XIRDALANDA VÜSƏT ALAN APARTMANLAR BIZNESI QANUN-QAYDA TANIMIR – İLHAM ƏLIYEV YAŞAR OĞLU VƏ DIGƏR IŞBAZLAR…

19-01-2023, 08:58           
XIRDALANDA VÜSƏT ALAN APARTMANLAR BIZNESI QANUN-QAYDA TANIMIR – İLHAM ƏLIYEV YAŞAR OĞLU VƏ DIGƏR IŞBAZLAR…
Abşeron rayonunun sürətli məskunlaşma səbəbindən əvvəlcə qəsəbəyə çevrilən, sonra da şəhər statusu alan Xırdalan kəndi ərazisində qanunsuz tikintilər davam etməkdədir. Redaksiyamıza verilən məlumata görə bir qrup dəllal (maklerlər) tərəfindən qanunsuz olaraq tikilən çoxmərtəbəli apartman binalarının sayı son vaxtlar yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Maklerlər əvvəlcə ayrı-ayrı vətəndaşlardan fərdi yaşayış təyinatlı 5-6 sot, bəzən daha çox torpaq sahələri satın alırlar. Sonra da həmin torpaq sahələrinin üzərində binaların tikintisində qanunla yol verilən tikinti əmsalları pozularaq özüllər qazılır, necə gəldi layihələndirilən inşaat işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan həyata keçirilir. İnşa olunan apartmanların hündürlüyü 12 metri aşır, özülləri qazılanda qonşu evlərin bünövrələri laxlayır, həmçinin sakinlər narahat olurlar.

“Kimlərsə bəlli yollarla normal yaşayış evinin inşası üçün icazə alır, bir müddət sonra isə həmin yerdə 80-100 ailənin yaşayacağı, 7-8 mərtəbəli binalar peyda olur. Bu binaların ətrafı yaşayış evlərindən ibarətdir. İş o həddə çatıb ki, insanlar öz evlərinin həyətində dincələ, istirahət edə bilmirlər. Çünki apartmanlar birbaşa bu həyətlərə baxır” – deyə şikayətlərdə vurğulanır. Həmin torpaq sahələrində tikinti işlərinin dayandırılması və müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciətlər ünvanlansa da, baxan yoxdur.

Bakının 14 kilometrliyində yerləşən Xırdalan şəhərində bu cür xaotik şəkildə məskunlaşmanın artmasına rəvac verilməsi yerli sosial infrastrukturu da həddən ziyadə yükləyir: Uşaq bağçaları, məktəblər, poliklinikalar sayı sürətlə artan əhaliyə xidməti çatdırmır, hərəkət intensivliyi yüksələn yolları böyütmək mümkün olmur, kanalizasiya problemi dərinləşir. Həmçinin, ekoloji tarazlıq pozulur. Öz şəxsi, qrup maraqlarına xidmət edən işbazlar aldıqları torpaq sahələrində olan meyvə ağaclarını da kökündən qoparıb atırlar. Xırdalan bələdiyyəsi və Rayon İcra Hakimiyyəti baş verən bu xaosa göz yumur.

Dəryaz qəzetinə daxil olan məlumata görə, hazırda Bəhruz adlı şəxs “Kristal – 2” massivi ilə üzbəüz nahiyədə, “Araz-Market”in qarşısında, ondan 100 metr aralıda (köhnə təcili yardım stansiyasının yanında) İlham Yaşar oğlu Əliyev adlı digər şəxs, ondan 100 metr arxada (uşaq bağçasının qarşısında) Mənsur adlı üçüncü şəxs tikintiyə hazırlıq işləri aparırlar. Bildirilir ki, indiyədək Xırdalanda 100-ə yaxın belə evlər tikmiş bu adamlar hazırda qeyd olunan ünvanlarda ağacları kəsməklə məşğuldurlar. Yəqin ki, tikinti işlərinə yaxın bir ay ərzində, ya da dekabrın sonunda başlanacaq. Hal-hazırda həmin ünvanlarda katlavanlar qazılır. Həmçinin qeyd olunur ki, adları çəkilən şəxslər heç bir tikinti şirkətini təmsil etmirlər. İşlətdiyi işçilərlə heç bir əmək müqaviləsi bağlamayıblar və heç bir təhlüsizlik qaydaların riayyət olunmur.

Xatırladaq ki, keçən il Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsi -38 ünvanda qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuş, onlarla sakin etiraz əlaməti olaraq qanunsuz tikintinin dayandırılmayacağı təqdirdə Bakı-Sumqayıt magistral yolunu bağlayacaqlarını, daha sonra Prezident Administrasiyası önündə etiraz aksiyası keçirəcəklərini bildirmişdilər. Bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, sabiq başçı İ.Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdular.
Mövzuya qayıdacağıq.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.