DYP-nin növbəti quldurluğu...? - Yoxsa gecə ovcuları - ÖZƏL
16-06-2016, 18:28
BakuNews.az-a Sabunçu rayon Ramanı qəsəbəsində yaşayan vətəndaş tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, iyun ayının 13-ü DYP işçiləri tərəfindən vətəndaş oğurlanaraq, maşını ilə birgə yoxa çıxıb. Aldığımız məlumatdan yola çıxaraq, zərər çəkənlərlə əlaqə saxlayıb, məsələni tam dəqiqləşdirməyə çalışdıq.
Zərərçəkmiş T. Məmmədovun atası baş verənləri bizə bu cür nəql etdi: "Təqribən saat 2-3 radələrində oğlum T. Məmmədov qapının ağzında maşınından düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb, öz nəqliyyat vasitəsinə zorla əyləşdirilib. Oğlum maşına oturduqdan sonra isə maşının qapılarını bağlayaraq, DYP işçiləri tərəfindən yaşadığı ərazidən (yəni evinin qarşısından) oğurlanmışdır. Oğlumu ərazidən uzaqlaşdırdıqdan sonra onun idarə etdiyi 10-HH-210 dövlət qeydiyyatlı maşını 100 metr məsafədə yerləşən cərimə meydançasına gecəylə aparıblar. Daha sonra isə hədə-qorxu gələrək, özlərinin süni şəkildə yaratdıqları oyuna qanuni don geyindirib, tərtib etdikləri protokola imza atdırıblar. Bir neçə saatdan sonra isə oğlumu sərbəst buraxıblar. Maraqlıdır, vətəndaşı mənzilinin önündən zorla DYP maşınına əyləşdirib ərazidən uzaqlaşdırmaq (hətta vətəndaş içkili olsa belə) hansı qanunla tənzimlənmişdir? Və hələ də anlaya bilmirəm ki, Dövlət Yol Polisi öz şəxsi maşınının yanında, evinin önündə dayanmış vətəndaşın maşınını necə cərimə meydançasına aparıb, cərimə tətbiq edə bilər?"
Əməkdaşımızın "Valideyn kimi oğlunuzu apararkən iradınızı bildirmədinizmi?" sualına S.Məmmədov "Mən qapının zənginə çıxdım, polisin mənim maşınımı apardığını gördüm. Arxadan çağırdım saxlamadı. Polis bölməsinə getdiyim zaman öyrəndim ki, oğlumu guya içkili olub-olmadığını dəqiqləşdirmək məqsədilə xəstəxana adıyla aparıblar." - vətəndaş bildirib.
Daha sonra hadisənin iştirakçısı olmuş T.Məmmədovla görüşdük, baş verənləri tam təfərrüatı ilə aydınlaşdırmağa çalışdıq. Məmmədov olanları bu cür xatırladığını bildirdi: "Gecə vaxtı marketdən çörək alıb evə qayıdırdım. Həm də spirtli energetik içki içmişdim. Qapıya çatıb zəngi vurmuşdum ki, məhəllədən 90-YP-475 dövlət nömrə nişanlı şəhər yol polisi saxlayıb mənə belinin çox ağrıdığını, maşınına əyləşməyimi dedi. Axşam saat 2-3 radələri olardı. Ağlıma gəlməzdi ki, onlar məni maşında həbs edib, zorla maşınımın açarlarını alıb, məni tibbi ekspertizaya, maşını da cərimə meydançasına apararlar. Bu vaxt qapıya çıxan atam Bağıyev Rauf adlı polisə qanunsuz hərəkət etdiklərini, məni buraxmalarını dedi, gecənin bu vaxtı qapının önündən hansı haqq-hüquqla oğlunu və maşınını müsadirə edib, cərimə meydançasına apardıqlarını soruşdu. Polis maşını saxlamayıb, valideyinimə şikayətin var əlin hara çatır müraciət edərsən deyib məni apardılar."
Qayda-qanun olmayan yerdə qanunsuzluq qanun kimi tətbiq edilər. Youtube video portalında Azərbaycam DYP əməkdaşlarının kifayət qədər qanunsuz əməlləri ifşa edilib, ictimaiyyətə təqdim olunub. Lakin buna baxmayaraq, hələ də sistem işçiləri dövlətin ədalət qanunları ilə zirehlənib, öz qanunsuz əməllərini qanun adıyla maskalamaqdan çəkinmirlər. Elə bunun nəticəsidir ki, xalqla dövlət arasında munasibətlər kəskin sərtləşməkdədir. Yol polislərinin əməlləri isə artıq qəbul edilən həddi də çox aşmışdır. Bununla yanaşı, araşdırmamızın nəticələrindən də ortalığa cavabı naməlum suallar çıxmaqdadır. Misal olaraq, gecə saat 2-3 radələrində şəhər yol polisinin qəsəbənin ara yollarında nə işi var? Həmin vaxtda xidməti avtomobil harada olmalı idi? Bu cür illeqal xidmətdən əldə edilmiş pullar kimin və ya kimlərin şəxsi ciblərinə daxil olur? DYP işçilərini "vətəndaşı evinin önündən götürüb, mühərriki sönülü vəziyyətə olan avtomobilini zor gücü ilə cərimə meydançasına aparma ixtiyarını, ona 650 manatlıq cərimənin kəsilməsini" hansı qanunvericilik ixtiyar sahibi edib (məzlumun çörəyinin aslan ağzında olduğu bir vaxtda)? Olmaya, 1-ci Avropa oyunları ardınca isə Formula-1 yarışlarına boşaldılmış büdcənin doldurulması yol polislərinin əli ilə xalqın cibindən çıxarılır? Korrupsiyaya qarşı mübarizə idarəsinin bu qədər əleyhinə faktların olduğu quruma qarşı tədbir görməməsinin səbəbi nədir? Bu nəsildən ardı-arası kəsilməyəcək qədər sualları göstərmək olar.
Rüşvətə qarşı etiraz və onu bu qədər pisləmək ədalət, ədalətli əməlin önəmini saxlamaq isə insanlıqdır. Geridə isə İnsanlığa qiymət verib, xalqı bu rəzalətdən qurtarmaq lazımdır... Araşdırma davam edir ... Ardı var