Hökməlidə qanunsuzluqlar bələdiyyədən başlayır- Zakir Fərəcovunda adı hallanır
19-05-2015, 15:17
Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 21/16-da qeydiyyatda olan Lətifə Zeynəddinova DİA.AZ-dan kömək istəyir. O, oğlu Elşən Əlixanov və oğlunun qayınatası Bəylər Manafov tərəfindən təzyiqlərə məruz qaldığını bildirir.
L.Zeynəddinova yazır ki, uzun illərdir əzab-əziyyətlə yığdığı pula 2013-cü ildə Hökməli kənd sakini Azad Alxasovdan dörd nəfərin şahidliyi ilə 2400 manata 2 sot torpaq alıb: «Həmin torpaqda əmək haqqımla və qızıllarımı girov qoyub götürdüyüm, 4000 manat borc aldığım pulla ev tikdirib, qızım Yeganə ilə orada yaşayırdıq. O vaxt evimi 29 min manat dəyərində sığortalatdım. İşlətdiyim elektrik enerjisinin pulunu ödəmişəm. Evin öz vəsatim hesabına tikilməsi barədə qonşuların iştirakı ilə akt tərtib edilib. Onu da deyim ki, A.Alxasovdan aldığım torpağın sənədi yox idi. Həmin torpağa sənəd almaq üçün Hökməli bələdiyyəsinə ötən il iki dəfə ərizə ilə müraciət etmişdim. Ancaq bələdiyyə ərizəmi qəbul etməmişdi. Bu il isə bələdiyyə mənə məktub göndərdi ki, guya mən onlara müraciət etməmişəm».
L.Zeynəddinovanın sözlərinə görə, vaxtilə Qubada nənəsinin himayəsində böyüyən, birinci nikahdan ruhi xəstə olan oğlu Elşən Əlixanovla (bu barədə redaksiyaya sənədlər təqdim olunub - red.) qayınatası Bəylər Manafov qızını İrana həkimə aparmaq üçün ondan 6 min manat istəyiblər: «Həmin məbləği verməkdən imtina etdiyimə görə onlar məni ölümlə hədələdilər. Sonra oğlum qayınatasının təhriki ilə arvadıyla birgə Hökməlidəki evimə gəlib qızımla məni döyüb, bizə xəsarət yetirdilər. Sonra da 160 manat dəyərində olan qızılımı və 400 manat pulumu evimdən oğurlayıb apardılar.
Oğlumun qayınatası B.Manafov bununla kifayətlənmədi. Belə ki, bu il mart ayının 22-də yaşadığım evin qapısının qıfılını sındıraraq, torpağa aid və bir çox vacib sənədləri, 800 manat dəyərində olan ev əşyalarımı aparıblar. Sonra da torpağımı məndən xəbərsiz 15 min manata Orxan adlı birinə satıblar. Hətta evimin məndən xəbərsiz satılmasında Hökməli bələdiyyəsinin və Abşeron polisinin də əli olub. Çünki polis əməkdaşları telefonda məni hədələyərək, evimdən çıxmağımı tələb edirdilər. B.Manafovun evimdən oğurluq etməsi barədə DİN-in «102» xidmətinə məlumat verdim. Ancaq Abşeron polisi evimin satılmasında maraqlı olduğu üçün şikayətimə baxmadı. Hadisədən sonra evimin qapısının qıfılını ustaya düzəltdirib yenidən orada yaşamağa başladıq. Dörd gündən sonra B.Manafov mənə zəng edərək, evdən çıxmağımı tələb etdi. Dedi ki, əgər evdən çıxmasam, oğlumu göndərib məni öldürtdürəcək. Martın 26-da mən evdə olarkən B.Manafovun torpağımı satdığı Orxan adlı şəxsin anası ilə bir kişi həyətimə gəldilər. Mənə heç bir söz demədən gətirdikləri bir maşın daşı həyətə boşaltdılar. Soruşdum ki, daşı niyə mənim həyətimə tökürsünüz? Dedilər ki, bu həyəti bizə Bəylər satıb, bələdiyyənin də, polisin də bundan xəbəri var. Sonra da həmin qadın oğlum Elşənə zəng edib mənim evimə çağırdı. Oğlum gəlib məndən evin açarını onlara verməyimi tələb etdi. Mən açarı verməyəcəyimi bildirəndə, oğlum çantamı əlmdən zorla dartıb aldı. İçərisini axtarıb açarı tapmayanda, çantamda olan 60 manat pulumu götürüb, sonra da məni sinəmdən geri itələyərək çıxıb getdi».
L.Zeynəddinova bildirir ki, B.Manafov onun torpağını Abşeron rayon İcra Hakimiyyətinin verdiyi saxta eskiz layihəsi əsasında qanunsuz olaraq Orxan İsgəndərovun adına sənədləşdirib. L.Zeynəddinovanın sözlərinə görə, Orxangil həyəti hasarlayanda o, Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin Mübariz adlı əməkdaşına, polisə, və bələdiyyəyə müraciət etsə də, bunun faydası olmayıb: «Bu il mart ayının 27-də B.Manafovun göstərişi ilə oğlumla evinimin qapısının qıfılını sındıran İsmayıl Bəşirov aldı qohumu saçımdan tutub sürüyərək tanımdığım bir maşına mindirib naməlum istiqamətə apardılar. Orada məni döyüb bədənimə xəsarət yetirdilər. DİN-in «102» xidmətinə zəng etsəm də, bu məsələdə polis maraqlı olduğu üçün tibbi ekspertizaya getmədim. Baş Prokurorluğun «Qaynar xətti»nə zəng edəndən sonra Abşeron şəhər poliklinikasına müraciət etdim. Şikayətimlə əlaqədar Baş Prokurorluğu araşdırma aparmağa başladı. Araşdırma hələ də davam edir».
Şikayətçi yazır ki, oğlunun və onun qayınatasının tamahı ucbatından dörd aydır evindən didərgin düşüb: «Azyaşlı qızım artıq neçə aydır ki, məktəbə getmir. Öz vəsaitim hesabına tikdirdiyim evi əlimdən alındığı üçün indi kirayələrdə yaşamaq məcburiyyətində qalmışam».
Şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Qeyd edək ki, L.Zeynəddinova Hökməli qəsəbəsindəki evinə yaşayış hüququnun tanınması, həmin evə köçürülməsi və İsgəndərov Orxan Vəfadar oğlunun evdən çıxarılması tələbilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.