16 saylı uşaq bağçasının fəaliyyəti təftiş olunmalıdır

25-06-2016, 00:29           

Qobu qəsəbəsində yerləşən bu məktəbəqədər uşaq müəssisəsinin müdiri Sara Həsənova ciddi qanun pozuntularında ittiham olunur

Qəzetimizin 09.06.2016-cı il tarixli sayında “16 saylı uşaq bağçasının böyük problemləri” başlıqlı tənqidi yazı dərc olunmuşdu. Məqalədə diqqət mərkəzinə gətirilən əsas məqam bu idi ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən bu məktəbəqədər uşaq təhsil müəssisəsində, müdir Sara Həsənovanın özbaşınalıqları nəticəsində, son dərəcə arzuolunmaz bir vəziyyət yaranmışdır. Belə ki, bizimdovr.az-a təqdim olunan məlumatlarda 16 saylı uşaq bağçasının fəaliyyətində bir çox neqativ halların müşahidə edildiyi bildirilir. Məlumatı təqdim edən mənbə xüsusi olaraq vurğulayır ki, bu gün Bakı və Abşeronda fəaliyyət göstərən əksər uşaq müəssisələri üçün xarakterik olan bir çox qanun pozuntuları 16 saylı bağçada da davamlı olaraq baş verməkdədir. Mənbələrin iddialarına görə, Sara Həsənovanın rəhbərlik etdiyi bu uşaq müəssisəsində həyata keçirilən rüşvət yığımları, maddi imkanları elə də böyük olmayan bir çox valideynləri olduqca sıxıntılı duruma salıb. Məlumatlarda bildirilir ki, 16 saylı bağçaya övladlarını yazdırmaq istəyən valideynlər, ilk növbədə hər bir uşağın qəbuluna görə təxminən 250-300 manat məbləğində pul ödəməli olurlar. Uşağı bağçaya yerləşdirdikdən sonra, hər bir valideyndən bir uşağa görə 20 manat məbləğində aylıq ödəniş tələb olunur. Həm də bu ödənişin təyinatı belə valideynlərə açıqlanmır. Həmçinin açıqlamalarda belə bir fikir də vurğulanır ki, Sara Həsənovanın rəhbərlik etdiyi bağçada uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, bəzi tərbiyyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu da müşahidə olunmaqdadır. Xüsusi olaraq, Qobu qəsəbəsi 16 saylı bağçanın fəaliyyətinə dair aldığımız məlumatlarda qeyd olunur ki, burada yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, dövlət standartı haqqında sənəd yoxdur. Bundan başqa isə, bu gün sözügedən tərbiyyə ocağında uşaqların təlim və tərbiyəsi ilə məşğul olanlar arasında müvafiq təhsili və təcrübəsi olmayanlara rast gəlmək olur. Eyni zamanda da Sara Həsənova heç bir əmək müqaviləsi bağlamadan tərbiyyəçilərin burada qanunsuz işləməsinə şərait yaradır.

Qəzetimizin ötən saylarında biz dəfələrlə ölkəmizdə fəaliyyət göstərən müxtəlif məktəbəqədər uşaq tədris müəssisələrinin işində yer almış neqativ hallara, bu müəssisələrə rəhbərlik edən şəxslərin yol verdikləri qanun pozuntularına dair tənqidi materiallarla çıxış etmişik. Təbii ki, əksər hallarda həmin materiallar redaksiyamıza daxil olmuş çox saylı şikayət məktubları əsasında hazırlanmış olur. Etiraf etməliyik ki, bəzən bu kimi yazıların məzmunlarında nəzərə çarpan oxşarlıq, bu və ya digər müəssisə rəhbərinə qarşı irəli sürülən ittihamlarda müşahidə olunan eynilik bəzi oxucularımızda müəyyən suallar doğurur. Bəzən isə yazı müəlliflərinə şablon ifadələrdən istifadə etmələri və ya hətta eyni bir yazını müəyyən dəyişikliklərə məruz qoyaraq yenidən dərc etmələri barədə iradlar tutulur. Lakin ötən yazılarda biz həmçinin bu məsələyə də aydınlıq gətirərək bildirmişdik ki, bu yazılardakı eyniliyə səbəb olan müəyyən obyekriv amillər vardır. Məsələ bundadır ki, eyni bir sistemə daxil olan, eyni sahədə fəaliyyət göstərən və eyni instansiya tabeçiliyində olan müəssisələrdə baş verən qanun pozuntuları da son dərəcə oxşar sxemlərdə həyata keçirilir. O cümlədən, Qobu qəsəbəsi 16 saylı uşaq bağçasında yer almış qanun pozuntuları da istisna deyil.
Təəssüflər olsun ki, dövlətimizin və xüsusən də şəxsən ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının müqabilində, bu istiqamətdə əldə olunmuş nəticələrin gözlənildiyindən xeyli az olması hələ də obyektiv bir həqiqət olaraq qalmaqdadır. Başqa sözlə desək, uşaq məktəbəqədər təhsil müəssisələri sahəsində islahatlar gedir, lakin çox ləng gedir. Araşdırmalar göstərir ki, bu sahədə çalışan bəzi məmurlar vərdiş etdikləri köhnə qaydaları hələ də bir kənara qoymağa hazır deyillər. Məhz bu baxımdan 16 saylı uşaq bağçasının müdiri Sara Həsənovanın fəaliyyəti də müvafiq orqanlar tərəfindən ciddi araşdırmaların aparılmasını tələb edir...

Qarşı tərəfin də mövqeini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.