Naxçıvanda yeni yaradılan şirkətlər qrupunun sahibi kimdir? – “HİMAL”ı onlar əvəzlədi
17-10-2023, 11:30
Naxçıvanda Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alan “APF” kimə məxsusdur?
Naxçıvanda yeni şirkətlər qrupu yaradılıb.
Teref.az bildirir ki, TNS-in əldə etdiyi məlumata görə, “APF” şirkətlər qrupu əvvəllər Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alıb.
Şirkət hazırda üç istiqamət üzrə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı və qida sektorları.
APF qida sektorunda çörək, süd və süd məhsulları istehsal edir. Bu müəssisə 2005-ci ildə “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Müəssisə artıq “APF Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir.
Şirkətlər qrupunun daha bir müəssisəsi “APF Agro”dur. Babək rayonunun Nehrəm kəndinə 12 km məsafədə yerləşən münbit torpaqlarda üzüm və alma bağları salınıb. Əvvəllər bu müəssisə də “Gəmiqaya Holdinq”in tərkibində idi.
Yuxarıda qeyd etdiyimiz kimi, “APF” şirkətlər qrupu tikinti sektorunda da fəaliyyət göstərəcək. Qrupa daxil olan “APF inşaat” Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in inşasına tezliklə start veriləcək. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-11 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək.
Göründüyü kimi, “APF” şirkətlər qrupuna Naxçıvanda yaşıl işıq yandırlıb və geniş imkanlar yaradılıb. Maraqlıdır ki, şirkətlər qrupu cəmi bir ay bundan əvvəl yaradılıb. Yəni, APF hansısa köklü şirkət deyil.
Bəs şirkətin sahibi və ya sahibləri kimdir?
Şirkət təmsilçisi TNS-in əməkdaşının bu sualını cavablandırmaqdan imtina edib. Görəsən, şirkətin sahibini niyə gizli saxlayırlar?
“APF-nin açıqlaması nə deməkdir?” sualımız da cavabsız qalıb.
Əldə etdiyimiz məlumata görə, “APF” şirkətlər qrupunun adı üç şəxsin adının baş hərflərindən götürülüb: Anar, Pərvin, Fuad. Bu şəxslərin kimiliyini dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə şirkətin sahibləri və fəaliyyət istiqamətləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir. Naxçıvan ictimaiyyəti bunu bilməlidir. Çünki muxtar respublikada ən iri layihələr bu şirkətə verilir. Yəni, şirkətin sahibi sıradan biri deyil.
Qeyd edək ki, APF-nin aldığı deyilən müəssisləri və əmlakları bir neçə ay bundan əvvəl yenə yeni yaradılmış “HİMAL” Holdinqin alacağı bildirilirdi. Sonra hansısa müəmmalı səbəbdən holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşındı.