Bakıda da DƏRMAN MAFİYASI iş başındadır... - YOXSA BU NƏDİ BELƏ?

18-10-2023, 17:02           
Bakıda da DƏRMAN MAFİYASI iş başındadır... -
Boy qısalığının müalicəsi üçün istifadə olunan “Norditropin” preparatı artıq bir neçə aydır ki, uşaqlara verilmir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il yaydığı məlumatda qeyd edilir ki, Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur.

Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. O da qeyd edilmişdi ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.

TƏBİB “səbr edin” deyir
“Mənim övladımda Turner sindromu var. 11 yaşı olsa da, boyu 6-7 yaşdakı uşağın boyudur. Bu ilin may ayında müayinələrdən keçdi, belə bir diaqnoz qoyuldu. İki ay “Norditropin” dərmanını bizə pulsuz verdilər. Ayda üç dəfə alırdıq. Artıq iki aydır ki, bu dərman verilmir.

İcbari Tibb Sığortaya zəng etdik, dedilər, yeni bir şirkətlə müqavilə bağlayacağıq, ondan sonra dərmanlar veriləcək sizə. Amma bunun hansı müddətə qədər davam edəcəyini söyləmədilər”, – bunu Meydan TV-yə adının çəkilməsini istəməyən Bakı sakini deyir.

Sosial şəbəkələrdə də “Norditropin” preparatının vətəndaşlara verilmədiyi haqda fikirlər qeyd edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşlara dərmanı pulsuz verməlidir. Amma bu ilin sentyabr ayından qeydiyyatdan keçən uşaqlara bu preparat verilməyib.

TƏBİB-dən mətbuata hazırda problemin olduğunu təsdiqləyiblər. O da deyilib ki, məsələnin yoluna qoyulması üçün iş aparılır.

“Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb. Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub” – TƏBİB-in məlumatında qeyd edilir.

“Zamanında tədbir görülməli idi, çünki məlumatlıydılar”
Həkim-radioloq Aydın Əliyev TƏBİB-in dedikləri ilə razılaşmır. Onun fikrincə, istehsalçı şirkət problemlə bağlı öncədən məlumat verir:

“TƏBİB-in açıqlamasını oxudum, qənaətbəxş deyil. Deyirlər ki, istehsalçı şirkətin xammal məhdudluğu var. Halbuki Avropa ölkələrinə və Amerikaya bu preparatdan verilir. Üstəlik, bu cür firmalar böyük dərman istehsalçısı olan şirkətlərdir. Onlar öncədən əməkdaşlıq etdiyi ölkələrə məlumat verirlər ki, məsələn, filan tarixdən etibarən biz sizi dərmanla təmin edə bilməyəcəyik. Yəni, dedikləri doğrudursa belə, yenə də bu işə məsul olan TƏBİB-in yetkililəri preparat olmayacağı barədə öncədən məlumatlıydılar. Lakin təəssüflər olsun ki, vaxtında tədbirlər görülməyib. Hazırda bir çox ölkədə bu preparat istehsal edilir. Aidiyyəti qurumlar zamanında bu dərmandan yararlanan uşaqların preparatla təmin edilməsiylə bağlı tədbir görməliydilər”.

Aydın Əliyev deyir ki, TƏBİB-in verdiyi “Norditropin” preparatın ticari adıdır:

“Tərkibində təsiredici molekul isə hormonal preparat olan somatotrop hormonudur. Ölkədə dövlət proqramı var ki, boyu qısa, eləcə də somatotrop hormonun inyeksiyasına ehtiyacı olan uşaqlar qeydiyyata alınaraq təmin edilməlidir. Xeyli müddətdir ki, bu preparatla uşaqlar qismən təmin edilirdi. Məndə olan məlumata görə, endrikolonoqların təyin etdiyi dozaya görə miqdar verilmirdi. Amma yenə də bu dərmanı ala bilməyən ailələr müəyyən qədər yükdən azad olunurdu. İndi isə tamam kəsiblər. Deyilənə görə, bəzi kəsim bu preparatı əldə edir, amma onlara hansı kriteriyalar şamil olunur, o bilinmir”.

“Fasilə vermək olmaz”
“Norditropin” preparatını mənzil qərargahı Danimarkada yerləşən “Novo Nordisk” şirkəti istehsal edir. Apteklərdə bu dərmanın bir qutusunun qiyməti 206 manatdır. Adının hallanmasını istəməyən şikayətçilər deyir ki, ayda bir neçə dəfə bu dərmandan almaq onların imkanları xaricindədir. İndi övladı hormonal problem yaşayan valideynlər tezliklə TƏBİB-dən məsələnin həll edilməsini gözləyir. Çünki bu dərmanlar fasiləli şəkildə qəbul edilə bilməz. Aydın Əliyev də deyir ki, bu cür preparatların fasilələrlə orqanizmə daxil edilməsi düzgün deyil. Müəyyən yaş dövrünə qədər bu dərmanlar daimi qəbul edilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.