Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? - Ağır onkoloji xəstələrin adına açılan "şirkət"lər
Bu gün, 09:28

Azərbaycanın gömrük sistemində illərdir davam edən qanunsuz şirkətlərin fəaliyyəti ölkənin iqtisadi təhlükəsizliyi üçün real problemə çevrilib. Vergidən yayınma, saxta sənədlərlə idxal və formal şirkətlər vasitəsilə həyata keçirilən milyonluq əməliyyatlar həm dövlət büdcəsinə, həm də ədalətli sahibkarlıq mühitinə ciddi zərbə vurmaqdadır.
Əslində problem təkcə iqtisadi deyil, artıq insanlıq ölçülərini aşan, dərin mənəvi və hüquqi fəsadlar yaradan bir məsələdir.
Araşdırmalar göstərir ki, uzun müddətdir ölkəyə gətirilən malların böyük bir hissəsi formal olaraq başqalarının adına qeydiyyata alınmış, amma gerçəkdə heç bir əməli və sistemli fəaliyyəti olmayan şirkətlər vasitəsilə daxil olur. Bu şirkətlərin böyük əksəriyyəti kağız üzərində mövcud olsa da, onların arxasında güclü himayədarların, bəzi məmurların, onların qohum və yaxın ətrafının dayandığı iddia edilir. Belə bir sxemdə dövlət orqanlarının, xüsusilə İdxal-İxrac Baş İdarəsinin prosesləri görməməsi, yaxud göz yumması məsələnin daha da ciddi hal almasına gətirib çıxarıb.
Ənənəvi sxemləri yada salsaq görərik ki, əvvəllər sadə vətəndaşların, savadsız və sosial cəhətdən zəif insanların adından istifadə edilirdi. Onların xəbəri olmadan adlarına şirkətlər açılır, daha sonra bu şəxslərə külli miqdarda vergi borcu yazılırdı. Hüquqi araşdırmalarda bəlli olurdu ki, bu şəxslər ya aldadılıb, ya da ümumiyyətlə belə bir prosesdən xəbərsiz olublar.
Amma bu gün vəziyyət daha acınacaqlıdır. İşbazlar artıq daha hiyləgər və qeyri-insani üsullara əl atırlar. Öncə bəlli olmuşdu ki, belə əməllərin sahibləri şirkətləri narkotik aludəçilərinin, psixoloji baxımdan qeyri-sabit şəxslərin adına açır və milyonluq idxal əməliyyatları həyata keçirirlər.
Bu dəfə isə bu şəxslər bir qədər də irəli gedərək daha dəhşətlisini – ağır onkoloji xəstəliklərdən əziyyət çəkən insanlardan istifadə edir, onların adına şirkətlər açılır. Məlumatlara görə, son dövrlərdə bəzi şəxslər paytaxtdakı Milli Onkologiya Mərkəzinin qarşısına gələrək və ya belə xəstələri axtarıb taparaq həyatla mübarizə aparan, maddi imkansızlıq səbəbilə müalicə ala bilməyən xəstələrə danışır, onlara 3-5 min manat "yardım" təklif edirlər. Guya insani niyyətlə edilən bu təklifin əslində çox iyrənc bir məqsədi var: sonradan həmin xəstələrdən etibarnamə alaraq onların adından şirkətlər açılır və bu şirkətlər vasitəsilə milyonlarla manatlıq idxal əməliyyatları həyata keçirilir.
Bu insanlar onsuz da həyatlarının son mərhələsində olan şəxslərdir və işbazlar bunu fürsətə çevirərək, dövlətin hüquqi sistemindən, vergi və nəzarət mexanizmlərindən yan keçməyə çalışırlar.
Daha acınacaqlısı isə odur ki, bu xəstələr bir neçə ay sonra dünyasını dəyişəndə, adlarına açılmış şirkətlərlə bağlı vergi borcları, sosial öhdəliklər və digər maliyyə məsuliyyətləri havada qalır. Nəticədə isə dövlət külli miqdarda ziyana düşür, işbazlar isə izlərini itirərək yeni qurbanlar axtarmağa başlayırlar. Bu, sadəcə vergi fırıldağı deyil – bu, həm də insanlıq dramıdır. Ağır xəstəliyə düçar olmuş insanların ümidsizliyindən, həyat mübarizəsindən qazanc əldə etməyə çalışan bu şəbəkə nəinki qanunu pozur, eyni zamanda mənəvi sərhədləri də aşır.
Mənbələrin bildirdiyinə görə, bu tip şirkətlər vasitəsilə hər ay on milyonlarla manatlıq məhsul ölkəyə daxil olur. Malların heç bir anbarı olmur, birbaşa bazarlara ötürülür və nə gömrük, nə vergi orqanları bu prosesi ciddi şəkildə yoxlamır və nəzarətdə saxlaya bilmir. Belə şəraitdə normal, qanuni fəaliyyət göstərən sahibkarların ayaqda qalması demək olar ki, mümkünsüzdür. Çünki biri dövlətə vergi ödəyir, sənədləşmə aparır, hüquqi məsuliyyət daşıyır, digəri isə qaranlıq yolla milyonlar qazanır və heç bir cavabdehlik daşımır.
Baş verənlərin qarşısının alınması işində həm də bir başa əlaqəli qurumlar olaraq İdxal-İxrac Baş İdarəsinin rəhbəri Azər Məmmədovun, Gömrük Komitəsinin sədri Şahin Bağırovun fəal hərəkəti vacibdir ki, hələlik onun şahidi olmuruq. Hətta bu qurumlarda çalışan şəxslər arasında belə şirkətlərə yaşıl işıq yandıranların olduğu bildirilir. Bu isə təkcə idarəçilik problemi deyil, həm də dövlətə və onlara göstərilən etimada hörmətsizlikdir.
Məlumata görə, artıq məsələ ilə bağlı yeni islahatların tətbiqinə start verilməsi planlaşdırılır. Bildirilir ki, yaxın vaxtlarda şirkətlərin qeydiyyatı ilə bağlı ciddi dəyişikliklər ediləcək. Şirkət yaratmaq istəyən şəxslərin maliyyə vəziyyəti, real sahibkarlıq niyyəti və idarəetmə qabiliyyəti yoxlanıldıqdan sonra qeydiyyata icazə veriləcək. Maddi və hüquqi imkanları olmayan şəxslərin adından saxta şirkətlərin yaradılmasının qarşısı alınacaq. Bu addım uzun illərdir bu sistemdən əziyyət çəkən dövlətin və qanuni sahibkarların xeyrinə atılmış mühüm və gecikmiş qərardır. Hər halda əgər belə bir addım atılacaqsa, o zaman həm dövlət qazanacaq, həm də qanuni sahibkarlar və bazar...
Əgər bu sistem dəyişməzsə, ölkə iqtisadiyyatı daha böyük itkilərlə üzləşəcək, cəmiyyət isə qurumlara olan inamını tamamilə itirəcək. Dövlət qurumları bu maxinasiyalara dərhal və ciddi şəkildə müdaxilə etməli, qanunsuz yolla milyonlar qazanan şəxsləri məsuliyyətə cəlb etməli və sosial baxımdan ən zəif təbəqədən olan insanların, narkotik aludəçilərinin, psixoloji pozuntusu olanların və ağır xəstələrin adından sui-istifadənin qarşısını almalıdır.
"DİA-AZ"