Mərkəzi Bank “Proqress-N”ə protokol yazdı, məhkəmə icraata xitam verdi
Bu gün, 08:44
Mərkəzi Bank “Proqress-N” MMC barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.
Mərkəzi Bank ərizəsində qeyd edib ki, “Proqress-N” MMC 43 992 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürüb. İki il keçsə də, bu vəsait hesabına alınacaq mallar Azərbaycana idxal edilməyib.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə zamanı şirkətin nümayəndəsi bildirib ki, sözügedən məbləğ hesabına alınan mallar öllkəyə idxal olunub və müvəkkil bank tərəfindən təsdiqlənib.
Bundan sonra məhkəmə inzibati iş barədə icraata xitam verib.