Bazarda saxta sement istehsalçıları peyda olub - "AZBETON" sementinin kisəsi dəyişdirilir"
24-06-2016, 14:51
Son zamanlar Azərbaycanın sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı məlumatlar yayılmaqdadır. "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sement bazarında saxta və qanunsuz malların araşdırılmasını davam etdirir: "Məlum olduğu kimi, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qaradağ AA "UNİVERSAL" yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və "Məişət Malları" ASC-yə və digər şəxslərə qadağan edilib. Lakin məhkəmə qərarına əməl edilmir, hələ də bazarda qanunsuz istehsal olunan sement markaları var. Müxtəlif rayonlardan sement bazarındakı problemlərlə bağlı istehlakçı müraciətləri davam edir. Dövlət rəhbəri tərəfindən sahibkarlığın inkişafına ən yüksək səviyyədə yaradılmış şəraitdən sui-istifadə edən işbazlar istehlakçı hüquqlarını və digər qanunları kobud pozurlar. 1 aydan artıqdır ki, İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanlarına müraciət edərək ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını dayandırmağı xahiş etmişik. Saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan "Məişət Malları" ASC bütün saxta sement mallarının kisələrini Keşlə qəsəbəsində buraxır. "Qaradağ AA "UNİVERSAL" sement kisəsinin hazırlanması və satışına məhkəmə qadağa qoyub. Bazarda isə qadağan olunmuş malın satışı davam edir. Deməli, qanunsuz sement istehsalçısı olan Ağayev Anar Gülağa oğlu, "Qaradağ EZ Speak" MMC və "Məişət Malları" ASC məhkəmə qərarına əməl etmirlər. Aidiyyəti dövlət qurumları da heç bir tədbir görmür. Rayonlarda qanunsuz sementin satışına yerli məmurlar, bəzi icra orqanlarının rəhbərləri biganəlik göstərir. AİİB Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqatala, Şəki, Balakən, Beyləqan, Füzuli rayonlarının icra hakimiyyəti başçılarına müraciət edərək təhlükəli, standarta uyğun olmayan "Qaradağ AA UNİVERSAL", "AZBETON" sementinə dair tədbir görülməsinə çağırır. "AZBETON" sementi ilə bağlı istehsalçı "Laçın-1" firması müəyyən tədbirlər görməyə çalışır. "Azbeton" sementinin "AZBENTONİT" markası ilə oxşar olduğundan bazarda qarışdırıldığı, alıcıları çaşdırdığı müşahidə olunur". Eyyub Hüseynovun sözlərinə görə, AİİB bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verdikdən sonra "AZBETON"un istehsalçısı bizə müraciət etdi: "Biz bazarda sement kisələrinin qarışdırılması ilə alıcıların aldadılmasını dayandırmağı tövsiyə edirik. İstehsalçı "Laçın-1" firması AİİB-ə müraciət edərək "AZBETON" sementinin kisəsinin təsvirini dəyişdirdiklərini bildirib. İstehsalçı da başa düşür ki, malların bazarda qarışdırılması alıcıya hörmətsizlikdir. Laçın-1 firması istehlakçıları çaşdıran "AZBETON"u bazardan çıxardığını deyir. Lakin bölgələrdən məlumat gəlir ki, hələ də bazarda təqlid olunan "AZBETON" sementi var. Bu məsələləri də araşdırırıq. Ola bilər ki, bu cür saxtalaşdırmanı əsl istehsalçıdan xəbərsiz işbazlar edirlər. Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır. Çünki hər zaman gözlənilməz təbii hadisə baş verə bilər, keyfiyyətsiz sementlə inşa olunan tikintilərin sahibləri, sakinlərin faciəsi ilə üzləşə bilər".