Səbail rayonunda polis laqeydliyi: Həyat yoldaşını döyənlər məsuliyyətə cəlb olunmur?

16-06-2016, 20:46           

Безымянный copyNə Səbail RPİ-də, nə 41-ci Polis Bölməsində Qafqaz Xəbər Agentliyinə məlumat vermək istəmirlər

İyunun 14-də Bakıda qadın intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun A. İsmayılov küçəsində qeydə alınıb. Həmin küçənin sakini İradə Dövlətxan qızı İsmayılova yaşadığı evdə ülgüclə qollarını kəsib. Qadın xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır (APA).

İyunun 16-da intihara cəhd edən 1985-ci il təvəllüdlü İradə Dövlətxan qızı İsmayılovanın nümayəndəsi Ellada Bayramova Qafqaznews.az-a bildirdi ki, hadisə heç də evdə baş verməyib:

“İradə qollarını küçədə və keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Niyazi İsmayılovun gözləri qarşısında doğrayıb. Onlar 2013-cü ildə evləniblər, 2015-ci ilin sentyabrında ayrılıblar. Niyazi hamilə vaxtı da İradəni döyürdü, sonra boşanmaq istədikdə gəlib atasını da döyüb. Onlar 20-ci sahədə həyət evlərində qalırlar, qonşudurlar. Tez-tez uşağı görmək bəhanəsiylə gəlib işıqlarını söndürüb, qazlarına müdaxilə edir, İradəni döyür. Uşağı neçə dəfə oğurlamağa çalışıb. İradədən başqa, qeyri-rəsmi yaşadığı başqa qadın da var. Mən neçə dəfə İradəni qorumağa çalışmışam, polisə də müraciət eləmişik, heç bir iş görülməyib. Gəlib məni də təhqir edib”, – deyə E.Bayramova vurğuladı Onun sözlərinə görə, Niyazi İsmayılov yüksək rütbəli məmurların adından istifadə edərək, polisdən yayınır.

“Tibbi ekspertiza nəticələri də var. Dəfələrlə müraciət edib, 102-yə zəng edib, ərizə də yazıb, amma İradə İsmayılovanı eşidən yoxdur. Biz yenə də 41-ci bölməyə müraciət etmişik, burda intihar həddinə çatdırma faktı var. Lakin bir tədbir görülmür”, – deyə İ.İsmayılovanın nümayəndəsi qeyd etdi.

Qafqaznews.az olaraq, bizə maraqlı gəldi, hüquq mühafizə orqanları bu hadisə ilə bağlı hansı tədbirlər görüblər və Niyazi İsmayılov məsuliyyətə cəlb olunubmu?

Biz ilk olaraq 41-ci Polis Bölməsinə zəng etdik. Növbətçi Emin Məmmədov bizə məlumat verməkdən imtina etdi.

“Dörd-beş il əvvəl APA-ya məlumat verdim, məni sərəncama çıxardılar. Bir neçə ay işsiz gəldim, ağlım başıma gəldi. O qardaş isə heç itirib-axtarmadı ki, nə yeyib-içirsən. Məndən heç nə soruşmayın. Səbail RPİ-yə zəng edin”, – deyə çarəsizliyini ifadə edən polis əməkdaşı bildirdi.Biz dəfələrlə rəis və ya rəis müaviniylə danışmağa çalışsaq da, yenə də cəhdlərimiz boşa çıxdı. Səbail RPİ-nin rəisi Əli İbrahimova zəng etdik, lakin qəbul otağından bizi növbətçi hissəyə yönləndirdilər. Orda da həmin ssenari təkrarlandı və bizi yenidən 41-ci Polis bölməsinə yönləndirdilər.

Biz nə qədər cəhd eləsək də, “Qadını döyən, intihar həddinə çatdıran şəxs barədə bir tədbir görmürsünüzmü?” deyə soruşsaq da, yenə də laqeydliklə üzləşdik.DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə də öz növbəsində zəngimizə cavab vermədi. Sonradan başqa vasitələrlə təhqiqatçı İlqar Mirzəyevin əlaqə nömrəsini əldə etdik.

İlqar Mirzəyev bildirdi ki, sənədlər prokurorluğa göndərilib. Nə kimi qərara gəldiklərini isə təhqiqatçı bizə bildirmədi.“İradə İsmayılova bundan 41-ci Polis bölməsinə dəfələrlə müraciət edibmi?” “Edib. Mən məşğul olmamışam. Amma tədbir görülüb”, – deyə təhqiqatçı bildirdi. “Nə kimi tədbir görülüb?” sualımıza İlqar Mirzəyev “Niyazi bölməyə çağırılıb”, – deyə cavab verdi.

Hər hansı inzibati tədbir haqqında soruşduqda isə, 41-ci PB-nin təhqiqatçısı “Ay qardaş, nə istəyirsən?” sualını verdi.“Mən bilmək istəyirəm, Niyazi İsmayılov indi hardadır? Məsuliyyətə cəlb olunubmu?” – deyə bir daha soruşduq.“Evdədir. Mən bilmirəm, gedin maraqlanın”, – deyən İlqar Mirzəyev dəstəyi asdı. Görəsən, Səbail RPİ-nin təhqiqatçıları öz işlərini qanun əsasında görürlər, yoxsa mentalitetin “qızıl” qaydalarıyla?

Adıkeçən Niyazi İsmayılovla da əlaqə saxlayaraq, məsələni obyektiv işıqlandırmağa çalışacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.