Məktəb direktoru qəzet axtarışında
30-06-2016, 08:49
Nuranə Mirzəyeva qəzetimizdə dərc olunmuş tənqidi materiallarla bir daha yaxından tanış olduqdan sonra bizi məhkəməyə verib-verməyəcəyi barədə qərar qəbul edəcək
Nəvbəti tədris ili də başa çatdı, orta məktəb binalarının divarları arxasında bir sakilik də bərqərar oldu, amma Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyeva rəhbərlik etdiyi müəssisənin problemlərin həll edib qurtarmadı. Daha dəqiq desək, direktor bu məktəbə də, buranın müəllim və şagird kollektivinə də müxtəlif problemlər yaşatmaqdan usanmadı.
Qeyd edək ki, 170 saylı məktəbin fəaliyyətində müşahidə olunan neqativ hallar barədə müxtəlif məlumatlar redaksiyamızın poçtuna hələ 2015-ci ilin əvvəllərindən daxil olmağa başlamışdılar. Həmin vaxt bizimdovr.az-a təqdim olunan açıqlamalarda bildirilirdi ki, Nuranə Mirzəyeva tərəfindən bu məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat civarında müəyyənləşir. Həmçinin məlumatlara görə, burada məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu məbləğ 800 manatdır. Ümumilikdə isə, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır.
Ötən ilin mart ayında aldığımız növbəti məlumatlardan birində isə, ilk dəfə olaraq, 170 saylı məktəbdə tətbiq olunan “evdə təhsil” proqram layihəsinin gedişində Nuranə Mirzəyeva tərəfindən yol verilən maxinasiyalar barədə müəyyən fikirlər öz əksini tapmışdı. Həmin məlumatda deyilirdi: “Qeyd etmək istəyirik ki, 170 saylı məktəbdə adi tədris metodikasından başqa xüsusi, “evdə təhsil” proqramı da tətbiq olunur. Bu proqram çərçivəsində müəyyən xəstəliklər səbəbindən məktəbə gələ bilməyən uşaqlara dərslər onların öz evlərində keçilir. Bu gün “evdə təhsil” proqramı üzrə 170 saylı məktəbin 120-dən artıq şagirdi təhsil alır. Onlara dərs deyən müəllimlərin sayı isə, təxminən 40 nəfərə yaxındır. Lakin məktəbin direktoru bu humanist layihəni də öz mənafeyinə xidmətə yönəldə bilmişdir. Belə ki, Nuranə Mirzəyeva bu proqram üzrə dars saatlarının bölgüsündə də müxtəlif maxinasiyalara yol verir...”
Lakin bu ilin may ayında məktəbdə olan başqa bir mənbənin təqdim etdiyi açıqlamada, ilkin aldığımız məlumatlardakı statistik göstəricilərin heç də həqiqətə uyğun olmadığı qeyd olunmuşdu. Məlumatda deyilirdi: “Hazırda 170 saylı məktəbdə tətbiq olunan maxinasiyaların böyük əksəriyyəti “evdə təhsil” proqramının icrası ilə bağlıdır. Bu gün “evdə təhsil” proqramı üzrə məktəbin 300-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə, 50 nəfərdən artıqdır. Direktor Nuranə Mirzəyeva “evdə təhsil” proqramı üzrə dərs demək üçün təkcə 170 saylı məktəbin özündən deyil, həmçinin başqa məktəblərdən müəllimlər dəvət edir. Həmin müəllimlər isə, hər bir “xəstə” şagirdə görə, Nuranə Mirzəyevaya ilkin olaraq 1200 manat, sonradan isə, hər ay 50 manat pul ödəyirlər...”
Sonrakı məlumatlarda, “evdə təhsil” proqramı ilə bağlı törədilən maxinasiyalara dair açıqlamalarda daha geniş təfərrüatlar yer almağa başladı: “Uşaqlara xəstəlik barədə arayışın verilməsini Sabunçu rayonu 12 saylı şəhər poliklinikasının uşaq şöbəsində işləyən həkim-nevropatoloq Aliyə xanım təmin edir. 170 saylı məktəbin bəzi müəllimləri, növbəti tədris ilində “evdə təhsil” proqramına daxil edilmələri üçün bir neçə uşağın sənədlərini direktora təqdim etsələr də, Lakin Nuranə Mirzəyeva buna qəti etirazını bildirib. Direktor qəti olaraq bəyan etdi ki, bu proqrama yalnız onun seçdiyi uşaqlar daxil ediləcəklər. Bu uşaqların hər birinə görə isə, bizdən 1200 manat pul tələb edir. Həm də bəyan edir ki, bu məbləğdə Təhsil Nazirliyinin xəstə uşaqlarla iş sektorunun müdiri Bəhruz müəllimin və həkim Aliyə xanımın da payları var. Həm də Nuranə xanım bu yaxınlarda məktəbdə olmuş komissiyanı “yola salmaq” üçün xeyli miqdarda pul xərclədiyini bəhanə gətirərək, indi həmin xərcləri qarşılamağı bizdən tələb edir. Çox maraqlıdır ki, məktəbə yeni gələndə bir çöpü belə olmayan direktor, indi qızıl və brilyant əşyalarını nümayiş etdirməkdən və hər şeyi pulla həll etdiyini tez-tez təkrarlamaqdan xüsusi zövq alır...”
Yeri gəlmişkən, may ayının sonlarına yaxın redaksiyamıza daxil olmuş məlumatda 170 saylı orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamaların aparıldığı xəbər verilmişdi. Mənbə bu barədə bizimdovr.az-a verdiyi açıqlamasında göstərmişdi ki, məktəbin fəaliyyətini təftiş edən komissiyaya rəhbərlik TN-nin xəstə uşaqlarla iş sektorunun müdiri Bəhruz müəllimə həvalə edilib. Lakin cəmi bir neçə gün sonra, Nuranə Mirzəyeva məktəbdə yoxlma aparan komissiyanı necə “razı salması” barədə aşkar bəyanatlar verməklə, bütün bunlardan qətiyyən çəkinmədiyini də ortaya qoymuşdu. Elə bu səbəbdən də, Nuranə Mirzəyeva mətbuatda onun barəsində yazılan tənqidi materiallara qarşı tam etinasızlıq nümayiş etdirir.
Etiraf edək ki, məktəbdə cari dərs ilinin sonlarında aparılmış yoxlamalar zamanı Nuranə Mirzəyevanın “evdə təhsil” proqramı üzrə həyata keçirdiyi çoxsaylı maxinasiyalardan birinin də “aşkar edilməməsi”, direktorun qeyri-qanuni gəlirlərinin hesabının aparıldığı “qara dəftərin” üzə çıxmaması və digər bu kimi məqamlar böyük nailiyyət kimi qeyd oluna bilər. Üstəlik “evdə təhsil” proqramının icrası ilə bağlı Nuranə Mirzəyevanın kənar təhsil
müəssisələrindən 170 saylı məktəbə 75 nəfərlik müəllim heyətini cəlb etməsi də heç kimin diqqətini çəkmirsə, bu zaman tam əminliklə demək olar ki, növbəti tədris ilini də direktor öz postunda qarşılayacaq. Elə onun öz tabeliyində çalışanlara dediklərində də bu fikir ifadə olunur. Mənbə bildirir ki, Nuranə Mirzəyeva artıq dərs ilinin sonu olduğundan ona heç kəsin, heç nə sübut edə bilməyəcəyini bəyan edib: “Mən öz işlərimi elə qurmamışam ki, kimsə mənim kapsuluma daxil ola bilsin. Həm də, onsuz da dərs ili başa çatır və bundan sonra bizimlə heç kəsin işi olmayacaq...” Təbii ki, “evdə təhsil” proqramı üzrə müəllimlərə yazılan hər şagirdə görə 1200 manat, şagirdin məktəbdə qeydiyyata alınması üçün valideynlərdən alınan 150 manat, adına şagird yazıldığı halda ümumiyyətlə təhsilə cəlb olunmayan müəllimlərin maaşlarının 50%-i, – bütün bu pullar son nəticədə kifayət qədər böyük məbləğlərdə ifadə olunur. O dərəcədə böyük ki, Nuranə Mirzəyeva həqiqətən də toxunulmazlığını təmin edə bilir. Bəzi iddialara görə, təkcə “evdə təhsil” proqramının saxtalaşdırılması nəticəsində ümumilikdə 170 saylı məktəbdə hər ay təxminən 60-70 min manat civarında dövlət vəsaiti mənimsənilir ki, bunun da düz yarısı məhz Nuranə Mirzəyevanın şəxsi büdcəsinə mədaxil olunur.
Redaksiyamıza son daxil olmuş məlumatda isə, Nuranə Mirzəyevanın qəzetimizin ötən saylarından olan nüsxələrini axtardığı bildirilir. Mənbə xəbər verir ki, direktor bizə qarşı məhkəmədə iddia qaldırmaq üçün hansısa bir əsas əldə etməyə çalışır. Hərçənd Nuranə xanım bir müddət əvvəl də məhkəməyə müraciət etməyə hazırlaşırdı. Lakin məktəbdə “vaxtı çatmış” növbəti pul yığımları bunu əngəlləmişdi. Ola bilsin ki, yay tətilləri dövründə direktorun asudə vaxtı bir qədər çox oldu...
Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.