Arzu Rəhimovun Hacıqabul kövrəkliyi... - Susursa, deməli, qanedir.
1-07-2016, 10:51
Artıq xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) rayon şöbələrində də müvafiq hazırlıq işlərinə başlanılıb. Lakin redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu hazırlıq işləri heç də bütün şöbələrdə eyni xarakter daşımır. Belə ki, aldığımız məlumatlarda Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bu hazırlıq işlərinin həm də müəyyən rüşvət yığımları ilə müşayiət olunduğu iddia olunur. Məsələn, bizimdovr.az-a təqdim olunan son açıqlamalarda Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsində yenidən hərbi xidmətdən qeyri-qanuni möhlət verilməsi, və hətta çağırışçıların öz arzularına uyğun olaraq, bu və ya digər bölgələrə hərbi xidmətə göndərilməsi üzrə “tədbirlərin” həyata keçirilməsinə start verildiyi bildirlir. Xatırladaq ki, son bir neçə ay ərzində redaksiyamıza bu şöbənin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair açıqlamalar ardıcıl olaraq daxil olmaqdadır. Məlumatlarda qeyd edilir ki, haqqında bəhs olunan neqativ hallar bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə davamlı şəkildə müşahidə olunur. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, əvvəllər rayon hərbi komissarlıqlarında yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Xidmətin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair bizimdovr.az-a daxil olan məlumatlar isə, bu kimi narazılıqların daha da artmasına şərait yaradır. Belə ki, şöbənin fəaliyyətində müşahidə olunan çoxsaylı nöqsanlar barədə açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılırlar. Onların yerinə isə, hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Qeyd edək ki, bu açıqlamaları redaksiyamıza verən mənbə, həm də iddialrını konkret dəlillərlə də isbatlayır. Bu baxımdan bizə təqdim olunmuş hərbi biletlr də xüsusi maraq kəsb edirlər. Ötən saylarımızda dərc etdiyimiz materiallarda bu hərbi biletlərdən bir neçəsi barədə ətraflı məlumatlar da təqdim olunmuşdu. Bu səbəbdən də, daxil olan məlumatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən Xidmətin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin yoxlanması ilə bağlı tələblər irəli sürülürdü. Bir neçə müddət bundan əvvəl isə, redaksiyamıza daxil olmuş açıqlamalarda bu tələblərin nəhayət ki, Səfərbərlik Xidməti rəhbərliyinin diqqətini cəlb etdiyi qeyd olunmuşdu. Mənbə göstərmişdi ki, Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun göstərişi ilə artıq Hacıqabul Rayon Şöbəsində yoxlamalara başlanmışdır. Bu xüsusda bizimdovr.az-a daxil olan son məlumatlara görə, şöbədə yoxlamalar hələ də davam edir. Lakin mənbələr iddia edirlər ki, şöbədə yoxlamanın olmasına baxmayaraq, Nurlan Abbasov hələ ki, öz işində heç bir dəyişiklik etmək niyyətində deyil. Bildirilir ki, hərbi xidmətdən qanuni əsas olmadan möhlət verilməsi və çağırışçının arzuladığı bölgəyə hərbi xidmətə göndərilməsi üçün şöbədə növbəti pul yığımlarına da artıq start verilib. Mənbələr bildirirlər ki, məsələn, Hacıqabul rayonundan olan çağırışçının paytaxt Bakı ərazisində yerləşən hərbi hissələrdən birinə göndərilməsini təmin etmək üçün, səfərbərlik şöbəsində 5000 (beş min) manat pul tələb edirlər...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.