Arif Allahverdiyev haqqında daha bir fakt- oğlunun yüz minlik maşınları özünün isə medalı var
1-06-2016, 09:32
Azərbaycanda məmur elitasının əksəriyyətinin qohum- əqrabalarının və övladlarının harınlıqları danılmaz faktdır. Ölkə mediası hətta xarici media orqanları da Azərbaycanın məmur övladlarının eyş-işrətindən, bahalı əyləncələrindən zaman-zaman yazıblar. 20 faiz ərazisi 25 il işğal altında olan, 1 milyondan artıq vətəndaşı doğma yurd- yuvasından didərgin salınan bir ölkəyə bu cür harın və məsuliyyətsiz məmurların övladları qənim kəsiliblər.
Bu ilin yanvar ayında "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinici ilinin yekunlarına həsr olunmuş konfrans zamanı Respublika Prezidenri İlham Əliyev cənabları məmurlara "Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər" xəbərdarlığını görünür hələ tam miqyasında dərk edə bilməyənlər də var.
Bu cür məmurlardan biri də Qəbələ RİH-nin başçısının birinci müavini Arif Allahverdiyevdir. Qeyd edək ki, Arif Allahverdiyevin adı hələ ötən ilin sonlarında Qəbələ rayonunda yerləşən RLS-dən rus hərbçilərinin köçürülməsindən sonra RLS-ə məxsus hərbi şəhərcikdəki evlərin qeyri- qanuni olaraq satışında hallandırılırdı. Məlumata görə, o zaman şəhərcikdəki 1 otaqlı mənzillər 2000, 2 otaqlı mənzillər 3000, 3 otaqlı mənzillər isə 5000 manata RİH-nin müavini tərəfindən idarə və müəssisə rəhbərlərinə satılıb. Arif Allahverdiyevin adı bu maxinasiyada əsas fiqur kimi hallandırılsa da bu xəbər nə RİH-i nə də Arif Allahverdiyevin özü tərəfindən təkzib olunmadı.
Mətbuatda 4-5 aydır ki, "unudulmuş” Arif Allahverdiyevin dünən yenidən "ulduzu parlayıb”. Bir sıra mətbuat orqanlarında Arif Allahverdiyevin oğlanları və bu ailəyə məxsus olan, qiyməti yüz min manatlarla ölçülən xarici avtomobillərin fotoları dərc olunub. Nəzərinizə çatdıraq ki, Arif Allahverdiyevin rəsmi maaşı 750 manatdır. Təyin olunduğu vəzifəyə görə, dövlət qulluqçusu sayılan Arif Allahverdiyevin ölkə qanunları ilə bizneslə məşğul olması qadağandır. Oğlunun yüz min manat qiymətində olan avtomobillərlə poza verib çəkdirdiyi fotolarda isə ciddi korrupsiya faktları aydın görünür. O fotolardakı tək bir maşının- "Land Cruiser V 8” avtomobilinin qiyməti Arif Allahveridiyevin 120 aylıq məvacibinə- 90 min manata bərabərdir.Məlumata görə, Qəbələ rayonunda yerləşən "Sahil” resoranı da Arif Allahverdiyevin qardaşına məxsusdur. Qiymətləri od tutub yanan bu restoran iddialara görə, dövlətə heç bir vergi ödəmir.
Arif Allahveriyevlə bağlı apardığımız araşdırmalar zamanı daha bir maraqlı məlumata rast gəldik. Belə ki, ötən ilin iyun ayında ölkə rəhbəri İlham Əliyev cənabları bəzi dövlət qulluqçularına fəxri adlar verib. Qeyd edək ki, o zaman Arif Allahverdiyev də "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Görünür Arif Allahverdiyev sözün bütün mənalarında dövlət qulluğunda fərqlənməyi bacaran məmurlardandır.
Qarşı tərəf də münasibəti bildirə bilər.
Qlobal.az