Şirvanda Namiq Quliyev "Kapitalbank"-ı özəlləşdirib

19-05-2015, 13:00           
Şirvanda Namiq Quliyev "Kapitalbank"-ı özəlləşdirib
Bank sektoru ölkəmizin maliyyə sisteminin mühüm elementini təşkil edir. Hazırda banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir. Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də liberal islahatlar aparıldı. Özəl bank sisteminin institusional formalaşması təmin edildi.

Bir sözlə, dövlət səviyyəsində bank sektorunun inkişaf etdirilməsinə, xüsusən də özəl bankların fəaliyyətinin genişlənməsinə hər cür şərait yaradılır. Təəssüf ki, bəzi hallarda müxtəlif banklarda rəhbər vəzifələri tutan şəxslər işlərinin öhdəsindən layiqincə gələ bilmirlər, üstəlik bu azmış kimi vətəndaşlara əlavə problemlər yaradırlar. "Kapitalbank"ın Şirvan filialında da xoşagəlməz vəziyyət hökm sürür. Bu barədə şəhərdəki mənbələrdən məlumat almışıq. Adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, filial müdiri Namiq Quliyevin qanunla uzlaşmayan əməlləri yerli sakinlər tərəfindən etirazla qarşılanır: "Bankın rəhbəri əslən Sabirabad rayonundandır. O müdir keçəndən sonra təcrübəli işçilərin bir hissəsini əsassız olaraq işdən kənarlaşdırdı. Onların yerinə isə Sabirabaddan olan şəxsləri, daha doğrusu özünə yaxın adamları təyin etdi. "Kapitalbank"ın Şirvan filialında acınacaqlı durum yaşanır. Vətəndaşlar filialdan kredit götürərkən əlavə problemlərlə üzləşir, süründürməçiliyə məruz qalırlar. Camaat onun əlindən cilov gəmirir. Ölkənin ən köklü banklarından biri hesab edilən "Kapitalbank"ın rəhbərliyi vətəndaşların maddi durumunu nəzərə alaraq onlara güzəştli kreditlər təklif edir. Hətta maaşını bu bankın kartı ilə alan insanlara tək şəxsiyyət vəsiqəsi ilə kredit verilir. Lakin Şirvan filialının müdiri bankın prinsiplərini heçə sayaraq öz bildiyi kimi hərəkət edir. Kredit götürmək üçün bura müraciət edən, amma "görüm-baxım" etmək istəməyən vətəndaşların işi qəsdən çətinə salınır". Etibarlı mənbənin bildirdiyinə görə, bank müdirinin imza atdığı özbaşına əməllərdən biri də inkassator maşını sürən şəxslərin Bakıya ezamiyyəti ilə bağlıdır: "Filialda inkassator maşınının sürücüsü işləyən şəxslər ayda bir neçə dəfə paytaxta gəlib pul aparırlar. Həmin vaxt müdir onlara ezamiyyət pulu yazır. Amma bu günə qədər heç bir sürücü o pulu ala bilməyib. Namiq müəllim ezamiyyət pullarını özünə götürür. Bunu bankda işləyən insanlar da təsdiqləyə bilər. Digər tərəfdən, bankda işləmək istəyən vətəndaşlar müdirin "tələb"lərini yerinə yetirməklə buna nail ola bilərlər. Onun iş yeri Şirvan şəhəri olsa da, Sabirabadda yaşayır. Bildiyim qədərilə, Sabirabad rayonunda onlarla ticarət obyektinə sahibdir. Hər gün Şirvan-Sabirabad yolunu gedib-gələn bank rəhbəri yanacağa görə əlavə vəsait xərcləyir. Onun bu pulları halal yolla qazanması bir qədər şübhəlidir. Onu da deyim ki, son illər Şirvanda vətəndaşların müəyyən hissəsi pensiyalarını vaxtında ala bilmir. Baş idarədən pul vaxtında köçürülür. Buna baxmayaraq, filial rəhbəri yüz minlərlə vəsaiti bir, hətta iki həftə gecikdirir və nəticədə həmin puldan yüksək faiz əldə olunur. Fikrimcə, indi deyəcəyim məqam daha çox qabardılmalıdır. Bir neçə il öncə Şirvan şəhərində böyük səs-küyə səbəb olan oğurluq hadisəsi baş vermişdi. Belə ki, "Kapitalbank"ın Şirvan filialında inkasator sürücüsü işləyən bir nəfər iş vaxtı külli miqdarda pulu oğurlayaraq ölkədən qaçmışdı. Bu şəxsin kimliyi bəlli olsa da, onu həbs etmək mümkün olmadı. Hazırda onun xalası filialda baş mühasib işləyir. Namiq Quliyev bankın bütün maliyyə məsələlərini bacısı oğlu vaxtilə külli miqdarda pul oğurlamış xanıma həvalə edib". Filial müdirinin barəsində redaksiyamıza daxil olan məlumatların yerdə qalan hissəsi ətrafında araşdırmalara başlamışıq. Növbəti saylarımızda bank rəhbərinin hansı məmura güvənməsi və Şirvandan Sabirabada transfer olunan məbləğ haqqında ətraflı məlumat verəcəyik. Bizi izləyin. \\ Gündəlik Bakı" \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.