Masazırda gözlənilən YOXLAMA: Abdin Fərzəliyev milyonçu icra nümayəndəsini niyə qurban verir?
26-05-2023, 12:04
Abşeron rayonunun Masazır qəsəbəsində icazəsiz tikililər və kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq satılması ilə bağlı ötən yazılarımızda oxuculara məlumat vermişdik. Qeyd edilmişdi ki, Masazırda qanunsuz tikililərə “icazə”nin verilməsini və bu işlərə nəzarəti qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərov həyata keçirir.
Adı uzun müddətdir torpaq alqı-satqısında hallanan Şahlar Əsgərovun Masazır icra nümayəndəsi vəzifəsinə təyin edildikdən sonra inanılmaz dərəcədə sürətlə varlanaraq milyonçuya çevrildiyini bildirmişdik. Arası kəsilməyən iddialara əsasən, qəsəbədə Şahlar Əsgərova məxsus çox sayda obyekt fəaliyyət göstərir və icra nümayəndəsinin bu əmlaklardan külli miqdarda qazanc əldə etdiyi deyilir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı ərazilərdə həyata keçirilən tikililərlə bağlı aidiyyatı qurumlar gec də olsa, tədbir görməyə başlayıblar. Bu məsələyə cavabdeh olduğu deyilən qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun fəaliyyətinin yoxlanıldığı bildirilir.
Bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də Masazır qəsəbə icra nümayəndəsinin “qurban” verilməsində maraqlıdır. Çünki qəsəbəyə həmyerlisini bələdiyyə sədri təyin edən Abdin Fərzəliyev yeni icra nümayəndəsi ilə işləməkdə maraqlıdır.
Yəni adı müxtəlif qalmaqallarda hallanan Şahlar Əsgərovun “vurulması” ilə Masazır qəsəbəsində bir müddət sakitliyin yaranacağı düşünülür. Bu isə sənədsiz evlərin tikintisinə “sabit temp”də icazə verən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının işinə yarayır.
Əldə etdiyimiz məlumata görə, hazırda Masazırda sənədsiz evlərin tikintisi üçün vasitəçi rolu qəsəbənin yeni bələdiyyə sədri İlham Quliyevə həvalə edilib. Başqa bir iddiaya əsasən, İlham Quliyev qəsəbənin bələdiyyə sədri vəzifəsinə Abdin Fərzəliyevin Abşeron rayonunda tikintilərə nəzarət edən və icra başçısının “qara kassası” kimi tanınan Nurlan Həsənovun dəstəyi sayəsində təyin olunub.
Mövzunu davam etdirəcəyik.