Coğrafiya İnstitutu: Kürdə kritik vəziyyət müşahidə edilir

Bu gün, 09:34           
Coğrafiya İnstitutu: Kürdə kritik vəziyyət müşahidə edilir
Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərin landşaft-ekoloji şəraitində baş verən dəyişikliklərin tədqiqi məqsədilə aparılan ekspedisiyası zamanı məlum olub.

Tədqiqatların ilkin nəticələrinin təhlili göstərib ki, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.

Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.

Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşmüş və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunmuş və dəniz burada 1,5–2 km geri çəkilib.

Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyllərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru