Eldar Yunusov kimin yardımları ilə özünü sığortalamağı bacarır? - İDDİA

30-06-2016, 17:26           
Eldar Yunusov kimin yardımları ilə özünü sığortalamağı bacarır? - İDDİA
Məktəbəqədər təlim-tərbiyə müəssisələri, yəni uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Belə ki, məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesinin bir xeyli çətinləşdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, bunun məsuliyyəti birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun üzərinə düşür. Məhz Eldar Yunusovun göstərişi ilə uşaqların bağçaya götürülməsi zamanı müəyyən məbləğdə vəsaitin tələb olunduğunu iddia edən mənbənin sözlərinə görə, hazırda əksər məktəbəqədər təlim-tərbiyə müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür: «Deyilənlərə görə, əksər bağçalarda yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Həmin uşaqlar təmənnasız götürülsə də, əksəriyyət məhz pulla qəbul edilir. Bildirilir ki, azyaşlıların valideynlərindən alınan pulun – təxminən 300-500 manatın bir hissəsi Eldar Yunusova qalanı isə bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Hələ bu, harasıdır. Bu gün əksər uşaq bağçalarında gigiyenik tələblər də qorxulu bir şəkildə təzahür edir. Bu səbəbdən də körpələrin pastelləri valideynlərinin qoltuğuna verilir, özlərinə yuduzdurulur». Bu arada, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələrin həyata keçirilmədiyini qeyd edən məlumatlı şəxs bildirir ki, xüsusilə körpələrin təliminin pedoqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilmir: «Məhz elə bu səbəbdən də uşaq bağçaları yenidən Təhsil Nazirliyinin nəzdinə qaytarılmalı, bu sahə ilə bağlı ciddi islahatlar aparılmalı, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov və onunla əlbir olan bağça müdirləri əməllərinə görə qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar. Ona görə ki, hazırkı şəraitdə uşaqlara qaravolçuluq edən müəllimlərin mütləq əksəriyyəti məktəbəqədər pedaqogikanı bilmir və onları təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək lazımdır. Onu da nəzərinizə çatdırım ki, Bakı meri Hacıbala Abutalıbovun himayəsinə arxalanan Eldar Yunusov hər dəfə çətinə düşən kimi, təhlükə hiss etdiyi anda paytaxtın icra başçısının yardımlarına baş vuraraq özünü sığortalamağı bacarır. Deyilənlərə görə, o, məhz uşaq bağçalarından əldə olunan gəlirlər hesabına özünə külli miqdarda sərvət toplamağa, bir neçə iaşə obyekti, eyni zamanda villa və mənzillər əldə etməyə müvəffəq olub. Əgər aidiyyəti qurumlar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərinin fəaliyyətini ciddi şəkildə araşdırsalar, o zaman Eldar Yunusovun indiyədək yol verdiyi bir sıra nöqsanların üstü açıla, qanundankənar əməlləri ifşa oluna bilər. Lakin nədənsə hələlik heç kim bunda maraqlı görünmür». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.