Qubad İbadoğlu koordinator oldu, Sabir Bağırov istefa verdi, Nuriyevlə Mehdiyev isə... - Qalmaqal
1-07-2016, 19:09

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şurasının iclası keçirilib.
teref.az AzNews.az-a istinadən xəbər verir ki, iclasda Monitorinq Komitəsinin rəyinə baxılıb və yeni koordinator seçilib.
İclasda müzakirələr zamanı şura üzvləri arasında qalmaqal yaranıb. Buna səbəb isə Monitorinq Komitəsinin rəyinin qəbul edilməməsi olub.
Məlumatda qeyd edilir ki, komitənin rəyində Şura üzvü Oqtay Gülalıyevin koalisiyanın tərkibiylə bağlı Milli Şuranın feysbuk səhifəsində etdiyi paylaşıma görə üzr istəməsi tələbi qoyulubmuş.
Lakin iclas iştirakçıları bu rəylə razılaşmayıblar. Bu isə keçmiş koordinator Əliməmməd Nuriyevin, Azər Mehdiyevin və Sabit Bağırovun ciddi etirazına səbəb olub. İş o yerə çatıb ki, Ə. Nuriyev və A. Mehdiyev iclası tərk edib. Şuranın koordinator seçkisinə gəldikdə, bu proses 6 nəfərin iştirakı ilə reallaşdırılıb və nəticədə Qubad İbadoğlu Koalisiya Şurasının koordinatoru seçilib. Bundan sonra isə Sabit Bağırov Koalisiya Şurasından istefa verib.
O, bir neçə saat əvvəl Koalisiya Şurasına və Monitorinq Komitəsinə müraciət edərək istefa verdiyini bəyan edib. Əldə etdiyimiz məlumatda daha bir neçə tanınmış şəxsin yaxın günlərdə Şuradan istefa verəcəyi də deyilir.
"Monitorinq Komitəsinin rəyinin qəbul olunmaması Oqtay Gülalıyevin açıqladığı 5+1 formatının həqiqətən də Milli Şuranın maraqlarına xidmət etdiyini təsdiqlədi. Xatırlayırsınızsa Koalisiyamızdakı narazılıqlarla bağlı mətbuat gedən yazılarda Qubad İbadoğlunun Milli Şura təmsilçilərilə danışıqlara getdiyindən və bu danışıqlarda İbadoğlunun Şura koordinatoru seçiləməsi barədə razılıq əldə olunmasından da bəhs olunurdu. Yazılarda bildirilirdi ki, razılaşmaya əsasən İbadoğlu öz növbəsində Milli Şura təmsilçilərinin Şuraya düşməsini təmin etməliydi. Göründüyü kimi, bütün bunlar öz təsdiqini tapdı" - deyə, Koalisiyadakı mənbə bildirib.
AzNews.az Monitorinq Komitəsinin rəyini də əldə edib. Şura üzvlərinin qəbul etmədiyi sənədi olduğu kimi diqqətinizə təqdim edirik:
****
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Monitorinq Qrupu
Qərar 2/2
Bakı şəhəri 20 iyun 2016-cı il
Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Monitorinq Qrupuna daxil olmuş müraciətlərin araşdırılması haqqında
Koalisiya Şurasının üzvləri Qubad İbadoğlu və Əliməmməd Nuriyev tərəfindən 20 may və 26 may 2016-cı il tarixlərində Monitorinq Qrupuna yazılı müraciət verərək Koalisiya Şurasının üzvləri Azər Mextiyev və Sabit Bağırov tərəfindən qaldırılan ağaşıdakı məsələləri mümkün qədər tez araşdırılmasını, onun nəticələri və tövsiyələri barədə Koalisiya Şurasının məlumatlandırılmasını xahiş etmişdirlər.
Müraciət Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Əsasnaməsinin 4.6.4-cü, 4.11-ci, 5.19.1-ci və 5.19.4-cü yarımbəndlərinə və Monitorinq Qrupunun Əsasnaməsinin 3.3-cü, 3.6-cı, 4.9-cu, 6.2-ci və 6.3-cü bəndlərinə və Etik-Davranış Kodeksinə uyğun olaraq şikayət və müraciətləri verilməsi və onlara baxılması qaydaları müəyyən edilmiş müddətdə verildiyindən araşdırılması və müvafiq rəy verilməsi üçün icraata qəbul edilmişdir. Araşdırma prossesində müraciət etmiş Koalisiya Şurasının üzvləri ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş və iclasda iştirak etməyə dəvət edilmişdirlər.
Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, Koalisiya Şurasının üzvü Azər Mextiyev bilmək istəyir ki, Koalisiyanın hüquqi şəxs statusu məsələsinin hökumətin istəyi ilə meydana çıxması yaxud bu məsələnin son müzakirələrə çıxarılan variantının müəllifliyinin Hökumət Komissiyasının sədrinə məxsus olması fikrini Monitorinq Qrupu tərəfindən araşdırılıb açıqlama gətirilməsini istəyir:
1. Qubad İbadoğlu müraciətində Azər Mehtiyev və Sabit Bağırov tərəfindən aydınlıq gətirilməsi istənilən Koalisiyanın hüquqi şəxs statusu alması məsələsinin hökumətin istəyi ilə meydana çıxması, yaxud bu ideyanın Hökumət Komissiyasının sədrinə məxsus olması, onu təklifi ilə reallaşması, bundan irəli gələrək Koalisiyanın XVIII Ümumi Yığıncağının müzakirəsinə çıxarılması (yəni hökumətin sifarişi ilə həyata keçirilməsi) ilə bağlı səslənmiş iddia və fikirlərin nə dərəcədə əsaslı olmasının araşdırılmasını, habelə Koalisiyanın XVIII Ümumi Yığıncağının qəsdən ləngidilərək QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin nəticələrinin elan edilməsi dövrünə salınması və bundan həmin qrumdan qrant alan təşkilatlara Ümumi Yığıncaqda səsvermə prosesində təzyiq vasitəsi kimi istifadə olunmasının araşdırılmasını xahiş etmişdir.
2. Əliməmməd Nuriyev müraciətində Koalisiya Şurasının üzvü Oktay Gülalıyevin 30 aprel 2016-cı il tarixdə siyasi partiyaları və ictimai fəlları birləşdirən Milli Şuranın Feysbuk səhifəsində yazdığı statusda tərəfindən konkret sübutlar gətirmədən onun Koalisiyanın koordinatoru olduğu dövrdə 400 000 manatlıq korrupsiya halına yol verilməsi, hakimiyyətin Koalisiya Şurasının tərkibi də daxil olmaqla ümumilikdə Koalisiyanın nəzarət altına almağa cəhd etməsi, lakin Koalisiyanın bir qrup üzvü tərəfindən buna imkan verilməməsi və əvəzində həmin qrupun səyləri hesabına Koalisiyanın indiki seçkili orqanlarının müəyyən müxalif siyasi qüvvələrin təsiri altına düşməsi, habelə Koalisiya hüquqi şəxs statusu alacağı halda onun statusunun aşağı düşəcəyi və bu onun Hökumətin daha çox nəzarəti altına düşəcəyi ilə bağlı iiddialarının araşdırılmasını xahiş etmişdir
(Statusun tam mətni: "Dostlar, Sizə öncədən məlumat verdiyim kimi bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirildi. Şahmar Mövsümovun, Azay Quliyevin, EİTİ Beynəlxalq katibliyin, Dünya Bankı, ABŞ səfiri başda olmaqla digər səfirlik və beynəlxalq təşkilat nümayəndələrinin qatıldığı Yığıncaqda 143 təşkilat iştirak etdi. Hökümətin tam dəstək verdiyi toplantı onlar üçün 2 çox ciddi məğlubiyyətlə başa çatdı. Birinci, hakimiyyət Koalisiyanı nəzarətə götürmək üçün irəli sürdüyü "Koalisiyanı İctimai Birliyə çevirib qeydiyyata almaq" planı keçmədi, iflasa ugradı. İkinci isə bütün müqavimətə, anti- təbliqata, ayrılan 400 min manata baxmayaraq hakimiyyət Şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə ugradı. Şuranın 50+1, MQ- nın isə 2/3 tərkibinə bizim təklif etdiyimiz namizədlər seçildi. O cümlədən bəndəniz yüksək səslə Koalisiya Şurasına üzv seçildi. Çox ciddi ugur əldə etdik.
Sizlər də daxil olmaqla əməyi keçən, dəstəkçi olan, diqqət yetirən bütün dostlara təşəkkür edirəm.
Həftənin birinci günü Bakıda səfərdə olan EİTİ üzrə Beynəlxalq Katibliyin nümayəndəsi, regional direktor Dyveke Roganın yeni Şura ilə görüşü olacaq. Mən həmin görüşdə həbsdə olan Koalisiya üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlının məsələsini, eləcə də VC- nin digər problemlərini qaldıracam”)
Yuxarıda göstərilənləri nəzərə alaraq Koalisiyanın Şura üzvü Qubad İbadoğluya Monitorinq Qrupunun sədri Çingiz Dadaşov (23 may 2016-cı il saat 15:33-də) telefonla zəng edərək bu məsələ ilə əlaqədar fikrini bildirməsini xahiş etmişdir.
Şura üzvü Qubad İbadoğlu elekton adres vasitəsi ilə bildirmişdir ki, hüquqi şəxsə çevrilmə ilə bağlı yazılanları oxuyarkən aydın göstərir ki, bu istiqamətdə aparılmış müzakirələr məqsədli şəkildə təhrif olunur. Bu məsələdə 2 yanaşmanı bir-birindən ayırmaq lazımdır.
1-ci, ilk dəfə bu müzakirə Koalisiya Şurasının üzvləri ilə Hökumət Komissiyası sədrinin görüşü zamanı aparılıb. Həmin görüş zamanı Koalisiyanın operator təşkilatının bank hesabının bağlanması səbəbindən maliyyələşmə problemini həll etmək üçün yalnız texniki funksiyaçı olacaq yeni QHT yaradıb, onu Koalisiyaya üzv daxil edib, sadəcə operator kimi istifadə etmək müzakirə olunub. O zaman Koalisiyanın qeydiyyatdan keçirilməsi məsələsi müzakirə olunmayıb və burda hansısa bir qrupun Koalisiyanı inhisara almaq istəyi ilə bağlı deyilənlər əsassızdır.
2-ci məsələ indiki yanaşma əvvəlkindən tamamilə fərqlənir. Hazırda söhbət Koalisiyanın bütövlükdə bir Alyans kimi qeydiyyatından gedir. Bu isə həm formatına, həm təsirlərinə, həm də nəticələrinə görə tamamilə başqadır. Odur ki, bu iki məsələni eyniləşdirib manipulyasiya etmək düzgün deyil. XVIII Ümumi Yığıncaqda iştirak edən 142 təşkilat qeydə alınmışdır. (XVIII Ümumi Yığıncağın Mandat Komissiyasının 2 saylı protokolu 30 aprel 2016-cı il) XVIII Ümumi Yığıncağa hazırlıq dövründə şəbəkədə Şuranın keçmiş koordinatoru Əliməmməd Nuriyev qeyd etmişdi ki, QHT-lərin Dövlət Dəstək Şurası tərəfidən Ümumi Yığıncağın keçirilməsinə 7500 (yeddi min beş yüz) manat vəsait ayrılmışdır. XVIII Ümumi Yığıncağın keçirilməsi və seçkilərin nəticələrinə təsir edən hər hansı Əsasnamə pozuntusu qeydə alınmamış Koalisiya üzvləri tərəfindən tədbirlə bağlı Monitorinq Qrupuna şikayət və müraciət daxil olmamışdır.
Əslində Koalisiyanın 34 üzvünə QHT-lər Dövlət Dəstəyi Şurası tərəfindən ayrı-ayrı layihələr konkret təyinatlara və məqsədlərə xidmət etdiyi aydın olmuşdur. Bu layihələrin maliyyələşməsi Koalisiyanın hakimiyyətin nəzarətinə keçməsi anlamına gələ bilməz. Eyni zamanda ayrılan vəsaitin ümumi yığıncaqda Koalisiya üzvlərinin mövqeyinə təsir göstərməsi ilə bağlı Monitorinq Qrupu tərəfindən hər hansı bir fakt qeydə alınmamışdır.
Şura üzvü Oktay Güləliyev tərəfindən qeyd olunur ki, "Koalisiyanın hüquqi şəxs statusu alması üçün qeydiyyat məsələsinin həll olunması ilə bağlı təklif irəli sürənlərdən biri Dövlət Neft Fondunun direktoru, MSŞT üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümovdur. Bu təklifi o, hələ Çox Tərəfli Qrup (ÇTQ) yaranan ərəfədə İşçi Qrupunun iclasında şəxsən mənim iştirak etdiyim toplantıda bildirib.
Koalisiya Şurasının üzvü Oktay Güləliyev tərəfindən 21 may 2016-cı il tarixdə Monitorinq Qrupuna yazılı şəkildə belə açıqlama vermişdir: "MSŞA QHT-lərin Koalisiyasının Ümumi Yığıncağının gecikdirilməsi ilə bağlı mənim məlum statusumda hər hansı bir fikrim yoxdur. Bu barədə ilk dəfə rəsmi açıqlamamı açıq Facebook profilimdə yazmışam. Orda fikir belə ifadə olunub, Koalisiyanın Əsasnaməsi tələb edir ki, Ümumi Yığıncaq 2015-ci ilin dekabar ayında keçirilsin. Yığıncağın vaxtı uzadılaraq QHT Şurasının elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanandan sonra keçirilməsi də bəzi suallara yol açıb. Göründüyü kimi bu fikirlərdə kiməsə qarşı hər hansı ittiham yoxdur, yalnız qənaət və düşüncə paylaşılır”.
O.Gülalıyevin Feysbuk qrupunda yazdıdğı status və irəli sürdüyü iddialar vətəndaş cəmiyyəti və ictimai fəalların könüllü birliyi kimi Koalisiyanın reputasiyasına xələl gətitir. O.Gülalıyev bu statusu yazmaqla Koalisiya üzvü, Koalisiya Şurası üzvü kimi məsuliyyətini, bu statusdan irəli gələn etik məhdudiyyətləri nəzərə almamışdır. Çünki, onun tərəfindən siyasi partiyaları, ictimai fəalları birləşdirən Milli Şuranın Feysbuk qrupunda yazılanlar Koalisiyanın siyasi qüvvələrin təsiri altına düşməsi ilə bağlı fikirlərin səslənməsinə, müzakirələrə, Koalisiyanın XVIII Ümumi Yığıncağında Koalisiya Şurasına üzvlərin siyasi qüvvələrin iradəsi ilə seçilməsi iddialarının səslənməsinə yol açmışdır. Koalisiya üzvlərinin bəzilərinin seçilməsinin Ümumi Yığıncaq iştirakçılarının sərbəst iradəsinin ifadəsinin nəticəsi kimi deyil, əvvəlcədən planlaşdırılmış ssenariyə uyğun olaraq seçilmələrinə icazə verilməsi ilə bağlı rəylərin formalaşmasına səbəb olmuşdur.
Araşdırma vaxtı müəyyən olundu ki, XVIII Ümumi Yığıncağın gecikdirilməsi, qərəzli və məqsədli şəkildə olmayıb. Ümumi Yığıncaqın bir neçə ay sonra keçirilməsində Koalisiyanın Əsasnaməsinin heç bir bəndləri pozulmayıb. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə də Ümumi Yığıncaqların keçirilməsində gecikdirmələr baş vermişdir. Monitorinq Qrupu hesab edir ki, Koalisiya Şurasının üzvü Oktay Güləliyevin iddiları sübutlara söykəmədiyindən üçün əssasız hesab olunmalıdır.
XVIII Ümumi Yığıncaqda iştirak edən 142 təşkilat qeydə alınmışdır. (XVIII Ümumi Yığıncağın Mandat Komissiyasının 2 saylı protokolu 30 aprel 2016-cı il) XVIII Ümumi Yığıncağa hazırlıq dövründə şəbəkədə Şuranın keçmiş koordinatoru Əliməmməd Nuriyev qeyd etmişdi ki, QHT-lərin Dövlət Dəstək Şurası tərəfidən Kolalisiyanın müraciəti əsasında Ümumi Yığıncağın keçirilməsinə 7500 (yeddi min beş yüz) manat vəsait ayrılmışdır. XVIII Ümumi Yığıncağın keçirilməsi və seçkilərin nəticələrinə təsir edən hər hansı Əsasnamə pozuntusu qeydə alınmamış Koalisiya üzvləri tərəfindən tədbirlə bağlı Monitorinq Qrupuna şikayət və müraciət daxil olmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Əsasnaməsinin 4.6.4-cü,4.11-ci, 5.19.1-ci və 5.19.4-ci yarımbəndlərinə və Monitorinq Qrupunun Əsasnaməsinin 3.3-cü, 3.6-cı, 4.9-cu, 6.2-ci və 6.3-cü bəndlərinə əsasən qərara alındı:
1. Koalisiyanın hüquqi şəxs statusuna malik olmasının onun hakimiyyətin təsiri altına düşməsi iddiası heç bir hüquqi əsas və dəlillərə söykənmədiyindən əsassız hesab edilir. Koalisiyanın XVIII Ümumi Yığıncağında onun hüquqi şəxsə çevrilməsi ilə bağlı qərarı əsasında Koalisiya Şurasının bu məsələ ilə əlaqədar olaraq mümkün hüquqi həll yolları ilə bağlı müzakirələri davam etdirməsi və konkret təkliflərlə çıxış etməsi tövsiyə olunur. Eyni zamanda Koalisiyasının QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Koalisiyanın 34-ə yaxın təşkilatına qrant layihəsinin verilməsinin onların ələ alınması kimi qiymətləndirilməsi heç bir fakta və digər dəlilə söykənmədiyindən əsassız hesab edilir;
2. Koalisiya Şurası üzvlərinin hazırkı tərkibində siyasi qrupların nümayəndələrinin təmsil olunduğunu nəzərə alaraq, gələcəkdə də bu halın istisna olunmadığını diqqətə alaraq, Koalisiyanın müstəqilliyinin təminatlarının gücləndirilməsi məqsədilə Koalisiyanın siyasi qüvvələrdən və hökumətdən, eləcə də, hasilat sənayesi şirkətlərindən eyni məsafədə dayanmasını təmin edən Qaydaların hazırlanıb qəbul olunması tövsiyə edilir;
3. Koalisiya Şurasının üzvü Oktay Güləliyevin 30 aprel 2016-cı il tarixdə siyasi partiyaları, ictimai fəlları birləşdirən Milli Şuranın Feysbuk qrupunda yazdığı statusda irəli sürdüyü iddialar heç bir sübutla təsdiqlənmədiyindən əsassız hesab edilir. Onun Koalisiyada ötən hesabat döründə hakimiyyətin müqavimətə, anti-təbliqata, başqa sözlə desək Koalisiya üzvlərinin ələ alınmasına (korrupsiyaya) 400 000 manat ayırması, hakimiyyətin Koalisiya Şurasının tərkibi də daxil olmaqla, ümumilikdə Koalisiyanın nəzarət altına almağa cəhd etməsi, lakin Koalisiyanın bir qrup üzvü tərəfindən buna imkan verilməməsi və əvəzində həmin qrupun səyləri hesabına Koalisiyanın indiki seçkili orqanlarının müəyyən müxalif siyasi qüvvələrin təsiri altına düşməsi kimi iddiaları onun öz fikrini ifadə etmə azadlığı kimi qiymədləndirilə bilməz və bu, Koalisiyanın əvvəlki Şura üzvlərinə və Koordinatoruna qarşı heç bir hüquqi və mənvi əsası olmayan qərəzli münasibəti kimi qiymətləndirilməlidir;
4. Oktay Güləliyevin hərəkətləri Koalisiyanın Əsasnaməsinin 4.9.-cu (Koalisiya üzvü yalnız Şura tərəfindən səlahiyyət verildiyi halda Koalisiyanın adından çıxış edə, bəyanatlar verə bilər), 4.10.-cu (Koalisiya üzvü bu Əsasnaməni rəhbər tutmalı, Koalisiya üzvlərinin Etik- Davranış Kodeksinə əməl etməli və Koalisiyanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir) bəndlərinin, Koalisiya Şurası haqqında Əsasnamənin 5-ci bəndinin (Şura üzvünün Şuranın adından bəyanat vеrməк hüququ yoхdur.), Koalisiya Üzvünün Etik Kodeksinin 4-cü (Kоаlisiyа Əsаsnаməsinə riаyət еtməlidir) və 6-cı (Kоаlisiyа üzvlüyünü və əldə оlunаn məlumаtlаrı siyаsı məqsədlər üçün istifаdə еtməməli) abzaslarının pozulması kimi qiymətləndirilir.
5. Koalisiyanın bütün üzvlərinə tövsiyyə olunur ki, Koalisiyanın Əsasnaməsinin və digər sənədlərinin tələblərini daim gözləsinlər, öz açıqlamalarında və fikirlərində diqqətli olsunlar. Koalisiya daxilində hər hansı gərginlik yaradan, münasibətlərə xələl gətirən açıqlamalara yol verməsinlər.
6. Monitorinq Qrupu Koalisiyanın bütövlüyünün qorunub saxlanması məqsədlərindən çıxış edərək Koalisiya Şurasına yol verdiyi pozuntulara görə Oktay Güləliyevə xəbərdarlıq edilməklə onun Koalisiya Şurasının əvvəlki üzvlərindən və Koalisiya üzvlərindən üzr istəməsi tövsiyə edilir.
7. Qərar Koalisiyanın şəbəkəsində yerləşdirildiyi gündən qüvvəyə minir.
8. Monitorinq Qrupunun rəyi və qərarı Koalisiya Şurasına təqdim edilsin.
Monitorinq Qrupunun sədri: Çingiz Dadaşov
MonitorinqQrupunun katibi: Lətafət Məlikova