Daha bir mütəxəssis KTN-dən prezidentə şikayət etdi - Təqaüd yaşına 3 il qalmış...
17-01-2023, 09:15
"Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa rayon bölməsinin bağlanmış müqaviləsinə xitam verilmiş mütəxəssisi İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə müraciət edib.
Bir nüsxəsi də Faktinfo.az saytına göndərilən və ictimailəşdirilməsi istənilən müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mexanizasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Rayonun Nəriman Nərimanov sovxozunda maşın və mexanizmlər qarajında çilingər, birqadir, mexanik və mühəndis vəzifəsində çalışmışam. Sovxozda bir neçə rəhbər vəzifələrə irəli çəkilmişəm.2017-ci il fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olmuşam.Həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm. 2021-ci ilin dekabr ayında "Aqroservis" ASC-nin sədri kənd təsərrüfatı mütəxəssisi olmağıma baxmayaraq, məni tutduğum vəzifədən azad etdi.2022-ci ilin fevral ayından təkrar mühəndis-mexannik vəzifəsinə keçdim.
İşlədiyim,bölmədə ən ağır iş mənim sahəmə aid olub. İşimdə heç bir nöqsan, geriləmə və s. hallar olmadığı təqdirdə, gözlənilmədən 21 dekabr 2022-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi. 41 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssisi təqaüd yaşına 3 il qalmış işdən çıxardılar. Mən razıyam, bu günün özündə belə "Aqroservis" ASC-nin əməkdaşları ilə fikir mübadiləmiz olsun.Əlimi vicdanımın üzərinə qoyub söz verirəm ki,ixtisasımı onlardan az bilərəmsə, bütün ölkə mətbuatından, narahat etdiyim şəxslərdən üzr istəyib,vəziyyətlə barışacam.
Hörmətli cənab Prezident!
Məruz qaldığım haqsızlıqla bağlı məlumat və araşdırılma aparılması məqsədilə 22.12.2022-ci il tarixində kənd təsərrüfatı naziri İnam Kərimova teleqram vurdum. Heç bir nəticəsi olmadı. 27.12.2022-ci ildə Sizə, (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəzərdə tutulur) 10.01.2023-cü ildə Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya teleqram vurmaq məcburiyyəti yarandı.
Əminəm şikayətim aidiyyatı qurumlar tərəfindən araşdırılacaq, nə səbəbdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə aydınlıq gətiriləcəkdir.
Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu
Qeyd: Şikayətçinin saytlara ünvanladığı digər müraciətdə "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinin anbardarı Elmin Əliyev,işə gecikmə halları,idarədə baş vermiş hadisə və bir sıra məsələlərdən bəhs olunur. Bu barədə hazırlanacaq növbəti yazıda məlumat veriləcək.
FAKTİNFO.AZ