator olaraq mədəniyyət nümayiş etdirib, sorğu göndərə bilərdi ki, Sizin 3 il öncə qoşulduğunuz "Sərbəst-25" tarifinizi yeniləmək istəyirik, buna razısınızmı? Mən də "hə" və ya "yox" seçimimi edə bilərdim. Amma görünən budur ki, Azercell öz əvvəlki reputasiyasını davam etdirir və nəticədə mənim kimi müştərilərini bazardakı digər rəqibləri qarşısında itirir. Öz müştərisinin cibinə girən mobil operatorun sonu isə heç yaxşı görünmür.
Əgər balansımı bərpa etməsə, Azercelli məhkəməyə verəcəm. //GUNDEMİNFO.AZ//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.