“Rəfiqələrim deyirdi ki, atana vurulmuşuq, onu, qardaşımı qısqanırdım, vəzifə atamı dəyişmədi”- FOTO

Bu gün, 09:44           
“Rəfiqələrim deyirdi ki, atana vurulmuşuq, onu, qardaşımı qısqanırdım, vəzifə atamı dəyişmədi”- FOTO
“Rəfiqələrim deyirdi ki, Sevinc xanım, atanıza bir aktyor kimi vurulmuşuq, onu çox istəyirik. O qədər qısqanc idim ki, düşünmürdüm atam xalqın sənətkarıdır. Deyirdim ki, onu istəmək olmaz, o mənim atamdır, mənə məxsusdur. Bir müəllim mənə dedi ki, “o sizin evdə atanızdır, belə isə xalqın sevdiyi aktyordur, siz qadağa qoya bilməzsiz ki, onu sevməsinlər”. Anam qısqanc deyildi. Təkcə atamı yox, qardaşım Daşqını da qısqanırdım. İndi qısqanclığım azalıb, hər şey dəyişib. Çünki nə atam var, nə də qardaşım Daşqın. Televiziya kanalları atamı yad edirlər, veriliş çəkirlər, hətta yaddan çıxan filmlərini nümayiş etdirirlər. Bütün bunlar təqdirəlayiq haldır. Yolda gedəndə də məni tanıyırlar, yolda saxlayıb atama rəhmət oxuyurlar. Hətta balaca oğlum babasını görməyib, filmlərini efirdə göstərəndə ona izah edirəm ki, baban gör necə aktyor olub. 2028-ci ildə atamın 90 illik yubileyi olacaq. Çox istərdim ki, bu yubiley nazirlik və teatr səviyyəsində qeyd olunsun. İnanıram ki, belə də olacaq”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Həsən Turabovun qızı Sevinc Turabova deyib. O daha sonra əlavə edib:

“İstər ata, istər aktyor, istərsə də teatr direktoru kimi çox mükəmməl idi. Aktyor və aktrisalarla elə münasibət qururdu ki, hamı ona ata, böyük qardaş kimi yanaşırdı. Hər kəsin qayğısına qalırdı. Teatrında çalışdığı sənətkarlarla arasında pərdə yox idi. Hər kəs problemini açıq şəkildə ona deyə bilirdi. Həsən Turabov kimi sənətkarları zaman yetişdirmir. Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq. Onun səsinə qulaq asanda valeh oluram. Həyat mənim üçün başqa cür olur. Nə qədər də istəsələr onu yamsılasınlar, özlərini ona oxşatsınlar bu alınmayacaq” deyə o bildirib.

Sevinc xanım bildirib ki, bir çoxu atasını rəhmsiz, əzazil insan kimi bilsələr də bu elə deyildi:

“Atam yalanı sevməzdi. Ona yalan danışan insandan qəlbində küsürdü. Rəhmsiz, əzazil insan deyildi. Teatrda direktor işlədiyi müddətdə də heç kim ondan inciməyib. İnciyibsə də bu atamla yox, onların özü ilə bağlı olub. Məsələn, atam işə gecikən aktyoru bağışlamırdı. Bir-iki dəfə bağışlayırdı, sonra isə cəzalandırırdı. Çünki bir insanın işə gecikməsinə görə bütün kollektiv əziyyət çəkirdi. Vəzifə atamı dəyişməmişdi. Atam aktyor kimi də, direktor kimi də eyni insan idi” deyə sənətkarın qızı bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru