İSBAM sədri: "Amma Ulu Öndərin adından belə dələduzluq Cənab Prezidentə xəyanətdir."
20-10-2023, 09:37
Atalar yaxşı deyib ki, utanmasan oynamağa nə var ki?
Biz demək olar ki, hər gün QHT Agentliyi ilə bağlı müxtəlif QHT sədrləri, eləcə də mən konkret faktlar səsləndirir, bu qurumdakı özbaşınalığı, nəzarətsizliyi, qanunsuzluğu, korrupsiya faktlarını açıb ortaya qoyuruq.
Hər biri ilə bağlı bir nümunə göstərməyim kifayətdir:
1. Qanunsuzluq – 1 QHT-yə 2 dəfə irihəcmli qrant vermək (halbuki qaydalara görə qadağandır),
2. Korrupsiya faktları – icraçı direktora yaxın olan bir neçə QHT-yə yüksək məbləğli qrantın Müşahidə Şurasının qərarı olmadan ayrılması (məndə dəqiq fakt var, hətta PA-nın xəbəri də yoxdur). Neçə dəfə səsləndirsəm də bir nəfər PA-dan gəlib soruşmur ki, ver o faktı baxaq. Hətta müqavilələri belə həmin QHT-lərdən əldən etmişəm,
3. Siyasi dələduzluq – Şuşada guya “Heydər Əliyevin Şuşa sevgisi” tədbirinin keçirildiyinə dair rəsmi sənədlər olduğu halda, İqtisadiyyat Nazirliyini aldadaraq həmin vəsaitin mənimsənilməsi. Bunu başqa adla mənimsəsəydiniz bəlkə susmaq olardı ki, ehtiyacınız var. Amma Ulu Öndərin adından belə dələduzluq Cənab Prezidentə xəyanətdir. Bu məsələni Cənab Prezidentdən gizlətsələr də bir vicdanlı adam tapılacaq ki, bu barədə məlumatı çatdırsın.
4. Nəzarətsizlik və özbaşınalıq – ofisdə suşi, pamada və krem reklamları çəkən kim, kofe falına baxan kim və s.
5. Trolluq – heç olmasa özünüzü müdafiə etməyə elə şəxslər seçin ki, bu hakimiyyətə müxalif şəxslər olmasın. Bununla bağlı da faktlar kifayət qədərdi. Sadəcə sizə nəzarət edən olsaydı, çoxdan yola salardılar.
Bu gün Aygün Əliyeva ciddi şəkildə qorunur, onunla bağlı neqativ heç bir informasiyanın yuxarı ötürülməsinə imkan verilmir, hətta ölkə rəhbərliyinə Agentlikdə baş verən neqativ hallar düzgün çatdırılmır.
Kimin arxası varsa onlar həmişə qorunur, bunun artıq şərhə ehtiyacı yoxdur.
Bütün bunları təsadüfi yada salmadım. Bu qədər iradlar bildirilməsinə baxmayaraq, Agentliyin fəaliyyətində irəliləyiş yoxdur.
Qrant elanının hazırlanması və verilməsini hələ də QHT sektorunda inqilabi dəyişiklik kimi cəmiyyətə sırayırlar.
Amma QHT Agentliyi (bundan sonra Qadın Komitəsi yanında QHT Agentliyi) bir az öz Nizamnaməsinə diqqət yetirsə vətəndaş cəmiyyətinə faydalı ola bilər.
Xatırlatmaq istəyirəm ki, Agentliyin Nizamnaməsinin 2.1-ci bəndində aşağıdakı fəaliyyət istiqamətləri göstərilib:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.3. dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etmək;
2.1.4. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri layihələrin mövzularını qiymətləndirmək və onlara dair rəy vermək;
2.1.5. qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etmək;
2.1.6. qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
2.1.7. dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan qeyri-hökumət təşkilatları tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
2.1.8. qeyri-hökumət təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, maliyyə yardımı göstərmək.
Qrant vermək, məlumatlandırma sessiyası keçirməkdən başqa nə iş görülür?
Bir QHT-nin özəl sektordan maliyyə alması üçün hansı işləri görmüsüz? Rəhbərliyə həmin yerdə boş hesabat verirsiniz?
QHT-lərin beynəlxalq əlaqələrini inkişaf etdirmək məsələ isə lap gülməlidir. Bunlar hələ öz əlaqələrini qura bilmir, o da qalsın QHT-lərin beynəlxalq əlaqələrini.
Heç olmasa Türkiyədən, Qazaxıstandan, ən pis halda Özbəkistandan ekspertlər dəvət edin sizə beynəlxalq əlaqələr qurmaqda, QHT-lərə necə dövlət dəstəyi həyata keçirməkdə təcrübə öyrətsinlər.
Çox məsələyə toxunmaq olar, amma bunları dedikcə kimlərsə prinsipə düşüb sizi daha çox öz çətirinin altına alır.
Samir Adigozəlli
Teref.az